9 İyun 2015 11:58
1 310
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə iyunun 7-də keçirilən parlament seçkilərinin ilkin nəticələri bəlli olub. Bülletenlərin 100 faizinin sayılmasından sonra 10 faizlik minimum baryeri keçən 4 iri partiyanın səsləri aşağıdakı şəkildə bölünüb:

Ədalət və İnkişaf Partiyası (AKP) - 40,9 faiz
Cümhuriyyət Xalq Partiyası (CHP) - 25,0 faiz
Milliyyətçi Hərəkat Partiyası (MHP) - 16,3 faiz
Xalqların Demokratiya Partiyası (HDP) - 13,1 faiz.

Bu nəticələrə əsasən hazırda hakimiyyətdə olan AKP yeni parlamentdə 258, CHP 132, MHP və HDP isə hərəyə 80 millət vəkili yeri qazanıb. Kürd partiyası HDP 10 faizlik baryeri aşaraq 80 kreslo qazanmaqla tarixi uğur əldə edib.

Hökumət qurmaq üçün azı 276 səs tələb olunduğundan AKP 13 ildən sonra ilk dəfə olaraq təkbaşına hökumət formalaşdırmaq şansını itirib. Ölkədə koalisiya hökuməti qurmaq zərurəti ortaya çıxıb.

Konstitusiyaya əsasən prezident hökuməti formalaşdırmaq vəzifəsini seçkidə birinci olmuş partiyanın liderinə - hazırkı baş nazir Əhməd Davudoğluna verəcək. Ə.Davudoğlu növbə ilə CHP, MHP və HDP liderləri ilə görüşlər keçirəcək. Lakin MHP və HDP AKP ilə koalisiyaya getməyəcəklərini açıq şəkildə bəyan ediblər. CHP konkret mövqe bildirməsə də, səsvermənin nəticələri bəlli olduqdan sonra AKP-yə qarşı sərt ittihamlarını davam etdirib.

Konstitusiyaya görə, 45 gün ərzində yeni hökumət qurulmazsa, yenidən seçki keçirilməlidir.

Ərdoğandan ilk açıqlama

Parlament seçkilərinin nəticələrini qiymətləndirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin Türkiyə üçün xeyirli olmasını arzulayıb. Türkiyə prezidenti deyib: "Seçkilərdə iştirak nisbətinin yüksəkliyi xalqın seçkilərə inamını və demokratiyanı əks etdirir. Millətimizin təqdiri hər şeyin üzərindədir. Seçkilərin nəticələri heç bir partiyanın vahid iqtidar olmayacağını göstərir. İnanıram ki, iştirak etmiş bütün partiyalar nəticələri sağlam və doğru qiymətləndirəcək. Seçkidən sonra başlanan yeni proseslərdə ölkəmizdəki sabitlik mühitinin, demokratik nailiyyətlərin qorunması üçün bütün siyasi partiyaların lazımi həssaslığı göstərməsi, məsuliyyətli davranış nümayiş etdirməsi böyük əhəmiyyət kəsb edir".

R.T.Ərdoğan açıqlamasında seçkilərdə iştirak edən vətəndaşlara, Yüksək Seçim Quruluna, vilayət və rayon seçki komissiyalarına, seçkilərdə təhlükəsizliyi təmin edən hər kəsə təşəkkür edib.

Azərbaycanlı HDP-dən deputat seçildi

Türkiyədəki parlament seçkilərində kürdlərin partiyası HDP-nin İğdırdan olan azərbaycanlı namizədi Qıznaz Türkeli də millət vəkili seçilib. HDP İğdırdan iki mandat qazanıb. Bu partiya İğdırda səslərin 55,29 faizini toplayıb.

Qeyd edək ki, həmin dairədən Azərbaycanın yaxın dostu İsa Yaşar Tezel namizədliyini vermişdi. Olduqca uğurlu seçki kampaniyası aparan İsa Yaşar, Adli Aşırımın (Azərbaycan kökənli) AKP-dən onun qarşısına çıxarılması, HDP-nin də Azərbaycan kökənli qadınla seçkiyə girməsi səbəbindən nəticəni uduzub.

Alper Çoşqun: "Həyəcanlı seçki oldu"

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun ölkəsində keçirilən parlament seçkilərindən sonra yaranmış siyasi duruma münasibət bildirib. Koalisiya hökuməti yaradılıb-yaradılmayacağı ilə bağlı suala səfir belə cavab verib: "Baş nazirin və bütün siyasi partiya rəhbərlərinin açıqlamalarını eşitdiniz. Önəmli və həyəcanlı seçki oldu. Bundan sonra da siyasi partiyalarımız Türkiyədəki demokratik üsullar çərçivəsində ən gözəl olanı edəcəklər və Türkiyə uğurla yoluna davam edəcək".

Aydın Mirzəzadə: "Qazanan yenə Türkiyə oldu"

Seçkilərə münasibət bildirən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası icra katibliyinin siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə parlament seçkilərinin nəticələrinin bu günün siyasi gündəliyində bir nömrəli mövzu olduğunu bildirib. O qeyd edib ki, görünür, bu seçki hələ uzun müddət ciddi müzakirələr və proqnozlar mövzusu olaraq qalacaq".

Deputat daha sonra deyib: "Gözlənildiyi kimi seçki bir sıra yeniliklərə imza atdı və hər biri hal-hazırda həm Türkiyədə, həm dünyada böyük maraq doğurur. Hakim Ədalət və İnkişaf Partiyası seçkilərdə qalib gəlsə də, mütləq çoxluğa malik olmadığına görə onun mümkün koalisiya müttəfiqinin hansı partiya olacağı haqqında çoxsaylı variantlar irəli sürülür. Hətta indidən vaxtından əvvəl seçkilər barədə də fikir bildirənlər vardır. Hesab edirəm ki, müdrik türk xalqı bu situasiyadan da uğurla çıxa biləcək. Nəzərə alsaq ki, Türkiyə tarixi üçün koalisiyalı hökumət təcrübələri var, bu dəfə də ortaq maraqların nəzərə alındığı bir hökumət formulunun tapılacağı inandırıcı görünür. Bu ortaq maraqların isə güclü və nüfuzlu Türkiyə olacağına şübhə yoxdur".

A.Mirzəzadə hesab edir ki, bu gün yayılan şərhlərdə baryeri aşaraq Türkiyə Böyük Millət Məclisinə ilk dəfə düşən Xalqların Demokratiya Partiyasının seçkidən öncə Ermənistanla sərhədləri qeyd-şərtsiz açmaq təklifləri önə çəkilir:

"Bildirilir ki, AKP HDP ilə koalisiya qurarsa, yeni parlament partiyasının bu fərqli mövqeyi nəzərə alınmalıdır. Qalib AKP-nin kiminlə koalisiya qurması onun seçimidir və bu partiya öz müttəfiqlərini daha yaxşı müəyyənləşdirə bilər. Ancaq dost, qardaş Türkiyənin bir anda öz yolunu dəyişəcəyi, ümumtürk maraqlarını partiya maraqlarına qurban verəcəyi inandırıcı görünmür. 82 milyonluq ölkədə bir qrup insanın Ermənistan sevgisi olması tamamilə mümkündür. Ancaq Türkiyə və Azərbaycan həmişə bir yerdə olublar və bundan sonra da onları ayıracaq heç bir qüvvə qələbə qazana bilməz. Ermənistanın Türkiyəyə qarşı bütün dünyada çirkin kampaniya apardığı halda Türkiyənin bu aqressiv ölkəyə qucaq açması ancaq romantik təxəyyülün arzusu ola bilər".

Deputat qeyd edib ki, Türkiyə bir daha demokratiya və milli dövlətçilk imtahanından uğurla çıxdı və qazanan yenə də Türkiyə oldu.

"Nəticələr əsasən gözlənilən idi"

Seçkinin nəticələrinə dair suallarımızı cavablandıran "Qafqaz" Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, siyasi analitik Araz Aslanlı bildirib ki, seçkilərin nəticələri əsasən gözlənildiyi kimi oldu. Onun sözlərinə görə, hakim Ədalət və İnkişaf Partiyasının səsləri təxminən gözlənildiyi kimi azaldı və yenə gözlənildiyi kimi bu partiya seçkilərdə birinci oldu: "MHP təxminən gözlənilən yüksəlişi yaşadı. HDP gözləniləndən bir qədər çox yüksəliş yaşadı. CHP isə gözləniləndən bir qədər az səs topladı. Təbii ki, bunların hər birinin səbəbləri var idi".

A.Aslanlı deyib ki, AKP-nin üzləşdiyi durumu məğlubiyyətdən daha çox arzuolunmaz nəticə kimi qiymətləndirmək daha doğru olar: "Çünki AKP hələ də birinci partiyadır. Aldığı səslərin faizi də 1990-cı illərdən etibarən keçirilən seçkilərdə heç bir partiyanın ala bilmədiyi qədərdir (1990-cı illərdə heç bir partiya 30 faiz səs toplaya bilməmişdi). Bu baxımdan məğlubiyyət kimi qiymətləndirmək çətindir. Amma təkbaşına hökumət quracaq qədər səs toplamadığı üçün demək mümkündür ki, arzuolunmaz nəticə əldə olunub. Çünki seçki prosesi yeni başladığı zaman bu partiyanın hədəfi 400 millət vəkilinə sahib olmaq idi. İlk rəy sorğularının nəticələri arzuladıqları şəkildə olmayanda hədəflərini 330 millət vəkilinə sahib olmaq kimi dəyişdirdilər. Amma ən az 276 millət vəkilinə sahib olmaq əhəmiyyətli idi ki, heç olmasa, hökuməti təkbaşına qura bilsinlər, bu da alınmadı".

"HDP-nin bu qədər çox səs alması sürpriz oldu"

Müsahibimiz bildirib ki, HDP-nin qələbəsi, yəni 10 faizlik səddi keçməsi gözlənilən idi. Amma bu qədər çox səs alması bir qədər sürpriz oldu: "Əvvəla sonuncu prezident seçkisində HDP-nin liderinin təxminən 10 faiz səs alması göstərirdi ki, bu partiyanın sosial bazası zəif deyil. İkincisi HDP parlament seçkiləri üçün müxtəlif ideoloji təbəqələrdən və etnik qruplardan namizədlər irəli sürdü ki, onlar arasında nüfuzlu şəxslər də var idi. Üçüncüsü Türkiyədə 1 faizdən az səslərə malik olan çox sayda kiçik partiya bu seçkidə HDP ilə ittifaq qurdu və onu dəstəklədi. Digər tərəfdən belə bir ab-hava yaradıldı ki, hakim AKP-nin məğlub edilməsi üçün mütləq HDP 10 faizlik səddi keçərək parlamentə daxil olmalıdır. Beləcə, əslində HDP-ni sevməyən nə qədər seçici HDP-yə səs verdi. Bu və digər amillərin HDP-nin seçkilərdə gözləniləndən yüksək səs almasına səbəb oldu".

"Təkrar seçki aktuallığını qoruyur"

Bundan sonrakı prosesləri qiymətləndirən ekspert seçki öncəsi gərginlik və seçkidən sonrakı ilk bəyanatların koalisiya ehtimalını zəiflətdiyini deyib: "Amma Türkiyə siyasi tarixi göstərir ki, ən böyük gərginlikdən sonra belə koalisiyalar qurula bilir. Seçkilərdən dərhal sonra ilk ortaya atılan iddia AKP-MHP koalisiyası idi. Amma seçkidən sonra xüsusilə MHP-nin lideri Dövlət Baxçalının qəti şəkildə AKP ilə koalisiya qurmayacaqlarını elan etməsi xeyli sualların yaranmasına səbəb oldu. Dəqiq vəziyyəti görmək üçün bir neçə gün də gözləmək lazım gələcək. Amma hazırda təkrar seçki ehtimalı aktuallığını qoruyur".

"Azərbaycan türkləri rahat şəkildə parçalanırlar"

Türkiyənin bütün şərq vilayətlərində, o cümlədən İğdırda HDP-nin namizədinin qalib gəlməsinə münasibət bildirən A.Aslanlı HDP-nin bu ərazilərdə həm yaxşı təşkilatlandığını, həm də məskunlaşmanı strateji şəkildə həyata keçirdiyini vurğulayıb: "İğdırda demoqrafik vəziyyətin necə dəyişdiyinin ən əhəmiyyətli göstəricilərindən biri də məhz bu seçkinin nəticəsi oldu. Azərbaycan türkləri İğdır və Qarsdan böyük şəhərlərə köçür, onların yerinə isə Türkiyənin kürd əsilli vətəndaşları yerləşir. Bu da təbii olaraq seçkilərin nəticələrində özünü göstərir. İğdır və Qarsda seçkinin nəticələrinə təsir edən bir digər amil isə, kürd əsilli seçicilərin kompaktlığını, birliklərini qoruduqları halda, udmaq şansı olmayan namizədlərin israrları nəticəsində Azərbaycan türklərinin rahat şəkildə parçalanmasıdır. Beləcə təbii olaraq bir yerdə olanlar qələbə çalır, parçalananlar isə uduzur".

Seçkinin nəticələrinin Türkiyə ilə Ermənistan arasında imzalanmış Sürix protokollarına, iki ölkə sərhədlərinin açılması məsələsinə nə cür təsir göstərəcəyinə gəldikdə isə, politoloq bu məsələnin heç vaxt gündəmdən çıxmadığını deyib: "Amma HDP-nin parlamentdə geniş şəkildə təmsil olunması və erməni əsilli millət vəkillərinin varlığı mövzunu daha da aktuallaşdıracaq".

Səxavət HƏMİD


Müəllif: