Prezidentlərin birlik nümayişi qürur yaşatdı
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri mühüm mesajlarla yadda qaldı. Dövlət başçılarının aprelin 24-də Çanaqqala zəfərinin birgə qeyd ediləcəyini bildirmələri əhəmiyyətli addım kimi dəyərləndirildi.
Xatırladaq ki, həmin tarixdə erməni lobbisi və Ermənistan dövləti tərəfindən qondarma "erməni soyqırımı"nın ildönümü qeyd edilir.
"Bizi birləşdirən tarixdir"
Məsələyə münasibət bildirən millət vəkili, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə deyib ki, Çanaqqalada, Türkiyənin istiqlal döyüşündə Azərbaycan əsgərləri də şəhid olublar. Onun sözlərinə görə, bir müddət sonra isə türk-islam ordusu Azərbaycan xalqını ermənilərin zülmündən xilas etdi: "Bizi birləşdirən tarixdir, şəhidlərimizdir. Azərbaycan və Türkiyənin birgə Çanaqqala zəfərini qeyd eləməyi "bir millət, iki dövlət" modelini dünyaya nümayiş etdirəcək. Azərbaycana və Türkiyəyə qarşı qondarma soyqırımın yüz illiyi ilə bağlı iddialara gəlincə, bizim mövqeyimiz bu istiqamətdə birmənalıdır. Bu gün erməni diasporunun bütün dünyada Türkiyə və Azərbaycana qarşı iftirası bir nəticə verməyəcək. Hər iki dövlətin birliyi və millətimizin vahid güc olmağı bu cür hücumları dəf etməyə qadirdir".
A.Mollazadə qeyd edib ki, həm Azərbaycan, həm Türkiyə, hətta bütün dünyada türk icmaları birgə mübarizə aparmalıdır: "Erməni təxribatlarına qarşı birgə müqavimət göstərilməlidir. Bununla bağlı birgə tədbirlər, beynəlxalq konfranslar təşkil edilməlidir".
"Xarici ölkələrin rəsmi dairələri həqiqətləri gözəl bilirlər"
Tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova deyib ki, artıq həm Türkiyədə, həm də Azərbaycanda dövlət və elmi strukturlar səviyyəsində I Dünya müharibəsinin gedişatında istər Şərqi Anadoluda türklərə, müsəlmanlara, istərsə də azərbaycanlılara qarşı törədilmiş qırğınlarla bağlı kompleks tədbirlər planları hazırlanıb. Onun sözlərinə görə, bununla bağlı Türkiyədə tədbirlər başlayıb: "İstanbulda azərbaycanlı alimlərin də iştirak etdiyi "Türk-erməni ilişkiləri" adlı beynəlxalq simpozium keçirildi. Orada alimlər həqiqətin nədən ibarət olduğunu ortaya qoyan məruzələrlə çıxış elədilər. Həm Osmanlı, həm də Azərbaycan xalqına qarşı I Dünya müharibəsinin gedişatında ermənilər tərəfindən qətliamlar törədilib. Bu həqiqətlərin dünyaya tanıdılması baxımından belə tədbirlərin, konfransların keçirilməsinə böyük ehtiyac vardı. O cümlədən də Çanaqqala savaşının da yüz illiyi ilə bağlı bu tədbirlər keçirilir. Çanaqqalada Azərbaycan xalqının nümayəndələri, könüllü döyüşən azərbaycanlılar böyük itki veriblər. Bu da bir vəsilə olacaq ki, Çanaqqalada azərbaycanlıların könüllü olaraq vuruşması, şəhid olması ilə bağlı elmi ədəbiyyata, dövriyyəyə xeyli informasiya gələcək, tədqiqatlar, araşdırmalar aparılacaq. Ona görə də simvolik olaraq seçilən həmin tarixdə bütünlüklə ermənilərin törətdikləri qırğınların dünyaya çatdırılması baxımından çox önəmlidir".
F.Əhmədova əlavə edib ki, keçirilən tədbirlərin məqsədi həqiqətin nədən ibarət olmasını çatdırmaqdır. Onun fikrincə, xarici ölkələrin rəsmi dairələri həqiqətləri gözəl bilirlər: "Amma əsas aparıcı güc sahibi olan dövlətlərin cəmiyyətləri isə bu işlərdən bixəbərdirlər. Ona görə də biz beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün bu həqiqətləri deməliyik. Onlar ermənilərin apardığı təbliğata uyğun olaraq həqiqət zənn etdikləri informasiyanı alırlar. Biz o informasiyanın düzgün olmadığını dünyaya tanıtdırmaq üçün bu gerçəklikləri yaymalıyıq. Ümumiyyətlə, bu işə biz gec başlamışıq, gənc bir dövlətik. Ona görə də intensiv olaraq iş aparmalıyıq və bu sahədə Türkiyə Cümhuriyyəti, siyasiləri və alimləri ilə birgə hərəkət etməliyik".
BƏXTİYAR