6 Avqust 2015 11:10
1 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Canlı orqanizm 50 dərəcədən yuxarı istidə yanar”

Bəzi informasiya mənbələri məlumat yayıb ki, İranın cənub bölgəsində havanın hərarəti maksimum həddə çatıb. Anomal istilərin həftə sonunadək 50 dərəcə istilə müşahidə olunacağı proqnozlaşdırılır. Ötən istirahət günlərində isə ölkənin cənubunda yerləşən Bəndər-Məhşəhr şəhərində termometr göstəricisi 74 Selsi dərəcəyə qalxıb, su 33 dərəcəyədək qızıb.

Bu səbəbdən region sakinlərinin böyük əksəriyyəti evlərini tərk etmir, yaşayış məntəqələrində əhalinin içməli su ilə əlavə təminatı təşkil edilib, ölüm hallarının olması barədə məlumat yoxdur.

Amma anomal temperaturun dünya rekordu qırmadığı da bildirilir. Yayılan məlumatlarda göstərilir ki, 2003-cü ildə Səudiyyə Ərəbistanının rayonlarından birində 81 dərəcə selsi istilik qeydə alınıb.

Qeyd edək ki, bu ilin may ayında Hindistanda anomal istilər nəticəsində havanın hərarətinin 50 dərəcəyədək yüksəlməsi nəticəsində ölənlərin sayının 1200-ü ötməsi barədə xəbərlər yayıldı.

Bəzi iqlimşünaslar havanın hərarəti barədə düzgün məlumatların olmadığını bildirsələr də, maksimum hədli anomal istiləri mümkün hesab edənlər də var.

Xüsusən yaşlılar arasında anomal istilərə dözümsüzlük halları havanın hərarətinin həqiqətən yüksək olmasını əlamətləndirir. Bəs 50-70 dərəcə istiliyə canlı aləm necə tab gətirə bilər?

Ekoloq: İranda 60 dərəcə istinin şahidi olmuşam

Ekoloq Fəqan Əliyev İranda havanın hərarətinin yüksək olmasını mümkün hesab edir. Onun sözlərinə görə, 5 il öncə İranın cənubunda, Səudiyyə Ərəbistanı ilə həmsərhəd bir ərazisində dəhşətli istilərin şahidi olub: “74 dərəcənin dəqiq proqnoz olduğunu deyə bilmərəm, amma İranın cənubunda Fars körfəzinin yaxınlığında Əsəluyə şəhərində 60 dərəcə istinin şahidi olmuşam. Bu şəhərin ərazisi başdan başa silsiumdur, torpağı şüşə kimidir. Dünyanın 24 faiz qazı orada çıxır. 5 il öncə yay ayı idi, orada olanda, yandırıcı havaya dözmək mümkün deyildi. Dubayda da olmuşam, 44 dərəcə istidə, amma Əsəluyədə isti çox dəhşətli idi. Buna baxmayaraq, şahidi oldum ki, o iqlimə canlılar necə uyğunlaşır. Məsələn, orada nar ağacları gördüm. O mühitdə yaşayan insanların yaşayış tərzi də tam başqadır. Orada tikintilər, xüsusilə, gil torpaqlardan olur, əhali əsasən yer altında yaşayır. Yəni Yaradan hər yerli şəraitə uyğun da coğrafi mühit bəxş edib insanlara. Təbrizin 70 kilometrliyində Kəndivan deyilən bir yer var, orada insanlar qayaların içərisində kahalarda yaşayırlar. Təbii olaraq o kahalar qışda isti, yayda sərin olur.

Belarusda mən damı küləşdən olan evlər görmüşəm. Küləşdə hansı ki, təbii tənzimləmə xüsusiyyəti var, yayda istini evə buraxmır, qışda soyuğu.

Yaradanın insanlara bəxş etdiyi təbii mühiti insanlar korlayır. Nostradamusun bir proqnozunda deyilir, avropalılar özlərinin qızıl minilliyini yaşayır. Avropa insanı başqa ölkələrin faydalı qazıntılarını istismar edib, özlərinə ən ideal şərait yaradırlar, amma Afrika, Asiya ölkələri var ki, insanları acından ölür. Bütün bunlar insanların yaşamaq uğrunda təbii mübarizəsini əngəlləyir, bu qeyri-bərbərlik dünyanı mərhmətsizləşdirir".

Fəqan Əliyevin sözlərinə görə, hər coğrafi şəraitə uyğun iqlim formalaşır: “Moskvada 30 dərəcə isti bizdəki 40 dərəcə istidən də dəhşətli olur. Çünki hava nəmliyi Moskvada Bakıdan çoxdur. Aşqabadda isə hava çox quru olduğuna görə, 40 dərəcə isti o qədər də yandırıcı olmur”.

Ekoloq hesab edir ki, Azərbaycanda havanın hərarəti yüksək olduqda insanların zərər görməməsi üçün açıq havada işlər mütləq dayanmalıdır: “Əslində, 38-39 dərəcədən sonra iş olmamalıdır. Abşeron yarımadasında ərəb ölkələrinə uyğun səhralıq var. Bir vaxtlar Abşeron yarımadasında 42 dərəcədə isti olanda Dubayda 44 dərəcə isti qeydə alınmışdı. Amma Dubayda hava şəraitinə uyğun oturuşmuş bir mühit sistemləşdirilib. İnsanlar bunun əziyyətini çəkmirlər. Hətta dayanacaqlarda da kondisionerlər var”.

İqlimşünas: “74 dərəcə istinin olması həqiqətdən uzaqdır”

İqlimşünas alim, Bakı Dövlət Universitetinin müəllimi Əsgər Məmmədov isə hesab edir ki, hədsiz isti və soyuq hava proqnozları haqda deyilən fikirlər çox hallarda şou xarakterli olur: “Əsası olmayan belə fikirləri ciddi hesab etmirəm. İranda 74 dərəcə isti olması həqiqətdən uzaqdır. Ərəbistanda 81 dərəcə isti səhralıqda günün altında qeydə almaq olar, bu da temperaturun öyrənilməsi standartlarına uyğun deyil.

36,6 bədən hərarətinə malik insanın hərarəti 41 dərəcəyə çatanda komaya düşür. Otaq şəraitində 42 dərəcə istiyə dözmək mümkün deyil, o ki qala 70 dərəcə isti. Hindistanda 50 dərəcə istidə nə qədər insan həyatını itirdi. Doğrudur, Afrikada Saxara səhrasında buşmenlər yaşayan ərazi var ki, havanın hərarəti 50-52 dərəcəyə yüksəlir və onlar da açıq havada deyil, yerin altında yaşayırlar və bu iqlimə uyğunlaşıblar. Ancaq onlar da özlərini günün qızmar şüalarından, öldürücü istilərdən qoruyurlar. Çünki canlı orqanizm 50 dərəcə istidən yuxarıda yanar".

Azərbaycanda maksimum istilər Culfada ola bilər

Mütəxəssis bildirdi ki, Azərbaycanda anomal istilər Culfada maksimum 42 dərəcə ola bilər: “Amma bir məsələ də var ki, mən Azərbaycanda metodoloji məntəqələrin bəzilərinin müasir standartlara uyğun, hava müşahidələrin vaxtlı-vaxtında aparılmasına şübhə edirəm. Digər tərəfdən, adi şəraitdə gündə, yaxud kölgədə termometrlə müəyyən edilmiş hərarət havanın temperatur göstəricisi deyil. Ən düzgün proqnoz dəqiq elmi müşhidələrə əsaslanmalıdır”.

İnsanların indiki istilərə dözümsüzlüyünü Əsgər Məmmədov insanların qidalanması və stress keçirməsi ilə əlaqələndirir və o, Abşeron yarımadasını Dubayla müqayisə etməyi düzgün hesab etmir: “Azərbaycanda çöl-iqlim tipi Kür-Araz ovalığında var. Abşeronda səhra iqlimi yoxdur. Azərbaycanda Xəzər dənizi şimal küləklərinin qapısıdır. Xəzri Xəzərdən gəlir, Bakı səhralıq hesab olunmur, amma Dubay səhrada yerləşir”.

Ekoloq Nəriman İsmayılov da rekord istilərin 74 dərəcəyə çatmasını mümkünsüz sayır. Onun fikrincə, insanların anomal istilərə adaptasiya olunması üçün sadə vasitələrdən istifadə etməsi də mümkündür: “İsti havalarda çox su içmək, açıq havaya çıxanda özünlə ehtiyat ilıq su götürmək və qəbul etməklə günvurmadan qorunmaq olar. Yaxud SSRİ vaxtında Türkmənistanda yay çox isti olduğuna görə, hərbi xidmət keçənlərə kəmşirin və açıq rəngli limonlu çay tövsiyə edilirdi. Bütün hallarda insanlar təbiətə münasib olmağı bacarmalıdırlar”.

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər