7 İyul 2014 18:36
1 064

Xarici İşlər Nazirliyində Azərbaycan diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi keçirilib.

Teleqraf.com xəbər verir ki, prezident İlham Əliyev müşavirədə iştirak edib.

Müşavirəni açan xarici işlər naziri Elmar Məmmədyarov ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün də davam və inkişaf etdirilən uğurlu xarici siyasət strategiyasının Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artması, dövlətimizin etibarlı tərəfdaş kimi tanınması, beynəlxalq təşkilatların fəal üzvü, habelə region və bütünlükdə beynəlxalq ictimaiyyət üçün əhəmiyyətli tədbir və layihələrin təşəbbüskarı olması ilə nəticələndiyini bildirib.

57 ölkədə səfirliyimiz, 9 baş konsulluğumuz var

Nazir diplomatik xidmət orqanları rəhbərlərinin son müşavirəsindən keçən müddətdə Xarici İşlər Nazirliyi sisteminin fəaliyyəti barədə məlumat verib. Diqqətə çatdırıb ki, hazırda Azərbaycanın xarici ölkələrdə 57 səfirliyi, 5 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi, 9 baş konsulluğu, 7 təmsilçilik ofisi və 7 fəxri konsulluğu fəaliyyət göstərir. Respublikamızda isə 58 dövlətin səfirliyi, 4 baş konsulluq, 10 fəxri konsulluq və 20 beynəlxalq təşkilatın nümayəndəliyi mövcuddur. Xarici işlər naziri vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətin prioritet məsələsi olaraq qalmaqdadır. Nazir əminliklə bildirib ki, dövlətimizin milli maraqlarının təmin olunması məqsədini güdən xarici siyasət kursunun həyata keçirilməsi ilə əlaqədar verilən tapşırıqların icrasının layiqincə təmin edilməsi üçün diplomatik xidmət orqanlarının əməkdaşları səy və bacarıqlarını əsirgəməyəcəklər.

Prezident İlham Əliyev müşavirədə nitq söyləyib.

Azərbaycanın xarici siyasəti prinsipiallığı ilə seçilir

Dövlət başçısı Azərbaycanın xarici siyasətinin öz prinsipiallığı və müstəqilliyi ilə seçildiyini deyib. Bildirib ki, ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə xarici arenada öz sözümüzü deməyə, maraqlarımızı müdafiə etməyə imkanlar açıb. Prezident bu siyasətin beynəlxalq birlik tərəfindən də təqdirlə qarşılandığını, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayının artığını, Azərbaycanın özünü dünyada etibarlı dost və tərəfdaş kimi təsdiq etdiyini vurğulayıb. Gənc müstəqil dövlət üçün BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimizi tarixi hadisə adlandıran dövlət başçısı bildirib ki, bu, ölkəmizin qısa müddətdə nə qədər böyük yol keçdiyini göstərib. Azərbaycan iki il ərzində bu nüfuzlu təşkilatda beynəlxalq hüququ və ədaləti müdafiə edib və bundan sonra da hər zaman müdafiə edəcək. Beynəlxalq imicimizin çox müsbət olduğunu qeyd edən prezident İlham Əliyev diplomatik orqanların uğurlu fəaliyyətinin bu amildə rolunu qeyd edib.

Əsas məsələ Qarabağ münaqişəsinin həllidir

Xarici siyasətlə bağlı əsas məsələnin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli olduğunu bildirən prezident İlham Əliyev təəssüflə qeyd edib ki, bu istiqamətdə nəticələr yoxdur. Dövlət başçısı Azərbaycanın məsələni dinc yolla həll etmək istəyini bildirib və qeyd edib ki, bununla yanaşı, Ermənistanın qeyri-konstruktiv mövqeyi, eləcə də beynəlxalq hüququn işləməməsi və güc amilinin əsas rol oynaması məsələnin hərbi yolla həllini istisna etmir. Azərbaycan prezidenti bu səbəbdən də ordu quruculuğu ilə bağlı aparılan ardıcıl siyasətin düzgün olduğunu vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, diplomatların fəaliyyəti ilk növbədə Qarabağla, o cümlədən İrəvan xanlığı ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasına istiqamətlənməlidir. Prezident İlham Əliyev bir daha vurğulayıb ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranması qətiyyən mümkün deyil və Azərbaycan buna heç vaxt imkan verməyəcək.

Xarici siyasətlə bağlı əsas istiqamətlərdən danışarkən prezident İlham Əliyev Ermənistan istisna olmaqla, qonşu ölkələrlə münasibətlərin sağlam, bərabərhüquqlu münasibətlər və möhkəm zəmin üzərində qurulduğunu, həmin ölkələrlə əlaqələrin ikitərəfli və çoxtərəfli formatlarda təmin edildiyini deyib. Daim axtarışda olub yeni əməkdaşlıq formaları barədə fikirləşməyin vacibliyini qeyd edən prezident İlham Əliyev müsəlman ölkələri ilə əlaqələrdən danışıb və qeyd edib ki, Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsinə öz töhfəsini verir.

Asiya ölkələri ilə əməkdaşlıq güclənib

Avropa ölkələrinin ənənəvi tərəfdaşlarımız olduğunu diqqətə çatdıran prezident İlham Əliyev ikitərəfli əlaqələrin inkişafı üçün gözəl imkanların olduğunu söyləyib, Asiya dövlətləri ilə də əməkdaşlığın son illərdə sürətlə inkişaf etdiyini bildirib.

Diaspor təşkilatları səfirliklərlə birgə işləməlidirlər

Dövlət başçısı beynəlxalq təşkilatlarla əməkdaşlıqdan da danışıb, diaspor təşkilatları ilə səfirliklərimizin birgə fəaliyyətinin önəmini qeyd edib. Prezident İlham Əliyev, həmçinin enerji diplomatiyasındakı uğurlara diqqəti cəlb edib, bu imkanların xarici siyasətimizə müsbət təsir göstərdiyini deyib. Bildirib ki, ölkəmizin bütün istiqamətlərdə düşünülmüş konseptual yanaşmaya söykənən siyasəti var və uğurlarımız buna əsaslanır.

Azərbaycan prezidenti diplomatlara fəaliyyətlərində yeni uğurlar arzulayıb. Sonda xatirə şəkli çəkdirilib.

Səxavət HƏMİD


Müəllif:
Загрузка...