6 İyun 2015 12:10
1 697
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Brifinq”in qonağı YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadədir. Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyətindən bəhs edən baş redaktor bu yarışlarda medianın üzərinə düşən öhdəliklərdən söz açdı.

V.Rəhimzadə keçdiyi həyat yolundan qısaca bəhs edərək, ümummilli lider Heydər Əliyevin onun həyatında böyük rol oynadığını söylədi. O, dahi şəxsiyyət Heydər Əliyevlə ilk görüşü, Yeni Azərbaycan Partiyasına gəlişi barədə də danışdı.

Taleh Şahsuvarlı: Bu günlərdə Prezident Milli Mətbuatın yaranmasının 140 illiyi ilə bağlı Sərəncam imzaladı. Sərəncamı necə qarşıladınız?


- Sərəncamı Azərbaycan Prezidenti İlham Əliyevin mətbuat işçilərinə qayğısının təzahürü kimi qiymətləndirirəm. Hesab edirəm ki, bu sərəncam möhtərəm Prezidentimizin bu sahəyə olan xüsusi diqqətinin növbəti təsdiqi, ümumilikdə müstəqil mətbuatın inkişafı ilə bağlı növbəti sərəncamlardan biridir, Azərbaycan mətbuatına, bu sahədə çalışan jurnalistlərə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Mən 1989-90-cı illərdə də mətbuatda işləmişəm, çoxtirajlı qəzetin redaktoru olmuşam, bu gün də qəzet redaktoruyam. Doğrudan da, müqayisə aparanda bunu danmaq olmaz, Azərbaycanda o illərdə söz və fikir azadlığının, müstəqil mətbuatın mövcudluğundan söhbət belə gedə bilməzdi. Jurnalistlərə təzyiqlərin, təqiblərin baş alıb getdiyi dövrə təsadüf edirdi. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafına da xüsusi önəm verdi, diqqət yetirdi. Bu gün ölkəmizdə yüzlərlə gündəlik, həftəlik qəzet və jurnal nəşr olunur. Yüzlərlə elektron media orqanları fəaliyyət göstərir. KİV haqqında zəngin qanunvericilik bazası mövcuddur. Müstəqil Azərbaycanın 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyasının böyük hissəsi söz və fikir azadlığını özündə təsbit edən maddələrdir ki, o da müstəqil mətbuatın inkişafına çox böyük töhfədir. 1998-ci ildə senzuranın ləğv olunması Azərbaycanın mətbuat tarixi üçün böyük hadisə idi. İndi bununla bağlı danışmaq çox asandır. Amma o illərdə bu qərarın verilmısinə cəsarət, qətiyyət tələb olunurdu. Bunu yalnız dahi şəxsiyyət, ulu öndər Heydər Əliyev edə bilərdi. Sonra 1999-cu ildə “KİV haqqında” mütərəqqi qanun qəbul edildi, 2002-ci ildə qanuna əlavə və dəyişikliklərin edilməsi, Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması və bütövlükdə bu sahə ilə bağlı kifayət qədər sərəncam və fərmanların imzalanması müstəqil mətbuatımızın inkişafına böyük stimul verdi. Ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirın cənab Prezidentimiz İlham Əliyevin bu sahədə həyata keçirdiyi işlər hər bir mətbuat işçisinə xüsusi diqqətin əyani nümunəsidir. 2005-ci ildə Milli Mətbuatın yaranmasının 130 illiyində xüsusi Sərəncamla Azərbaycanda “Əməkdar jurnalist” fəxri adı bərpa olundu. Ölkənin aparıcı media orqanlarına birdəfəlik maliyyə yardımlarının ayrılması, jurnalistlərə ölkənin ali fəxri adlarının verilməsi bu sahəyə olan diqqətin təzahürüdür. 2008-ci ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası təsdiq olundu. 2009-cu ilin aprelin 3-də təsis edilən Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu mətbuatımızın iqtisadi imkanlarının genişlənməsi və jurnalist peşəkarlığının artırılması yönündə mətbuat tarixində vacib və əhəmiyyətli tarixi hadisə idi. Mətbuat Şurasının İdarə Heyətinin üzvü kimi xatırlatmaq istərdim ki, 2010-cu ildə möhtərəm Prezidentimizin bu qurumun İdarə Heyətinin üzvləri ilə görüşündə jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı fikir səsləndi, bir neçə saatdan sonra jurnalistlər üçün yeni mənzillərin tikilməsi ilə bağlı sərəncam imzalandı, dövlət başçısı tərəfindən imzalanmış sərəncamla vəsait ayrıldı. Bu, dünyada analoqu olmayan bir hadisə idi. 2013-cü ilin Milli Mətbuat günündə jurnalistlər üçün 156 mənzildən ibarət çox möhtəşəm bina istifadəyə verildi və növbəti 255 mənzilli binanın təməlqoyma mərasimi keçirildi. Bu günlərdə Milli Mətbuatın yaranmasının 140 illik yubileyi ərəfəsində Prezident İlham Əliyevin bu tarixi hadisənin təntənəli şəkildə qeyd olunması barədə sərəncam imzalaması dövlətimizin başçısının ölkə mediasına diqqət və qayğısının növbəti parlaq təzahürüdür. Qarşıdakı yubileylə əlaqədar təkcə Bakıda deyil, regionlarda da çox möhtəşəm tədbirlər həyata keçiriləcək. Eyni zamanda aparıcı media nümayəndələri təltif ediləcək.

