3 İyun 2015 11:42
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu şəbəkənin Azərbaycana qarşı kampaniyasının əsasında dayanan amillərdən biri Prezident İlham Əliyevin Türkiyə Prezidenti Ərdoğana dəstəyidir

Türkiyə-Azərbaycan birliyi, iki qardaş ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsi xaricdəki anti-Türkiyə və anti-Azərbaycan dairələri bərk narahat edir.

Bu dairələr Türkiyə və Azərbaycan prezidentlərinin möhkəm dostluq əlaqələrindən, hər iki ölkə başçısının bir-birinə hərtərəfli, qarşılıqlı dəstəyindən qıcıqlanırlar. Onların bütün səyləri dövlət rəhbərləri arasında etimadsızlıq və nifaq toxumu səpməyə, iki qardaş ölkənin münasibətlərinə xələl gətirməyə yönəlib. Bu məqsədlə Qərb dairələri tərəfindən idarə olunan “5-ci kolon”un imkanlarından geniş istifadə olunur. Türkiyə iş adamı Aydın Doğanın və ABŞ xüsusi xidmət orqanları tərəfindən idarə olunan gülənçilərin birgə şəkildə Azərbaycana qarşı kampaniyasının əsasında dayanan amillərdən biri də məhz Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğana dəstəyidir.

Aydın Doğan - Türkiyə tarixinin ən qalmaqallı və korrupsioner iş adamı

Aydın Doğan Türkiyə tarixində ən qalmaqallı, korrupsioner iş adamı kimi tanınır. Onun Türkiyənin biznes həyatında ildırım sürəti ilə yüksəlişi və ölkə daxilində ictimai-siyasi proseslərə təsir gücü erməni mənşəli olması (məlumata görə, A.Doğan türk ailəsi tərəfindən götürülmüş və böyüdülmüş ermənidir), həmçinin xarici anti-Türkiyə qüvvələrə xidmət etməsi ilə izah olunur. Aydın Doğanın dövlətə məxsus neft şirkəti “Petrol Ofisi”ni fırıldaqçı üsulla necə ələ keçirdiyini Türkiyədə yaxşı xatırlayırlar.

Aydın Doğanın Türkiyə ordusunun generaliteti ilə korrupsiya əlaqələri sayəsində tenderdə uduzduğu halda xüsusi əmrlə necə qalib elan edildiyi heç kimə sirr deyil. 2001-ci ildə Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələr Komandanlığının ehtiyacı üçün 450 min ton yanacağın alınmasına dair keçirilən tenderdə Aydın Doğanın “Petrol Ofisi” şirkəti korrupsiya sövdələşməsi sayəsində qalib elan edilib.

A.Doğan həm də “Kanal D”, “CNN Türk”, “Hürriyyət”, “Radikal” kimi çoxsaylı media qurumlarının təmsil olunduğu “media patronu” kimi tanınır. Onun öz biznes dairəsini genişləndirmək, siyasi proseslərdə iştirak etmək niyyətlərini reallaşdırmaqda bir vasitə kimi sahibi olduğu media qurumlarının imkanlarından geniş istifadə etdiyi bəllidir. Bu media qurumlarından həm də A.Doğanın çirkin əməllərini ifşa edən hakimiyyət orqanlarına qarşı çirkin kampaniya təşkil edilməsində fəal istifadə olunur.

2,5 milyard dollar vergidən necə gizlədildi?

2009-cu ildə Türkiyənin Maliyyə Nazirliyi Aydın Doğanın holdinqini rekord məbləğdə - 2,5 milyard dollar vergi ödəməyə məhkum edib. Nazirliyin müfəttişlərinin iki ildən çox davam edən araşdırmaları nəticəsində məlum olmuşdu ki, “Doğan Group”un rəhbərləri 2006-cı ilin dekabr ayında holdinqə daxil olan şirkətlərin səhmlərini üç həftə ərzində bir şirkətdən digərinə satıb, bu zaman milyardlarla dolları vergidən gizlədib.

Azərbaycan öz müstəqilliyinə yeni qovuşanda ölkəyə soxulmaq və iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən də neft sektorunda mövqe əldə etmək istəyən çoxsaylı işbazlardan biri də A.Doğan olub. Lakin həmin dövrdə onun niyyətlərinin reallaşmasına imkan verilməməsi Doğanın Azərbaycana qarşı davamlı şəkildə radikal kampaniya təşkil etməsinin səbəblərindən biridir. Ekspertlər hesab edirlər ki, neft yataqlarının istismarı, neft emalı və satışı ilə məşğul olan Aydın Doğanın SOCAR-ın Türkiyədə və regionda aktiv fəaliyyətini həzm edə bilmir. Müşahidələr belə deməyə əsas verir ki, hal-hazırda Türkiyədə Azərbaycanın əleyhinə təbliğat aparan və bu istiqamətdə fəaliyyətləri uzlaşan iki media quruluşu var. Bunlardan biri Türkiyədəki erməni mətbuatı, digəri isə Doğana məxsus KİV-lərdir.

“Doğan Media Qrupu”nda erməni mənşəli Türkiyə vətəndaşlarının və eyni zamanda, gizli ermənilərin olması, həmçinin Aydın Doğanın mübahisəli etnik kimliyi, erməni mənşəli olması barədə yayılmış məlumatlar da onun anti-Türkiyə və anti-Azərbaycan fəaliyyətini səciyyələndirən amillər sırasında göstərilir.

Helikopter olayı zamanı “CNN-Türk” nə demişdi?

2009-cu ildə Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsinin müzakirəyə çıxarıldığı zaman da Doğan mediası Azərbaycanın kölgəsini qılınclamaqla məşğul olub. Bu materiallarla yaxından tanış olmaq üçün o dövrün mətbuatına göz gəzdirmək kifayətdir.

Ötən ilin sonlarında Azərbaycan ordusu tərəfindən Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş helikopterinin məhv edilməsi “CNN Türk” efirindən “Azərbaycan Dağlıq Qarabağa aid savaş helikopterini düşürdü” başlığı ilə verilmişdi, bununla da qondarma “Dağlıq Qarabağ rejimi” münaqişədə tərəf kimi təqdim olunmuşdu.

Türkiyə ermənilərinin ən çox əməkdaşlıq etdiyi qəzet - “Radikal”

Aydın Doğana məxsus olan “Radikal” qəzeti Türkiyə ermənilərinin ən çox əməkdaşlıq etdiyi qəzetlərdən biridir. “Radikal” qəzetinin erməni əsilli əməkdaşı Arıs Nalçı 2014-cü il 25 oktyabr tarixli “Kobaniyi Qarabağdan anlamaq” başlıqlı köşə yazısında Qarabağın işğal edilməsinə haqq qazandırılır, erməni işğalı “milli-azadlıq mübarizəsi” kimi təqdim edilir.

Doğana məxsus “Hürriyyət” qəzeti isə Azərbaycana qarşı davamlı şəkildə gözdənsalma kampaniyası həyata keçirən media orqanlarındandır. Təsadüfi deyil ki, bu qəzetin əməkdaşı, A.Doğana yaxınlığı ilə tanınan jurnalist Tolqa Tanış Qərbin xüsusi xidmət orqanları tərəfindən idarə olunan OCCRP adlı jurnalist qurumunun üzvlərindən biridir. O, bu qurumun Azərbaycana qarşı həyata keçirdiyi qara piar kampaniyasında fəal iştirakı ilə seçilir.

“Doğan Media Qrupu” Azərbaycanda insan hüquqları, demokratiyanın durumu və digər mövzular haqqında çoxsaylı qeyri-obyektiv və qərəzli materiallar yaymaqla, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini təhrif edərək ictimai rəyi Ermənistanın lehinə yönəltməyə çalışır.

Görünür, bu münasibətin arxasında onun hamıya yaxşı tanış olan Fəthullah Gülənin başçılıq etdiyi, Mərkəzi Kəşfiyyat İdarəsi ilə sıx bağlı olan nurçular qrupu ilə son zamanlar yaranan müttəfiqliyi də dayanır.

Gülənçi şəbəkə Azərbaycandakı biznesindən narahat olmalıdır

Azərbaycanda Türkiyə hakimiyyətinə dəstək məqsədilə gülənçi şəbəkənin ifşa olunması, türk liseylərinin qapadılması hazırda F.Gülən tərəfdarları ilə A.Doğanın birgə şəkildə Azərbaycana qarşı kampaniya həyata keçirməsini şərtləndirir.

Gülənçi-Doğançı şəbəkə Azərbaycan-Türkiyə birliyini hədəfə götürməklə öz anti-milli, ermənipərəst simasını açıq aydın-göstərir.

Belə olduğu halda gülənçi şəbəkə Azərbaycandakı biznesindən, media strukturlarından, Qafqaz Universitetinin fəaliyyətindən narahat olmalıdır. Doğançıların da öz mediasının Azərbaycan ictimai rəyinə təsir imkanlarının itirilməsi, Azərspace-də onların yayımının dayandırılması təhlükəsi ilə üz-üzə qala bilərlər.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər