Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov ximdəti avtomobili ilə yol hərəkəti qaydalarını pozması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Publika.az-a açıqlama verən V.Əsədov bildirib ki, törətdiyi pozuntuya görə cəriməni ödəyib: “Kiçik bir xəta törətmişəm, bunun da cəriməsini ödəmişəm. Bununla da göstərdim ki, kimliyindən asılı olmayaraq qaydanı pozan hər kəs cəriməni ödəməlidir. Qanun qarşısında hər bir hərəkət iştirakçısı bərabərdir”.
Qeyd edək ki, sosial şəbəkələrdə polis polkovniki Vaqif Əsədov ximdəti avtomobili ilə yol hərəkəti qaydalarını pozub.
Onun yol hərəkəti qaydasını pozduğu ilə bağlı foto sosial şəbəkələrdə paylaşılıb. Belə ki, V. Əsədov 99 YP 333 dövlət nömrə nişanlı xidməti avtomobilini piyada keçidinin üzərində park edib. DYP-ə məxsus avtomobilin yol hərəkəti qaydalarını pozması isə şəbəkə istifadəçilərinin etirazına səbəb olub.
Məlumat üçün bildirək ki, durma qaydalarının pozulması zamanı sürücü avtomobildə yoxdursa, evakuasiya olunmalı, 20 manat cərimə edilməlidir. Sürücü avtomobildədirsə yalnız 20 manat cərimə edilməlidir.