T.Şahsuvarlı: Kimlərin “Əməkdar jurnalist” adı alacağı gözlənilir? Bu barədə müzakirə gedibmi?

- Dünən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi çox hörmətli Əli Həsənovun media kapitanları ilə görüşü oldu. Burada kifayət qədər dəyərli fikirlər səsləndi. Demək olar ki, redaksiyaların və jurnalist təşkilatlarının rəhbərlərinin Sərəncamdan irəli gələn məsələlərlə bağlı təklifləri səsləndi. Qarşıdan gələn tədbirlərlə bağlı məsələlərə kifayət qədər aydınlıq gəldi. Regionlarda tədbirlərin keçirilməsindən redaksiyaların təqdimatları əsasında təltiflərə qədər məsələlərə toxunuldu. Jurnalistikamızın inkişafı, mətbuat tarixi ilə bağlı, bu sahədə fəaliyyət göstərmiş tarixi şəxsiyyətlərlə bağlı və sair fikirlər səsləndi. Səslənən fikirlər nəzərdən keçiriləcək, tədbirlər planı təsdiq olunaraq bu tədbirlərin reallaşmasına start veriləcək. Redaksiyalardan təltiflərlə bağlı təqdimatlar olacaq. Təbii ki, jurnalistlərin xidmətləri, bilik bacarıqlar və ən vacibi iş stajları daha çox olanlar təqdim olunan təqdimatlarda xüsusi önəm kəsb edəcək. Redaksiyanın yığıncağında təkliflər irəli sürülür, ümumi rəyə gəlirik, daha təcrübəli əməkdaşların təltif olunması ilə bağlı təqdimat yazırıq.
Ümumilikdə düşünürəm ki, mətbuatın inkişafında xidmətləri olanlar redaksiyaların təqdimatları əsasında öz layiqli qiymətini alacaqlar. Kimin hansı fəxri adla təltif olunması möhtərəm cənab Prezidentimizin səlahiyyətlərinə aiddir.

T.Şahsuvarlı: “Ali media” mükafatını da Mətbuat Şurası verir, seçim necə aparılır və builki mükafatın nə zaman verilməsi planlaşdırılır?

- Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclasında bu məsələni də müzakirə edəcəyik. Orada da fikirlər səslənir, təkliflər dinlənilir. İlk dəfə Ali Media mükafatının təqdimatında Bəxtiyar Sadıqovla mən ikinci yerə layiq görüldük. Birinci dərəcəli Ali Media mükafatı Şirməmməd Hüseynova təqdim olundu. Bu mükafatla bağlı da müəyyən kriteriyalar var, İdarə Heyətinin iclasında məsələlər müzakirə olunur və qərar verilir.

Aqil Lətifov: Avropa Oyunlarına sayılı günlər qalıb. Bu Oyunların ölkəmizdə keçirilməsinin əhəmiyyəti nədən ibarətdir?

- Avropa Oyunları təkcə Azərbaycan və Avropa üçün deyil, bütövlükdə dünya tarixində çox möhtəşəm hadisədir. Bizi müstəqillik aktının qəbul olunmasından 24 il zaman məsafəsi ayırır. Bunun da ilk illəri siyasiləşmiş silahlı qrupların tüğyan etdiyi və sabitliyin olmadığı dövrə təsadüf edirdi. Avropa Oyunlarının ölkəmizdə keçirilməsi dövlət müstəqilliyi 20 ildən bir az artıq dövrü əhatə edən Azərbaycan üçün çox möhtəşəm və uğurlu hadisədir. “Bakı-2015"i təkcə idman tədbiri kimi qiymətləndirmirəm. Bu, idman tədbiri olmaqla yanaşı həm də böyük siyasi tədbirdir, Azərbaycana beynəlxalq səviyyədə olan etimadın, inamın göstəricisidir, ölkəmizin mövcud sabitliyini təsdiq edən amildir. Ona görə Avropa Oyunlarının Azərbaycanda keçirilməsini hər bir Azərbaycan vətəndaşının, ölkəmizin dostlarının, ilk növbədə möhtərəm Prezidentimizin diplomatik qələbəsi hesab edirəm. Avropanın 50-yə yaxın ölkəsindən 6 mindən artıq idmançı bu Oyunlarda iştirak edəcək, 30-dan artıq dövlət və hökumət başçısı, parlament və beynəlxalq təşkilatların nümayəndələri, bir sözlə minlərlə insan Azərbaycanın qonağı olacaq və Oyunları izləyəcək. Onlar güclü və qüdrətli Azərbaycanın canlı şahidi olacaqlar. Növbəti dəfə Avropa Oyunları Niderlandda keçiriləcək. Bundan sonra hansı ölkədə keçirilməsindən asılı olmayaraq Azərbaycan Oyunların keçirildiyi ilk ölkə kimi daim xatırlanacaq.


T.Şahsuvarlı: Özünüz idmanla məşğul olmusunuz?

- Bəli, ağır atletika ilə məşğul olmuşam. Son illər işlərimin çoxluğu ilə əlaqədar buna bir o qədər vaxt ayıra bilmirəm, üzgüçülüyə getmişəm. Vaxtım olduqca bu gün də idmanla məşğul oluram.

Nərgiz Ehlamqızı: Yarışlara bilet almısınız?

- Avropa Oyunlarının açılış və bağlanış mərasiminə bilet almışıq. İki oğlum tələbədir, onlar da yarışları izləyəcəklər.

T.Şahsuvarlı: Harada təhsil alırlar?

- Böyük oğlum Səlim Bakı Dövlət Universitetinin beynəlxalq münasibət və iqtisadiyyat fakültəsində politologiya ixtisasında oxuyur, ortancıl oğlum Rauf da Bakı Dövlət Universitetinin tələbəsidir, geologiya mühəndisliyi üzrə təhsil alır. Kiçik oğlum Fuad isə məktəblidir.

N.Ehlamqızı: Hansısa beynəlxalq tədbirlər keçiriləndə yarışa ev sahibliyi edən ölkənin mediası o mərasimi geniş işıqlandırmağa çalışır. “Bakı-2015" Birinci Avropa Oyunları ilə bağlı müəyyən qüvvələrin antitəbliğat çağırışları fonunda bizim medianın üzərinə hansı öhdəliklər düşür?

