6 Noyabr 2014 10:51
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elmar Məmmədyarov: “Ermənistan işğal olunmuş torpaqlardan çıxacaq"

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə naziri Devid Lidinqton noyabrın 4-də Azərbaycana səfərə gəlib.

D.Lidinqton dünən xarici işlər naziri Elmar Məmmədyarovla əvvəlcə ikitərəfli görüş keçirib. Daha sonra nazirlər nümayəndə heyətlərinin iştirakı ilə bir araya gəliblər. Çoxtərəfli görüş başa çatdıqdan sonra E.Məmmədyarov və D.Lidinqtonun birgə mətbuat konfransı keçirilib.

Elmar Məmmədyarov bildirib ki, geniştərkibli görüşdə ilk növbədə regiondakı vəziyyət müzakirə olunub: “Bildiyiniz kimi, bu yaxınlarda cənab Lidinqton Yerevanda səfərdə olub. Mən cənab Lidinqtona bu yaxınlarda keçirilmiş Paris görüşü barədə məlumat verdim. Bildirdim ki, münaqişənin həll olunması regionda gedən inkişafa daha böyük imkanlar açacaq. Bir daha demək istəyirəm ki, əgər biz doğrudan da, sülhə nail olmaq istəyiriksə, ilk növbədə Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Bu böhran 20 ildən artıqdır davam edir”.

Devid Lidinqton isə Azərbaycana səfəri çərçivəsində qaçqın və məcburi köçkünlərlə görüşdüyünü bildirib: “Bu münaqişə nəticəsində itkilər, ölümlər gördük. Bütün bunlar qəbulolunmazdır. Münaqişə Avropanın bu hissəsində sabitliyi pozan əsas hadisələrdən biridir”.

Britaniyalı nazir ölkəsinin Dağlıq Qarabağ münaqişəsini məqsədli şəkildə müzakirə etdiklərini vurğulayıb: “Biz Britaniya olaraq Minsk qrupu ilə birgə hansı tədbirlər görə biləcəyimizi, hansı töhfəni verə biləcəyimizi nəzərdən keçirdik. Biz Londonda oturaraq sizə tövsiyələr verə bilmərik. Biz bu münaqişənin həllinin tapılmasını istərdik. Digər tərəfdən Azərbaycan və Ermənistan tərəfi rəsmi və qeyri-rəsmi səviyyədə bir-birləri ilə daha çox təmasda olmalıdırlar”.

D.Lidinqton Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxaq təcrübədən yararlanmağın da prioritet məsələ olduğunu deyib: “Bəlkə də bu münaqişə ATƏT-in Madrid, yaxud Helsinki zirvə görüşlərində həll oluna bilərdi. Düşünürəm bu iş nə qədər tez həll olunsa, bir o qədər yaxşı olar. Bizim münaqişələrlə bağlı İrlandiya kimi təcrübəmiz var”.

E.Məmmədyarov isə Dağlıq Qarabağ münaqişəsinin İrlandiya münaqişəsi qədər uzanacağına inanmadığı bildirib. Nazir daha sonra deyib: “Ümumiyyətlə, artıq prinsiplər müəyyənləşdirilib. Fransa prezidenti tərəfindən də Paris görüşündə böyük sülh sazişi üzərində işə başlamağın vacibliyinə dair fikir səslənib. Azərbaycanın mövqeyi birmənalıdır. Gec-tez məsələsi var. Ermənistan öz qoşunlarını işğal olunmuş torpaqlardan çıxaracaq. Azərbaycan tərəfi böyük sülh sazişi üzərində işə başlamağa razıdır və hazırdır. Prinsiplər siyasi, saziş isə hüquqi sənəddir. Saziş ratifikasiyadan keçməlidir. Ona görə də biz gərək böyük sülh sazişi üzərində işə başlayaq. Artıq hamıya bəllidir ki, Ermənistan öz qoşunlarını işğal olunmuş torpaqlardan çıxarmalıdır. Ayrı cür ola bilməz. Çünki ayrı cür sülh gələ bilməz. Gərək, bütün hərbçilər, bütün qoşunlar öz kazarmalarına qayıtsınlar”.

“Münaqişənin həllinin sürətlənməsinə kömək etməyə hazırıq”

Daha sonra jurnalistlərin sualları cavablandırılıb. D.Lidinqton deyib ki, Dağlıq Qarabağda baş verənlər faciədir: “Bu faciə çox insanın həyatına təsir edib. Hesab edirəm ki, bu münaqişə tezliklə həll olunmalıdır. Qarabağ böhranı iyirmi ildir ki, bölgənin inkişafını ləngidir. Mən məcburi köçkünlərlə də görüşmüşəm və başa düşürəm ki, onlar öz evlərinə qayıtmaq istəyirlər”.

D.Lidintqon bildirib ki, Böyük Britaniya münaqişənin həllinin sürətlənməsi üçün kömək etməyə hazırdır: “Lakin biz danışıqlar prosesinə müdaxilə edə bilmərik. Sadəcə, tövsiyə və təkliflə çıxış etməyimiz mümkündür. Düşünürük ki, tərəflər ortaq detallar barədə danışıb, razılığa gəlməlidir”.

“Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına çox təəssüf edirik”

D.Lidinqton Ermənistanın Avrasiya İqtisadi Birliyinin üzvü olduğu halda Avropa Birliyindən yardım alıb-almayacağına dair sualı da cavablandırıb. O qeyd edib ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulmasına təəssüflənir: “Ermənistanın Avropa Birliyinin sazişlərinə yox deyib, Avrasiya İqtisadi İttifaqına qoşulmasına çox təəssüf edirik. Bununla belə, bu, Ermənistanın öz qərarıdır. Avropa Birliyi tərəfindən ayrılan vəsaitlər artıq Ermənistana verilməyəcək”.

“AB-də daha geniş iqtisadi perspektivlər görsək, üzvlükdə qala bilərik”

Nazir, həmçinin deyib ki, Böyük Britaniya Avropa Birliyində daha geniş iqtisadi perpsektivlər görəcəyi halda, bu ittiffaqdakı üzvlüyünü davam etdirmək niyyətindədir. O bildirib ki, Böyük Britaniyanın Avropa Birliyindən çıxacağı barədə indidən fikir bildirmək tezdir: “Biz Avropa Birliyinə böyük əhəmiyyət veririk. Böyük Britaniya vətəndaşları üçün baş nazir Devid Kemeronun Brüsseldən hansı islahatlar paketi ilə qayıdacağı maraqlıdır. Ümid edirəm ki, bu istiqamətdə müsbət nəticə əldə edə biləcəyik”.

“Biz hələ də həmsədrlərdən cavab gözləyirik”

“Azərbaycan prezidenti həmsədrlərlə Bakı görüşündə Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılması ilə bağlı məsələ qaldırıb”.

Bunu isə azərbaycanlı girovlarla bağlı sualı cavablandırıan E.Məmmədyarov deyib. Onun sözlərinə görə, Parisdə rusiyalı həmsədrlə də bu məsələ barədə danışıb: “O mənə söz verdi ki, Ermənistan qarşısında bu haqda məsələ qaldıracaq. Biz hələ də onlardan cavab gözləyirik. Girovlar qaytarılmalıdır. Minsk qrupu bu məsələdə səylərini əsirgəməməlidir və inanıram ki, həmsədrlər bununla məşğul olurlar”.

D.Əsgərov və Ş.Quliyevin üzərində qurulan qanunsuz məhkəmə ilə bağlı suala isə nazir qısa cavab verib: “Bu məhkəmə qanunsuzdur. Ona görə artıq şərhə ehtiyac yoxdur”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər