12 Dekabr 2014 15:00
2 643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günüdür.

Ulu Öndər Heydər Əliyev 11 il bundan öncə - 2003-cü ilin dekabrın 12-də ABŞ-ın Klivlend Klinikasında vəfat edib. Dekabrın 14-də mərhumun cənazəsi vətənə gətirilərək, Fəxri Xiyabanda torpağa verildi. Dəfn mərasimini yüz minlərlə insan müşayiət etdi və həmin gün ümumxalq matəminə çevrildi. Dəfn mərasimindən keçən ilk günlər ərzində ölkəmizdə və xaricdə yaşayan milyonlarla insan ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, onun şəxsiyyətinə olan xalq sevgisini və hörmətini bariz şəkildə nümayiş etdirdilər. Ümummilli liderin parlaq xatirəsi xalqımızın yaddaşına əbədi həkk olunub və tariximizdə heç vaxt silinməyən izlər qoyub.

Heydər Əliyevin ömür yolu

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkanı verməyib.

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı olub.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.

1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan prezidenti seçildi. 2003-cü ilin oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.

Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülüb. O, dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını alıb, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunub.

Azərbaycan real təhlükələrlə üzləşdiyi dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıdaraq ölkəni böhrandan xilas etdiyinə görə milyonlarla insanın müraciəti əsasında Azərbaycan Milli Məclisi 15 iyunu Heydər Əliyevin şərəfinə dövlət bayramı - Milli Qurtuluş günü elan edib.

Mehriban Əliyeva: “Heydər Əliyevin ömür yolu hər birimiz üçün xalqa, Vətənə xidmət etməyin rəmzinə çevrilib”

“Bu gün Azərbaycan güclü bir dövlətdir. Biz müasir tariximizin hər bir səhifəsində dahi şəxsiyyət Heydər Əliyevin silinməz izlərini görürük”.

Bu fikirləri Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva deyib.

Mehriban Əliyeva bildirib ki, müstəqilliyimizin ilk illərində ölkəmizdə hökm sürən ağır böhranın müxtəlif səbəbləri var idi. “Sanki biz işıqdan məhrum olmuşduq. Şəhərlərimizin işıqları söndüyü kimi, daxilimizdə ümid çıraqlarımız sönmüşdü. İşığı, nuru, ümidi bizə Heydər Əliyev qaytardı. O, ölkəni böyük bəlalardan xilas etdi və Azərbaycan xalqına güvənərək yeni, müasir tariximizin ilk səhifələrini yazmağa başladı. Uzaq 1993-cü ildə heç də hamı inanmırdı ki, gün gələcək və Heydər Əliyevin bütün arzuları, planları, ideyaları reallaşacaq. Bütün çətinliklərə baxmayaraq, o, Azərbaycanın neft strategiyasını uğurla reallaşdırdı və onunla da gələcək qələbələrimizin, nailiyyətlərimizin təməlini qoydu. Bu gün böyük insan Heydər Əliyevin ömür yolu hər birimiz üçün xalqa, Vətənə xidmət etməyin rəmzinə çevrilib. Bu gün onun ən sevimli kəlmələrindən birini - ”Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" kəlməsini təkrar edərək biz onun unudulmaz xatirəsi qarşısında baş əyirik" - deyə, Mehriban Əliyeva vurğulayıb.

Abel Məhərrəmov: “O, Azərbaycanın taleyini öz taleyinə çevirdi, həyatını bu xalqın, bu ölkənin yolunda şam kimi əritdi”

Bakı Dövlət Universitetinin rektoru, akademik, Milli Məclisin deputatı Abel Məhərrəmov bildirib ki, ümummilli lider Heydər Əliyev canlı məktəb, canlı klassika, tarixin canlı örnəyi idi. O qeyd edib ki, dəmir məntiqi, parlaq zəkası, iti mühakimə qabiliyyəti, fitri istedad sayılacaq fenomenal yaddaşı, möhkəm xarakteri, ən çıxılmaz vəziyyətlərdən, mürəkkəb situasiyalardan çıxmaq bacarığı onu hamıdan fərqləndirirdi: “Heydər Əliyev anadangəlmə lider, misilsiz təşkilatçı, mükəmməl və universal şəxsiyyət idi. İctimai həyatın elə aparıcı sahəsi yox idi ki, ulu öndər ona dair ən zəruri biliklərə malik olmasın. Böyük iqtisadçı kimi ölkənin sosial-iqtisadi həyatının bütün sahələri məhz onun kursu əsasında inkişaf edirdi... Hüquq nəzəriyyəçisi kimi dövlət quruculuğunun əsas yükü onun çiyinlərində idi... Usta diplomat kimi ölkəmizin dünya birliyində layiqli yer tutması onun xidmətləri idi... Böyük sərkərdə kimi müstəqil Azərbaycanın Milli Ordusunu o qurmuşdu... Milli mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin, dilimizin, dinimizin ən böyük bilicisi kimi bu dəyərlərin həm də ən böyük hamisi o idi. Bəzən təəccüblənməmək olmur: o, bütün bunları, bunca azman fəaliyyəti balaca bir insan ömrünə necə sığışdıra bilirdi? Amma bu suala cavab var. Ulu öndərimizin ”Xalqın, vətənin taleyi hər bir insanın öz taleyinə çevrilməlidir" kəlamında gizlənir bu cavab. Heydər Əliyev heç vaxt öz şəxsi həyatını yaşamadı. Azərbaycanın taleyini öz taleyinə çevirdi, həyatını bu xalqın, bu ölkənin yolunda şam kimi əritdi".
A.Məhərrəmov qeyd edib ki, bu nöqteyi-nəzərdən ulu öndər Heydər Əliyev 40 illik siyasi fəaliyyəti dövründə üzləşdiyi bütün çətinlikləri, maneələri, problemləri, hətta uğursuzluqları mətinliklə dəf edən, məğlubiyyət sözünü yaxına buraxmayan, inamlı qərarları ilə milyonlarla insanın taleyində müstəsna rol oynayan millət fədaisi, sərkərdə və lider kimi xatırlanır: “Tam cəsarətlə deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin hələ sağlığında əfsanəvi və xarizmatik şəxsiyyətə çevrilməsində onun millətinin mənafeyi naminə həyatını hər cür riskə atması, sözünü məqamında deməyi bacarması, milli ideallar uğrunda mübarizədə yüksək qətiyyət və prinsipiallıq göstərməsi kimi xarakterik xüsusiyyətləri mühüm rol oynayıb. Məhz bu bütöv və prinsipial xarakteri sayəsində Ulu Öndər harada olursa-olsun, hadisələrin fövqünə qalxıb, idarəçilik qabiliyyətini reallaşdıra bilib, lider imicini qoruyub. Xalqa layiqli rəhbərlik missiyası onun xarakterindən, dünyagörüşündən, yaradıcılıq enerjisindən, qurub-yaratmaq həvəsindən bəhrələnib”.

A.Məhərrəmov milli liderlə olan tarixi görüşündən də danışıb: “1999-cu ilin yanvarında Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinə rektor təyin edilərkən, Onun qəbulunda oldum və bu fenomen şəxsiyyətlə bir saata yaxın söhbət etdik. Bu ünsiyyət zamanı ümummilli liderin universiteti daha yaxından tanıması, burada baş verən proseslərdən ətraflı xəbərdar olması, istər-istəməz, belə bir təsəvvür yaradırdı ki, Ulu Öndərin özü də universitetdə çalışır. Fenomenal şəxsiyyət universitetlə bağlı hər bir detalı xırdalığına qədər bilirdi. Heydər Əliyev bu ali təhsil ocağının gələcək inkişafı ilə bağlı elə tövsiyələr verdi ki, bu, miqyasca bir elmi institutun görə biləcəyi işlərdən də böyük idi. Ümummilli liderin dəfələrlə qeyd etdiyi kimi, universitetin başlıca məqsədi gələcəyin vətəndaşını, yüksək səviyyəli mütəxəssisini yetişdirməkdən ibarətdir. ”Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam" - deyən Ulu Öndər Heydər Əliyev BDU-ya olan rəğbətini daim büruzə verməklə yanaşı, bu ali təhsil ocağının qarşısında bir sıra məsul vəzifələr müəyyənləşdirib.

Nizami Cəfərov: “Ulu Öndər hakimiyyətə gəldikdən sonra Azərbaycan mədəniyyətinin intibah dövrü başladı”

“Ulu Öndər Heydər Əliyevin mədəniyyət quruculuğu siyasəti Azərbaycan mədəniyyətinin tarixində xüsusi bir dövrdür”.

Bunu isə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.
N.Cəfərovun sözlərinə görə, Azərbaycan tarixində çox nadir şəxsiyyətlər, dövlət xadimləri tapmaq mümkündür ki, onların fəaliyyətini Heydər Əliyevin mədəniyyətin inkişafı sahəsindəki fəaliyyəti ilə müqayisə etmək olsun: “XI-XII əsrlərdə Azərbaycan mədəniyyətində böyük bir inkişaf baş verdi. O dövrün dövlət xadimləri mədəniyyətin inkişafına nə qədər böyük diqqət göstəriblərsə, Heydər Əliyevin də bu sahədəki fəaliyyətini elə həmin dövrlə və ya Səfəvilər dövründə Şah İsmayıl Xətainin gördüyü işlərlə müqayisə etmək olar. Yəni Heydər Əliyevin fəaliyyəti bu səviyyələrdə müqayisə edilə bilər”.

Komitə sədri qeyd edib ki, Heydər Əliyevin mədəniyyətin inkişafı sahəsində gördüyü işlər yalnız müstəqillik dövrü ilə bağlı deyil: “Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən Azərbaycan mədəniyyətinin intibah dövrü başlayıb və bunu da səciyyələndirən çoxlu sayda mədəniyyət hadisələri var. Azərbaycan ədəbiyyatına, Azərbaycan incəsənətinin müxtəlif sahələrinə, Azərbaycan dilinə çox böyük diqqət yetirilib, ciddi və davamlı təşkilatçılıq işləri görülüb. Burada bir sıra prinsipləri qeyd etmək olar. Amma bütün bunlar da Heydər Əliyevin fəaliyyətinin ümumi miqyasını əhatə etmir”.

N.Cəfərov vurğulayıb ki, hər şeydən əvvəl, Heydər Əliyevin formalaşdırdığı və müstəqillik dövründə də davam etdirilən mədəniyyət siyasətinin ən mühüm hissəsini indiyənə qədər xalqın yaratmış olduğu mədəniyyətə xüsusi qayğının göstərilməsi təşkil edir: “Yəni tarix boyu Azərbaycan xalqının yaratdığı mədəniyyətin qorunması, təbliğ olunması, klassiklərin xalqa tanıtdırılması istiqamətində müxtəlif tədbirlər və s. keçirilir. Bu çox vacibdir, çünki xalq bəzən yaratdığı mədəniyyəti unuda da bilir. Misal üçün, Dədə Qorqud eposunun yubileyinin keçirilməsini deyə bilərik. Əsrlər boyu bu nəhənglikdə əsər ya unudulub, ya da ortaya çıxandan sonra dövlət tərəfindən qadağan olunub. Amma Heydər Əliyev onu tam səviyyəsi və gücü ilə Azərbaycan xalqına qaytardı. Nizami, Füzuli, Vaqif kimi söz ustadlarının, eləcə də mədəniyyətimizin və incəsənətimizin ən müxtəlif sahələrinə aid abidələrin xalqa tanıtdırılması Heydər Əliyevin mədəniyyət siyasətinin əsasını təşkil edir”.

O, əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin mədəniyyət quruculuğu sahəsində gördüyü ikinci mühüm iş müasir dövrdə yaşayan mədəniyyət və incəsənət xadimlərinə xüsusi diqqət yetirilməsidir: “Çünki incəsənəti, mədəniyyəti, ədəbiyyatı böyük istedadlar yaradır və yaşadırlar. Heydər Əliyevin dövründə yaşayan bütün mədəniyyət xadimlərinə, istedadlara qayğı göstərilib, onlara mükafatlar verilib, yaradıcılıqlarının inkişafı üçün işlər görülüb, cəmiyyətdə nüfuzları yüksəldilib”.

N.Cəfərovun sözlərinə görə, üçüncü mühüm məsələ isə Azərbaycan mədəniyyətinin müasir şəraitdə həm inkişafı, həm dünyada tanıdılması, həm də dünya mədəniyyətinin Azərbaycanda tanıdılması idi: “Yəni bugünkü bazar münasibətləri şəraitində mədəniyyəti qorumağın prinsiplərinin hazırlanması da çox mühüm məsələdir. Çünki müasir dövr tamamilə fərqli iqtisadi münasibətlər sistemində özünün yeni prinsiplərini diqtə edir. Azərbaycan mədəniyyətinin buna uyğunlaşdırılması, müasir dünya ilə ayaqlaşa bilməsi üçün prinsiplərin işlənib həyata keçirilməsi də Heydər Əliyevin mədəniyyət quruculuğu siyasətinə məxsusdur”.

Əhliman Əmiraslanov: “Heydər Əliyevin Azərbaycan səhiyyəsinin inkişafı üçün gördüyü işlər əvəzsizdir”

Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov qeyd edib ki, hər il Azərbaycanla yanaşı bir çox ölkələrdə müasir Azərbaycanın yaradıcısı olan Heydər Əliyevin anım mərasimləri təşkil olunur: “Tarixdən də bəllidir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri var. Ulu Öndərin Azərbaycanın ərazi bütövlüyü uğrunda gördüyü işləri artıq bütün dünya etiraf edir”.

Ə.Əmiraslanov bildirib ki, Heydər Əliyevin Azərbaycanın səhiyyə sahəsinin inkişafı üçün gördüyü işlər əvəzsizdir: “Ulu Öndər daim Azərbaycan Tibb Universitetini diqqət mərkəzində saxlayıb və universitetin maddi texniki bazasının möhkəmləndirilməsində onun böyük rolu olub. Tibb Universiteti Ulu Öndərin iki dəfə olduğu yeganə ali təhsil müəssisəsidir”.

ATU-nun rektoru Ulu Öndərin Azərbaycan xalqının gələcək inkişafı üçün İlham Əliyev kimi müdrik şəxsiyyəti yetişdirməsini də qeyd edib. Vurğulayıb ki, Azərbaycan prezidenti Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kursu çox uğurla davam etdirir və bu mövqeyinə görə xalqımız həmişə onu dəstəkləyəcək: “Məhz bu uğurlar Prezident İlham Əliyevə xalqın sonsuz rəğbət və hörmətini qazandırıb. Dövlətimizin başçısının rəhbərliyi altında qazanılan nailiyyətlər bu gün də davam edir və xalqımızı xoşbəxt gələcəyə doğru aparır”.

Nurlana Əliyeva: “Heydər Əliyevin yaratdığı mənəvi dəyərlər tarixi bir reallıqdır”

YAP İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri Nurlana Əliyevanın sözlərinə görə, Heydər Əliyev şəxsiyyətindən söhbət gedərkən, bura Azərbaycanı da əlavə etmək lazım gəlir. Çünki Heydər Əliyev şəxsiyyəti Azərbaycanla bütövləşib, onun ruhu Azərbaycana, Azərbaycanın ruhu Heydər Əliyevə keçib: “Azərbaycanın milli-mənəvi dəyərlərinə Ulu Öndərin ruhən bu qədər vurğunluğunu da, görünür, elə bu bağlılıqda axtarmaq lazımdır. Heydər Əliyevin milli-mənəvi dəyərlər məsələsində irəli sürdüyü prinsiplər, bu problemin həlli ilə bağlı müəyyənləşdirdiyi xətt, atdığı addımlar bəzən əsl mahiyyəti üzrə şərh olunmur və elmi yanaşmalarda müəyyən yanlışlıqlara yol verilir. Ümummilli liderin bu sahədə xidmətlərinin, sadəcə olaraq Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə, təhsilinə, səhiyyəsinə yüksək qayğı kimi səciyyələndirilməsi bu işlərin gerçək miqyası üçün kifayət qədər dar çərçivədir. Çünki görülən bu işlər, sadəcə qayğı olmaqla məhdudlaşa bilməz. Bütün bunlar ulularımızdan bizə gəlib çatan müqəddəs irsin göz bəbəyi tək qorunaraq gələcək nəsillərə əmanət edilməsi, Azərbaycan şüurunun, mentalitetinin, əxlaqının bütün dünyada təbliği, qəbul olunması üçün atılan düşünülmüş məqsədyönlü addımlardır”.

N.Əliyeva qeyd edib ki, tarixdə xalqına, onun maarifinə xidmət edən rəhbərlər az olmayıb. Amma onların millilik və milli dəyərlərdə təcəssüm tapmasına nədənsə nadir hallarda təsadüf olunur: “Böyük öndərimiz Heydər Əliyev məhz belə rəhbər və dövlət xadimi idi. Milli sözünün ehtiyatla işləndiyi sovet dövründə də, müstəqillik dövründə də o, ən böyük azərbaycanlı olduğunu parlaq təcəssüm etdirən sadə və eyni zamanda, zəngin bir sima idi. Onu milli dəyərlərimiz, milli varlığımız və tarixi taleyimizlə bağlayan çoxlu möhkəm, qırılmaz tellər göstərmək olar. Lakin Ulu Öndərin ana dilimizdə parlaq və sərrast nitqi onu əbədi olaraq millilik rəmzi kimi anlamağımız üçün kifayətdir”.