- Biz jurnalist olmazdan əvvəl bir vətəndaşıq. Ən başlıcası harada işləməyimizdən, hansı peşə sahibi olmağımızdan asılı olmayaraq hər birimiz vətəndaşlıq mövqeyimizi ortaya qoymalıyıq. Bu məsələdə medianın üzərinə xüsusilə böyük məsuliyyət düşür. Biz jurnalist olaraq istənilən tədbiri, hadisəni ictimailəşdiririk, onu cəmiyyətə çatdırırıq. Ötürülən hər bir informasiya ictimai rəyi formalaşdırmağa böyük təsir göstərir. Yalnız Oyunlarla bağlı xəbərlərin, yazıların deyil, bütövlükdə Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında üzərimizə kifayət qədər məsuliyyətli və eyni zamanda şərəfli bir vəzifə düşür. Bu vəzifəni ləyaqətlə yerinə yetirmək hər kəsdən peşəkarlıq və vətəndaşlıq mövqeyi tələb edir. Gündən-günə qüdrətlənən Azərbaycanın dostları ilə yanaşı, zaman keçdikcə, düşmənlərinin də sayı çoxalır. Bizi istəməyən qüvvələr var. Bir müsəlman ölkəsi kimi sürətli inkişafımızı gözü götürməyən bədxah insanlar da az deyil. Antiazərbaycan, ermənilər və ermənipərəst qüvvələr, onların havadarları, muzdlu qruplar ölkəmizə qarşı şər-böhtan kampaniyası aparırlar. Adını beynəlxalq media təşkilatı qoyan Avropanın bəzi üzdəniraq təşkilatları ölkəmizin uğurlarına qara eynək arxasından baxır, Azərbaycana qarşı qərəzli rəy formalaşdırmağa cəhd edirlər. Təkcə Azərbaycan haqqında deyil, Türkiyə ilə bağlı da həqiqətə uyğun olmayan fikirlər nümayiş etdirən qruplar var. Onların kimlərin və hansı qüvvələrin əlində alət olduqları hamıya bəllidir. Çalışmalıyıq ki, o insanlara həqiqəti, reallığı dərk etsinlər. Azərbaycan möhtərəm Prezidentimizin rəhbərliyi ilə çox düzgün siyasət yürüdür, xarici diplomatiya sahəsində kifayət qədər uğurlu nailiyyətlər əldə olunub. 38 ölkənin Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı dəstək verməsi ölkəmiz üçün çox böyük uğurdur. 10 illərlə dövlətçilik təcrübəsi olan ölkələr var ki, belə bir dəstəyi əldə edə bilmir. Azərbaycanda həm daxildə iqtidar-xalq birliyi mövcuddur, həm də xarici siyasətimiz çox uğurla həyata keçirilir.

T.Şahsuvarlı: İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa İttifaqı yanında daimi müşahidəçi missiyasının rəhbəri Arif Məmmədovun bəyanatları ilə tanışsınız, bir diplomatın o cür çıxışını necə qiymətləndirirsiniz?

- Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin komissiya sədri Siyavuş Novruzov və digər şəxslər də bu məsələ ilə bağlı öz mövqeyini bildirib. Arif Məmmədovun bəyanatı diplomata və azərbaycanlıya yaraşmayan bəyanat idi. Bu hərəkəti ilə onun azərbaycanlı adı daşımağına mənəvi haqqı yoxdur. Bu fikirdəyəm ki, dövlətimiz bu məsələyə birmənalı şəkildə münasibət bildirəcək. Bir adam necə ola bilər uzun müddət diplomatik fəaliyyətlə məşğul olsun, azərbaycanlı adı daşısın, Azərbaycanın maliyyə vəsaiti hesabına maaş alsın, öz ailəsini dolandırsın və belə bir əməlin sahibi olsun. Onun fəaliyyəti araşdırılmalı və çox ciddi tədbir görülməlidir. Bu cür insanın o vəzifəni tutmasına təəssüf edirəm. Onun bəyanatı dövlətimizin, Azərbaycanda gedən uğurlu işlərin imicinə böyük zərbədir. Qətiyyətlə bununla bağlı tədbir görülməlidir.

T.Şahsuvarlı: Necə oldu jurnalistikaya gəldiniz?

- Sovetlər dönəmində jurnalistika və hüquq fakültəsinə qəbul olunmaq üçün iş təcrübəsi tələb olunurdu. Culfa rayonunun Saltaq kənd orta məktəbinin məzunu olmuşam. Bu rayonda böyümüşəm, o vaxt rayonumuzda “Zəfər” qəzeti nəşr olunurdu, indi “Arazın səsi” adlanır. Naxçıvanda “Şərq qapısı” var. O illərdə ilk yazılarım 5-ci sinifdə bu qəzetlərdə çıxıb. Sonra “Azərbaycan pioneri”, “Sovet kəndi”, “Azərbaycan gəncləri” qəzetləri ilə əməkdaşlıq etmişəm. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) bitirmişəm. Sonra Bakı Dövlət Universitetində hüquq fakültəsində ikinci təhsil almışam. Məndən böyük qardaşım Məhəmməd dedi ki, özünü yoxla, imtahan həyəcanı yaşa. Elə sənədlərimi verən il Neft Akademiyasına qəbul oldum, sonra axşam təhsilinə keçdim, maddi çətinliyə görə gündüzlər işləyib, axşam şöbəsində təhsil alırdım. 1987-ci ildə hərbi xidmətimi başa vurub Vətənə qayıtdım, 1989-cu ildə o vaxtkı “Azərneftkimyazavodtəmir” trestinin 1 saylı tikinti-təmir idarəsində yardımçı fəhlə kimi işə qəbul oldum, 1989-cu ildə trestin çoxtirajlı “Böyük kimya uğrunda” adlı qəzetdə işə başladım, 1990-cı ildə o qəzetin redaktoru olmuşam, 1991-ci ildən də “İki sahil” qəzetini yaratmışıq və o ildən də qəzetin baş redaktoruyam.

T.Şahsuvarlı: Xatırlayıram, o vaxt “İki sahil” qəzetini kəndimizə də gətirirdilər, böyük tirajla nəşr olunurdu.


- O illərdə Azərbaycan çox ağır vəziyyətdə idi. Biz “İki sahil” qəzeti olaraq Azərbaycanın ağır vəziyyətdən qurtuluşunu birmənalı şəkildə ulu öndər Heydər Əliyevin hakimiyətə qayıdışında görürdük. Mən ilk dəfə 1990-cı ildə ulu öndərimizlə görüşüb müsahibə almışam. İnsanların dahi lider Heydər Əliyevə olan sevgisi bizim qəzetin tirajının yüksəlməsində böyük rolu olub. Yadıma gəlir ki, 1 rayona hətta min qəzet göndərilirdi. Qeyd edim ki, bu gün də qəzetimizin tirajı az deyil.

T.Şahsuvarlı: Ümummilli lider Heydər Əliyevlə ilk görüşünüz necə oldu?

- 1985-1987-ci illərdə İrkutsk vilayətində Zima şəhərində hərbi xidmətdə olmuşam. Əsgərlikdə haradan olduğumu soruşurdular. Azərbaycanlı olduğumu biləndə, deyirdilər, Heydər Əliyevin həmyerlisidir. Mən ulu öndərimizin adını eşitmişdim, televiziyalarda, qəzetlərdə şəkillərini görmüşdüm. İlk dəfə 1990-cı il oktyabrın 9-unda axşam saat 19:00 radələrində Naxçıvanda ümummilli lider Heydər Əliyevdən müsahibə aldım. Həmin günü həyatım ən xoşbəxt və tarixi anı kimi heç vaxt unutmayacağam. O dövrdə diktofonum da yox idi, “Vesna” maqnitofonu götürmüşdüm müsahibəni yazmaq üçün (gülür). Ulu öndər Heydər Əliyev elə bir dahi şəxsiyyət idi ki, onunla görüşə gedəndə həyəcanlanmamaq mümkün deyildi. Amma 2-3 dəqiqəlik söhbətdən sonra elə hiss etdim ki, mənim üçün ən əziz insanla ünsiyyətdəyəm. Hansı məktəbi bitirdiyimi soruşdu, hətta mənə dərs deyən müəllimləri məndən yaxşı tanıyırdı. Müsahibədə ulu öndər Heydər Əliyev Dağlıq Qarabağ məsələsinin Azərbaycan və xalqımız üçün nə qədər taleyüklü olduğunu yanğı ilə söyləyirdi. Daha sonra Ali Məclisin Sədri olduğu dövrdə bu dahi insanla dəfələrlə görüşlərim olub, prezident olanda da onunla görüşmüşəm.

T.Şahsuvarlı: O zaman neçə yaşınız vardı?

- 23 yaşında idim. Atam çoxdan dünyasını dəyişib, 1988-ci ildə rəhmətə gedib. Anam evdar qadın olub, böyük ailə olmuşuq, o, bizi çox böyük əziyyətlə böyüdüb. Yenə də deyirəm, Heydər Əliyev kimi dahi şəxsiyyətlə görüşmək, onunla ünsiyyətdə olmaq çox böyük tarixi hadisədir. Sadə kəndli övladı idim, anam, atam heç bir vəzifə sahibi deyildi. Çox çətinliklə böyüyən bir insanın Heydər Əliyev kimi müdrik şəxsiyyətlə görüşməsi böyük xoşbəxtlik idi. Dahi liderlə təmasda olmaq hər bir insanın formalaşması üçün böyük məktəbdir. Mən mətbuat işçisi kimi ulu öndər Heydər Əliyevlə Fransa, İngiltərə və başqa xarici ölkələrdə səfərdə olmuşam. Dahi şəxsiyyət, hansı ölkəyə gedirdisə, mütləq orada yaşayan azərbaycanlıları həmin andaca toplayırdı, problemləri ilə maraqlanır, onların problemlərini yerindəcə həll edirdi. Birmənalı şəkildə hamımız ona borcluyuq.

T.Şahsuvarlı: Necə oldu ki, Milli Məclisin deputatı seçildiniz?

- Mən Yeni Azərbaycan Partiyası yarandığı gündən partiyanın Siyasi Şurasının üzvüyəm, ən gənc 91-lərdən biriyəm. Mən bütün bunlardan qürur hissi keçirirəm. Heydər Əliyev kimi böyük şəxsiyyətin qurub yaratdığı və bu gün möhtərəm Prezidentimizin sədri olduğu partiyada təmsil olunmaq çox böyük şərəfdir. Bundan şərəfli heç bir şey ola bilməz. 1995-ci ildə deputatlığa namizəd olmuşam, o zaman 9 saylı Xətai birinci seçki dairəsindən namizədliyimi irəli sürmüşdüm. O zaman həmin seçki dairəsində seçkilər birinci turda baş tutmadı. İkinci tur 1996-cı ilin fevralında keçirildi.

T.Şahsuvarlı: Rəqibləriniz kim idi?

- O zaman 7 rəqib vardı. Yadımda Zəlimxan Məmmədli, Azərbaycan Tibb Universitetinin professoru Loğman Məmmədli və digərləri qalıb. İkinci turda Qərib Məmmədov deputat seçildi. Qayda belə idi ki, həmin dairədə birinci turda iştirak etmiş namizəd ikinci tura qatıla bilməzdi. 2000-ci ildə 5 saylı Culfa-Ordubad seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən majoritar seçki sistemi üzrə namizədliyim irəli sürüldü, yaxından tanıdığım, daim ünsiyyətdə olduğum insanların səsini qazandım və YAP-ın namizədi kimi deputat seçildim.

T.Şahsuvarlı: Sonrakı çağırış Milli Məclisə seçkilərdə niyə namizədliyinizi vermədiniz?

- Mən YAP üzvüyəm, partiyanın qərarı mənim üçün ən vacib şərtdir. 2002-ci ildə referendum keçirildi, Konstitusiyamıza əlavə və dəyişikliklər edildi, proporsional seçki sistemi ləğv olundu, dislokasiyalarda dəyişikliklər baş verdiyindən seçki dairələrində də dəyişikliklər oldu. YAP partiyaın başqa bir üzvünün namizədliyinə qərar verdi, mən məmnuniyyətlə partiyamızın qərarını qəbul etdim və dəstəklədim. Bir seçici kimi və YAP Siyasi Şurasının üzvü kimi irəli sürülən namizədə dəstək oldum. Bir sözlə partiyamızın qərarı mənim üçün əsasdır.

N.Qurbanova: Bu ilki parlament seçkilərində namizədliyinizi verəcəksiniz?

- Mən üzv olduğum partiyanın qərarlarına tabe olan, bu qərarları üstün tutan bir insanam. YAP Siyasi Şurasının üzvü kimi partiyama ömrüm boyu sadiqəm. Partiya nə qərar verərsə, ona hörmətlə yanaşacağam.

T.Şahsuvarlı: YAP parlament seçkilərinə necə hazırlaşır?

- Bu gün Azərbaycan cəmiyyətində ən böyük siyasi qüvvə olan YAP 650 mindən artıq vətəndaşımızı ətrafında birləşdirən monolit bir siyasi təşkilatdır. Təkcə Azərbaycanda deyil, regionda ən böyük partiyadır. YAP üzvlərinin 40 faizdən çoxu gənclərdir. Bu, gənclərin partiya ətrafında sıx birləşməsinin göstəricisidir. Artıq Birinci Avropa Oyunlarına hazırlıqla bağlı işlərimiz yekunlaşıb. Bu gün qarşımızda duran ən ümdə məsələ İlk Avropa Oyunlarını yüksək səviyyədə keçirməkdir. Mənim düşüncəmə görə, bu, müəyyən mənada siyasi tədbirdir. Burada imzamızı qoyub, Oyunları tarixə yazdırmalıyıq. Partiyamız da bununla bağlı fəallığını ortaya qoyub. Təbii ki, seçki ilə bağlı proqramımız da var, partiyanın icra katibliyi bununla bağlı üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirir.

N.Qurbanova: Jurnalistlərlə qonşu olmaq necə hissdir?

- Onların hamısı həmkarlarımızdır, özüm təəssübkeş adamam. Bu gün Azərbaycanda kifayət qədər peşəkar, öz işinə sədaqətli olan jurnalistlərimiz var. Əlbəttə, bu peşəyə xələl gətirən, ləkələməyə cəhd göstərən dırnaqarası jurnalistlər yox deyil. Hesab edirəm ki, jurnalistlərlə qonşu olmaq şərəflidir.

N.Ehlamqızı: Səhv etmirəmsə, Prezident İlham Əliyev binanın açılış mərasimində Sizin mənzilinizdə qonaq olub...

- Mən Prezidentimizin bizim mənzilə gələcəyini bilmirdim, açılışa qısa müddət qalanda xəbər tutdum. Cənab Prezidentin mənə mənzil hədiyyə etməsi və bizim mənzildə qonaq olması bizim ailə üçün olduqca əlamətdar və qürurverici hadisə idi. Möhtərəm Prezidentimizlə görüşdüm, ailəmiz adından ürəkdən təşəkkür etdim. O anı sözlə ifadə etməyə çətinlik çəkirəm, o anı yaşamaq lazımdır.

N.Qurbanova: Sonuncu dəfə nə zaman yazı yazmısınız?

- Hazırda elmi iş üzərində işləyirəm. Siyasi elmlər üzrə fəlsəfə doktoruyam, əsasən son dövrlər elmi məqalələrə üstünlük verirəm. Sonuncu dəfə məqaləmi may ayında ulu öndərimiz Heydər Əliyevin doğum günü ilə bağlı mətbuat mövzusunda YAP-ın keçirdiyi konfransa təqdim etmişdim, kitabda dərc olundu.

N.Qurbanova: Mətbuat Şurasının reket jurnalistlərlə bağlı “qara siyahı”sı var. Bu konsepsiya ilə bağlı yeniliklər nəzərdə tutulurmu?

- Təxminən 100-ə yaxın qəzet Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”da yer alır. Şura yarandığı gündən mətbuatın saflaşmasına çalışıb. Fəaliyyətlərində qüsurlar olan saytlar, qəzetlər bu gün də mövcuddur. Bilirsiniz ki, qəzet tarixdir, maddi sübut var, qüsurlar dərhal nəzərə çarpır, saytlarda isə qüsurlar daha çoxdur. Təkcə keçən il 300-dən artıq sayt fəaliyyətə başlayıb. Onların hamısını sağlam məqsədə, xalqın maraqlarına xidmət etdiyini iddia etmək olmaz. Qüsurlu hallara qarşı sağlam düşüncəli jurnalistlər mübarizə aparmalıdır. Biz ölkədə söz azadlığının, internet saytlarının sağlam rəqabətlə inkişaf etməsinin tərəfdarıyıq, dövlətimiz bununla bağlı kifayət qədər münbit şərait yaradıb. Eyni zamanda insanların mənafeyini, hüquqlarını qorumalıyıq. Kifayət qədər saytlar var ki, onların adları “qara siyahı”ya daxil edilməyə layiqdir. Mətbuat Şurası belələrinə humanist prinsiplərlə yanaşır. Dəfələrlə çağırıb sayt rəhbərləri ilə danışırıq, çalışırıq ki, bu insanlar bu səhv yoldan çəkinsinlər. Təəssüflər olsun ki, kimlərinsə bədbəxtliyi üzərində öz xoşbəxtliyini qurmağa, özlərini mövcudluğunu təsdiq etməyə çalışan saytlar kifayət qədərdir. İnanıram ki, belələri tədricən sıradan çıxacaqlar.

A.Lətifov: Teatra, kinoya gedirsiniz?

- Gedirəm. Köhnə kinolarımıza daha çox baxıram. “Yarımştat” tamaşasına dəfələrlə baxsam da, zövq alıram, yorulmuram. 1 həftə bundan qabaq “Axırıncı aşırım” filminə baxmışam.

N.Qurbanova: Musiqi zövqünüz necədir?

- Lirik musiqiləri çox xoşlayıram. Xumar Qədimova, Könül Kərimova, Röyanın özlərinə məxsus stilləri var, onları məmnuniyyətlə dinləyirəm, muğamlarımıza qulaq asıram, Şövkət xanım Ələkbərovanın mahnılarını sevirəm.

A.Lətifov: Ailə üzvlərinizə necə, vaxt ayıra bilirsiniz?

- Allah hamının övladını saxlasın, böyük oğlum Səlimlə ortancıl oğlum Rauf tələbədir, kiçik oğlum Fuad isə məktəblidir. Böyük oğlanlarım təhsil və sərbəst həyatla bağlı öz işlərini özləri qurmağa üstünlük verirlər. Həyat yoldaşıma və balaca oğluma vaxt ayırmağa çalışıram. Axırıncı dəfə Yunus Oğuzun “Nadir şah” tamaşasına getmişik. Bəlkə də onlara bir o qədərə vaxt ayıra bilmirəm, amma maksimum dərəcədə çalışıram ki, onları da nəzərə alım, çay süfrəsi arxasında və ya gəzintidə bir yerdə olaq.

Nərgiz EHLAMQIZI

Foto: Elçin MURAD


Müəllif: