4 İyul 2015 11:12
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gizli görüşlərin ilginc detalları

Son dövrlər Azərbaycanla Qərbin, xüsusi ilə də ABŞ-ın münasibətlərində yaranan soyuqluq ABŞ-ın Azərbaycandakı səfirliyinin ölkəmizə qarşı fəaliyyətinin genişlənməsilə nəticələnib və rəsmi Vaşinqton Azərbaycan hakimiyyətini dəyişdirmək planını işə salıb.

Bunları sübut edən materiallar yayılıb.

Materiallara əsasən, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta yaxın bir neçə ay ərzində müxalifətin radikal qanadının bir çox üzvləri ilə ciddi görüşlər keçirib və vurğulayıb ki, bu ideyaların gerçəkləşməsi üçün ABŞ Dövlət Departamenti Azərbaycan müxalifətinə maddi və mənəvi dəstək verəcək.

Əldə edilən informasiyalardan bəlli olur ki, 2015-ci ilin may-iyun ayları ərzində Robert Sekuta və onun siyasi məsələlər üzrə müşaviri Syuzan Çesli bununla bağlı fəaliyyətlərini daha da aktivləşdiriblər. Bu aktivləşmə Azərbaycanın müxalifət düşərgəsində təmsil olunan tanınmış simalarla bir neçə görüşlər keçirilməsilə müşahidə edilib. Bu görüşlərin bəziləri barədə mətbuatda məlumatlar yayılsa da, müzakirə olunan məsələlər gizli saxlanılıb.

Səfir Cəmil Həsənliylə nələri müzakirə edib?

Belə ki, mayın 26-da Milli Şuranın sədri Cəmil Həsənli ilə səfirliyin inzibati binasında baş tutan görüşdə onun rəhbərlik etdiyi təşkilatın mayın 30-da təyin etdiyi aksiya, I Avropa Oyunları, xaricdə yaşayan azərbaycanlılarla işin koordinasiya edilməsi barədə müzakirələr aparılıb. Müxalifətdəki mənbələrin məlumatına görə, işin daha effektli təşkili üçün Cəmil Həsənli maliyyə yardımının ayrılmasını istəyib və ona bu istiqamətdə dəstək olacağı vəd verilib.

Arif Hacılıya hakimiyyətə təzyiq tapşırığı

İyunun 9-da Müsavat sədri Arif Hacılı ilə keçirilən görüş zamanı əsas mövzu 2015-ci ilin parlament seçkiləri, Avropa Oyunları və “siyasi məhbus” məsələsi olub. Robert Sekuta seçkilərlə bağlı aktivləşməyin vacibliyini vurğulayaraq “siyasi məhbus”ların azadlığa çıxması üçün hakimiyyətə təzyiqlərin davam etdiyini vurğulayıb.

I Avropa Oyunları - tənəzzül çağırışları üçün fürsət

İyunun 9-da Syuzan Çesli Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevlə görüş zamanı Avropa Oyunları, Azərbaycanda iqtisadi və siyasi vəziyyət barədə danışıb. Syuzan Çesli ölkə iqtisadiyyatının Avropa Oyunlarından sonra tənəzzülə uğrayacağına dair fikirlər səsləndirərək yaranmış belə fürsətdən müxalifətin istifadə etməsinin mümkünlüyünü vurğulayıb.

Əli Kərimliyə seçki vədi

İyunun 11-də AXCP sədri Əli Kərimli ilə səfirliyin inzibati binasında keçirilən görüş zamanı Əli Kərimlinin pasport problemi, onun qaynı Elnur Seyidovun hələ də həbsdə qalması, “Azadlıq” qəzetinin maliyyə problemləri ilə üzləşməsi, qərargahın olmaması ətrafında müzakirələr aparılıb, Robert Sekuta bu istiqamətdə dəstək verəcəyini vəd edib, 2015-ci il parlament seçkilərinin dönüş ili ola biləcəyinə işarə edib.

Hədəf - 2016, külli miqdarda vəsait...

İyunun 23-də REAL-ın İdarə Heyətinin üzvləri Erkin Qədirli, Natiq Cəfərli, Azər Qasımlı ilə görüş zamanı Robert Sekuta qeyd edib ki, müxalifətdə təmsil olunan partiya rəhbərləri ABŞ da daxil olmaqla, digər Avropa ölkələrinin Azərbaycandakı səfirliklərinin nümayəndələri və beynəlxalq təşkilatların əməkdaşları ilə görüşməkdən başqa heç bir ciddi işlə məşğul olmurlar.

O, REAL-çılara tapşırıb ki, regionlara çıxsınlar, seçicilərlə görüşlər keçirsinlər, vətəndaşları ətraflarında birləşdirməyin və daha böyük kütlə toplamağın yollarını arasınlar. ABŞ ilə Azərbaycan iqtidarı arasında hazırda dostluq münasibətlərinin çox aşağı səviyyədə olduğunu etiraf edən səfir, 2015-ci il parlament seçkilərinin ölkədaxili siyasi proseslərə ciddi təsir edəcəyini vurğulayıb. Onun sözlərinə görə, ölkə müxalifətinə külli miqdarda pul ayrılacaq. Əsas məqsəd isə 2016-cı ilin may ayına qədər ölkədə dövlət çevrilişinə nail olmaq üçün ciddi addımlar atmaqdır.