Hikmət Babaoğlu: “Azərbaycan xalqı ümummilli liderin dövlətçilik üçün gördüyü işləri şükranlıqla yad edəcək”

“Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir. Eyni zamanda Ulu Öndər dünya üçün ümumbəşəri dəyərdir”.

Bunu “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu milli lider Heydər Əliyevin vəfatı ilə bağlı fikirlərini bildirərkən deyib.

Baş redaktor bildirib ki, dahi şəxsiyyət Azərbaycan dövlətinin qurucusu olmaqla yanaşı, ölkəmizin mədəniyyətini, azərbaycanlı kimliyini dünyaya tanıdan böyük şəxsiyyətdir: “Ümummilli liderin anım günü ərəfəsində onu deyə bilərik ki, ötən 11 il müddətində biz onun böyüklüyünün bir daha şahidi olduq. Ötən hər gün Ulu Öndərin nə qədər böyük bir insan, şəxsiyyət, siyasətçi, dövlət xadimi, dahi olduğunu bir daha göstərdi. Zaman keçdikcə və biz dünyada baş verən siyasi prosesləri dərk etdikcə Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi üçün nə qədər cəsarətli addımlar atdığını, nə qədər ağır zəhmət, məşəqqət, fədakarlıq hesabına müstəqil Azərbaycan dövlətini qurub yaratdığını bir daha özümüz üçün aydınlaşdırmış oluruq. Ümummilli lider özündən sonra çox böyük irs qoyub. Bu irsin tədqiq olunması, öyrənilməsi və yeni nəslə ötürülməsi bizim nəslin Azərbaycan ziyalılarının, elm adamlarının qarşısında duran başlıca vəzifələrdən biridir. Çünki, Heydər Əliyevçilik Azərbaycan milli dövlətçiliyi, onun əsasları və təməlləri deməkdir. Məhz ona görə də dekabrın 12-də keçiriləcək növbəti anım günündə Azərbaycan xalqı bir daha ümummilli lider Heydər Əliyevin ölkə xalqı, dövlətçiliyi üçün gördüyü işləri böyük şükranlıqla yad etməlidir”.

Aydın Hüseynov: “Heydər Əliyev birinci katib seçilənədək biz yalnız Türkmənistandan qabaqda idik”

YAP Siyasi Şurasının üzvü, partiyanın İqtisadi məsələlər komissiyasının sədr müavini və Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov isə bildirib ki, Heydər Əliyev böyük dövlət xadimi olaraq dövlətin idarə olunması və hansı yollarla inkişaf etdirilməsini incəliklərinə qədər bilirdi. A.Hüseynov qeyd edib ki, Heydər Əliyev respublikaya rəhbərlik etdiyi birinci dönəmdə Azərbaycanı SSRİ miqyasında sənaye və digər baxımdan ən inkişaf etmiş ölkələr sırasına çıxarıb: “Halbuki, Heydər Əliyevin birinci katib seçilənədək Azərbaycan geridə qalmış aqrar bir ölkə kimi tanınırdı. Biz bütün iqtisadi göstəricilərə görə ittifaq ölkələrindən geridə qalırdıq. Yalnız bir neçə göstərici üzrə Türkmənistanı qabaqlayırdıq. 1969-cu ildən sonrakı qısa müddət ərzində isə Azərbaycan bütün sahələr, xüsusilə sənaye üzrə inkişaf etdi və biz sənaye ölkəsinə çevrildik. Ölkənin bütün sahələrində yüksək nailiyyətlər əldə olundu”.

Müsahibimiz qeyd edib ki, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycan dövlətinin bütün mənalarda sütunlarını möhkəmlədib, onun strategiyasını dərin şəkildə müəyyənləşdirib: “İlk növbədə siyasi sabitlik əldə olundu. Bununla paralel olaraq iqtisadi islahatlara başlandı. Bazar iqtisadiyyatına söykənən bir iqtisadi sistem formalaşdırıldı, bunun qanunvericilik bazası yaradıldı. Xəzər dənizinin karbohidrogen ehtiyatının dünya bazarına çıxarılması üçün mühüm addımlar atıldı. ”Əsrin müqaviləsi" imzalandıqdan sonra ölkəyə çox böyük investisiya axını başladı. Nəhayət, 1995-ci ildə ölkə iqtisadiyyatında ilk dəfə iqtisadi artım müşahidə olundu. Bu gün bizim əldə etdiyimiz bütün iqtisadi və siyasi nailiyyətlərin əsasında Heydər Əliyev strategiyası dayanır".

Səxavət HƏMİD


Müəllif: