Sumqayıt Apelyasiya Məhkəməsində oğurluq etməkdə təqsirli bilinən Qusar rayon sakinləri – 1970-ci il təvəllüdlü Əliverdi Hacıverdiyev, onun oğlu, 1996-cı il təvəllüdlü Elşad Hacıverdiyev, 1996-cı il təvəllüdlü Ayaz Sərkərov və azyaşlı Fariz Qırxlarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Əliverdi Hacıverdiyev oğlu Elşadı və oğlunun dostu Ayazı öz cinayətkar əməllərinə cəlb edib. Onlar 2015-ci ilin may ayının əvvəllərində “Şahdağ” Qış-Yay Turizm Kompleksinin ərazisindəki süni qar hazırlayan generatorların torpaq altındakı mis kabelləri oğurlayıblar. Bununla da o, kompleksə 112 manat ziyan vurub.
Bundan başqa, Əliverdi Hacıverdiyev may ayının ortalarında “Şahdağ” Qış-Yay Turizm Kompleksinin ərazisindən 84 manat dəyərində mis kabelləri kəsərək aparıb.
Elşad Hacıverdiyev həmkəndlisi və dostu Ayaz Sərkərov ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib. Onlar 3 iyun 2015-ci il tarixdə, saat 23 radələrində “Şahdağ” Qış-Yay Turizm Kompleksinin ərazisindəki süni qar hazırlayan generatorların torpaq altındakı mis materialdan ibarət elektrik kabellərini oğurlayıblar. Onlar turizm kompleksinə 252 manat maddi ziyan vurublar.
Dəstə üzvləri bu oğurluq əməllərini may və iyul ayları ərzində dəfələrlə törədiblər. Azyaşlı olan Fariz Qırxlarovu da cinayət əməllərinə cəlb ediblər. Dəstə üzvləri avqustun 9-da ələ keçiblər. Bu əməlləri ilə onlar turizm kompleksinə külli miqdarda ziyan vurublar.
Qusar rayon Məhkəməsinin hökmü ilə Əliverdi Hacıverdiyev 3 il 8 ay, Elşad Hacıverdiyev 3 il 8 ay, Ayaz Sərkərov 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Məhkəmə həbsdə olan Əliverdi Hacıverdiyevin 2 min manat, Elşad Hacıverdiyevin 3 min manat Ayaz Sərkərovun isə 3 min 500 manat cərimə olunması ilə bağlı da cəza təyin edib. Məhkəmə Fariz Qırxlarovun azyaşlı olması ilə bağlı həbs cəzası təyin etməsə də, ona 600 manat miqdarında pul cəzası təyin edib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar cəzalarının yüngülləşdirilməsini istəyiblər. Prokurorluqda apelyasiya protesti verib. Prokurorluq apelyasiya protestində göstərib ki, Əliverdi Hacıverdiyev və Elşad Hacıverdiyev vurduqları ziyanları könüllü olaraq ödəyiblər. Prokurorluqda hər iki təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsini istəyib.
Tərəflərin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Tərəflərin şikayəti hakim Nazim Mövsümovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətinin və apelyasiya protestinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, prokurorluğun protesti əsasında Əliverdi Hacıverdiyev və Elşad Hacıverdiyevə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Onlar şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıblar. Hökm qalan hissədə dəyişdirilməyib.
Hacı Zeynalov