ABŞ-ın Azərbaycana qarşı region savaşı

Məlumat üçün bildirək ki, ABŞ-ın Azərbaycanla bağlı planı bu dövlətin region ölkələrdəki səfirliklərində də müzakirə mövzusudur. Səfirliklərə həmin ölkələrdə nüfuzlu azərbaycanlılarla əlaqə qurmaq, onların güclərini Azərbaycan iqtidarına qarşı çevirmək üçün fəaliyyətə başlamaq tapşırığı verilib. Məsələn, səhih informasiyaya görə, ABŞ-ın Ukraynadakı səfirinin 1-ci müavini Bruce Donahue yaxın ətrafına bildirib ki, hazırda Azərbaycan müxalifətinin dirçəlməsi istiqamətində iş aparılır, bu yolda ən böyük rolu isə hakimiyyət daxilində “vurulmağa” hazırlaşan və Qərb təfəkkürlü məmurlar oynayacaqlar. ABŞ tərəfi bir çox işlərini Azərbaycan müxalifətinin xaricdə yaşayan fəalı, ABŞ vətəndaşlığını daşıyan Səid Nuri vasitəsilə koordinasiya edir, Milli Şura üzvlərinə mesajlar məhz onun vasitəsilə çatdırılır. Səid Nurinin 28 iyunda Kiyevə etdiyi səfər də məhz ABŞ tərəfinin dəstəyi və təşəbbüsü nəticəsində baş tutub. Heç kəsə sirr deyil ki, rəsmi Kiyevin Azərbaycana qarşı son vaxtlar müşahidə edilən qeyri-dost münasibətləri də okeanın o tayında hazırlanıb. Ekspertlərin fikrincə, “Şokolad kralı” Petro Poroşenkonun komandasının Bakıya qarşı belə davranmasının kökündə əsasən Azərbaycanın AŞPA-da Rusiyanı dəstəkləməsi dayanır. Elə bu baxımdan “Petro Poroşenko Bloku”nun deputatı, Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri və assambleyanın vitse-prezidenti Vladimir Aryevin azərbaycanlıları hakimiyyəti devirməyə çağırması, prezident Poroşenkonun I Avropa Oyunlarının nə açılış, nə də bağlanış mərasimlərinə gəlməməsi heç də təsadüfi hesab edilməməlidir. Və bütün bunların izi Vaşinqtona, ABŞ-dakı erməni diasporuna və onları dəstəkləyən qüvvələrə gedib çıxır.

Kerrinin kirli planları

Bütün bu qeyd olunan proseslərə isə ABŞ-ın Dövlət Departamenti və onun şefi Con Kerri nəzarət edir. Azərbaycana qarşı tətbiq olunan “907-ci düzəlişin” əsas müəlliflərindən biri olan Con Kerri bütün siyasi fəaliyyəti ərzində ölkəmizə qərəzli mövqe sərgiləyir. Onun fəaliyyətinin əsasını isə ermənipərəst dairələrlə birləşərək ABŞ-Azərbaycan əlaqələrinə ciddi zərbə vurmaq təşkil edir. Bunun bariz nümunəsi kimi sadəcə ABŞ-ın Milli Demokratiyaya Dəstək təşkilatının (NED) Azərbaycanla bağlı hazırladığı sənədi xatırlamaq yerinə düşər. 2 il müddətində həyata keçiriləcək bu layihədə deyilir ki, ölkəmizə qarşı sanksiyalar tətbiq edilməli, Azərbaycan vətəndaşlarının səyahət imkanları məhdudlaşdırılmalı, bank hesabları dondurulmalıdır. Bu layihəyə də ABŞ-ın dövlət katibi Con Kerri rəhbərlik edir. O, bu kampaniyaya ilk Avropa Oyunları ərəfəsində start verməklə 1992-ci ildən Azərbaycana qarşı tutduğu ermənipərəst mövqeyindən əl çəkmədiyini göstərir. Onun kabinetində hazırlanan üzdəniraq bu layihənin ölkəmizdəki icraçıları isə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və onun siyasi məsələlər üzrə müşaviri Syuzan Çeslidir. ABŞ-da isə bu kampaniyanın təşkil olunması National Endowment for Democracy təşkilatına həvalə edilib. Məlumdur ki, əsasən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və dövlət büdcəsindən maliyyələşdirilən NED uzun illərdir Azərbaycanda “5-ci kolon”un formalaşdırılması, hakimiyyət çevrilişi planlarının fəal iştirakçılarından biri rolunda çıxış edir. Bu təşkilat vasitəsilə Azərbaycandakı “tərəfdaş” QHT və media vasitələrinə ABŞ və Qərb mənbələrindən milyonlarla dollar vəsait ötürülüb. “İnsan hüquqları naminə idman” kampaniyası adlandırılan ikinci sənədə əsasən isə Azərbaycana qarşı yeni “qara piar” layihəsinin icrasına başlanılacaq. Sənəddə açıq şəkildə bildirilir ki, bu il Azərbaycanda keçiriləcək parlament seçkilərinin, “Formula-1" yarışmasının, İslam Həmrəylik Oyunlarının və digər mühüm beynəlxalq tədbirlər keçiriləcəyinə görə dünya ictimaiyyətinin diqqəti ölkəmizə yönələcək və bu fürsətdən istifadə edilməklə Azərbaycana qarşı məcburetmə tədbirləri həyata keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər