Noyabrın 1-də Milli Məclisə seçkilər keçiriləcək. Hələlik az sayda təşkilat seçkilərdə iştirak edəcək namizədlərinin siyahısını açıqlayıb. Bu günə qədər yalnız Böyük Quruluş Partiyası və Ümid Partiyası-"125-lər" Siyasi Klubu siyahılarını təqdim edib.
Ümid-"125-lər" Siyasi Klubu 60 dairədən namizəd irəli sürüb və elan edib ki, daha 30-40 dairə üzrə namizədlərini müəyyən etmək üçün müzakirələrini davam etdirir.
Böyük Quruluş Partiyası isə 15 seçki dairəsi üzrə namizədlərini açıqlayıb. Elan edib ki, həftə ərzində digər seçki dairələri üzrə namizədlərini müəyyən edəcəklər.
BAXCP və DİP rəsmi qərarı gözləyir
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirib ki, indidən hər hansı bir açıqlama verməyi doğru hesab etmir. Onun fikrincə, bu haqda qərarı partiyanın Ali Məclisi verəcək: "Bu, Ali Məclisin səlahiyyətinə aid olan məsələdir. Ali Məclis siyahını təsdiq etdikdən sonra bu, legitim qərar hesab oluna bilər. Təbii ki, bizdə seçkilərə hazırlıq prosesi başlanılıb və seçkidə iştirak edəcək namizədlərimiz də müəyyən edilir. Ancaq sonda bu siyahı Ali Məclisdə təsdiq olunmalıdır. Təsdiq edilməyənə qədər bu haqda danışmaq, siyahı açıqlamaq hüquqi baxımdan doğru deyil. Seçkilərə rəsmi start verildikdən sonra BAXCP Ali Məclisi toplanacaq və namizədlərlə bağlı qərarını verəcək. Bundan sonra siyahı cəmiyyətə açıqlanacaq".
Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə qeyd edib ki, qarşıdan gələn seçkilərdə iştirak edəcəklər: "Bizdə bununla bağlı vahid mövqe var. Ancaq hələlik namizədlərimizin ümumi sayını, seçki taktikası və proqramını cəmiyyətə açıqlamaq istəmirik. Bizim niyyətimiz belədir ki, seçkilərə rəsmi start verildikdən sonra bu haqda mövqeyimizi ifadə edək. Ancaq bizdə seçkilərə hazırlıq, seçki proqramı, namizədlərin müəyyən edilməsi prosesi üzərində ciddi iş aparılır. Sadəcə hesab edirik ki, məqamı gələndə namizədlərimizin ümumi siyahısını açıqlayacağıq".
DİP sədri əlavə edib ki, onlar 2010 parlament seçkilərinə "Demokratiya" Seçki Bloku ilə gediblər: "Bizim kifayət qədər namizədimiz olub. Ancaq hələlik blok məsələsi gündəmdə yoxdur".
"60 dairə üzrə namizədlərimizi müəyyən etmişik"
Seçkidə iştirak edəcəyini birmənalı elan edən "Azadlıq-2015" Seçki Blokunda 8 siyasi partiya təmsil olunur: KXCP, AzDP, Azadlıq, VİP, AXP, BAP, ASLP və Aydınlar Partiyası. Blokun Seçki Qərargahının rəhbəri, KXCP Ali Məclisinin sədri deyib ki, onlar "Azadlıq-2015" Seçki Bloku formatında iştirak edəcəklər: "Hazırda namizədlərin müəyyən edilməsi prosesi gedir. Bu prosesdə blokda təmsil olunan bütün partiyaların razılığı alınmalıdır. Bu səbəbdən namizədlərin müəyyən edilməsi asan məsələ deyil. Blokun toplantılarında əsas müzakirə mövzusu məhz namizədlərin siyahısıdır. Avqustun 12-də də bu məsələ müzakirə edilib. Biz hazırda 60 seçki dairəsi üzrə namizədlərimizi müəyyən etmişik. 30-40 seçki dairəsi üzrə isə işlər aparılır. Bəzən bir dairədə iki partiyanın namizədi olur və hər biri də namizədlərinin güclü olduğunu ifadə edirlər. Bu səbəbdən çətinlik yaranır. Ancaq nəzərdə tutmuşuq ki, avqustun sonlarına qədər siyahımızı açıqlayaq. Bizdə həm blokun ümumi, həm də partiyaların namizədlər siyahısı açıqlanacaq. İndi məhz bu işin üzərində müzakirələr, dəqiqləşdirmələr aparırıq. Bütün hallarda biz bu prosesi seçkilərə rəsmi start veriləndən əvvəl başa çatdıra biləcəyik".
Liberal Partiya iki daş arasında qalıb
Azərbaycan Liberal Partiyası (ALP) seçkilərə qatılıb-qatılmayacağını dəqiqləşdirməyib. Partiyanın sədri Əvəz Temirxan bildirib ki, hələlik bununla bağlı konkret bir söz deyə bilməzlər: "Bizim qəti qərarımız yoxdur. Seçkilərə qədər vəziyyət dəyişə bilər. Biz seçkilərə start verildikdən sonra partiya rəhbərliyini toplayıb müzakirə aparacağıq və uyğun qərarımız olacaq. İndilikdə partiyanın seçkilərdə iştirak etməsini 50 faiz, iştirak etməməsini də 50 faiz istəyir. Odur ki, son qərarımız yoxdur".
Müsavat avqustun sonunda açıqlayacaq
Müsavat Partiyası da seçkilərdə iştirak etmək qərarındadır. Hazırda partiyada namizədlərin müəyyənləşdirilməsi prosesi aparılır. Partiya rəhbərliyi elan edib ki, bu günə qədər 60-dan çox seçki dairəsi üzrə namizədlərini müəyyən ediblər və hazırda bu proses davam etdirilir. Partiya Məclisinin üzvü Mustafa Hacıbəyli deyib ki, seçkilərdə Müsavat alternativ irəli sürmək istəyir: "Bir çox rayon təşkilatları öz namizədlərini müəyyənləşdiriblər. Onlar bu barədə partiyanın mərkəzi orqanlarına məlumatlar çatdırıblar. Avqust ayında Məclisin iclası keçiriləcək. Həmin iclasda seçkilərlə bağlı yekun qərar veriləcək. Elə o toplantıda bizim ayrı-ayrı dairələr üzrə Müsavat Partiyasının namizədləri müəyyənləşəcək. Bununla bağlı qərar veriləcək. Daha sonra isə Müsavatın namizədlərinin siyahısı ictimaiyyətə açıqlanacaq".
Milli Şura boykot edir
AXCP-nin təmsil olunduğu Milli Şura seçkilərlə bağlı dəqiq mövqeyini ortaya qoymur. Milli Şura hələlik vaxt udmaq niyyətindədir. Bu qurumun son sessiyasında seçkilər məsələsi müzakirə edilməyib. Növbəti sessiyanın nə zaman keçiriləcəyi isə bəlli deyil. Ancaq Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlərindən Vidadi Mirkamal, Rafiq Manaflı, Namizəd Səfərov və digərləri seçkilərdə iştirakı məqbul hesab etmirlər. Elə AXCP sədri Əli Kərimlinin müavinləri də seçkilərdə iştirak etməməyin və boykotun daha uğurlu variant olduğu haqda fikirlər səsləndirirlər. Milli Şura daha çox vaxt udmaq və digər siyasi partiyaları seçkilərdə iştirakdan çəkindirmək xətti aparır.
ADP namizədlərini müəyyən edə bilmir
Azərbaycan Demokrat Partiyası (ADP) seçkilərdə iştirak edəcək. Partiyanın sədri Sərdar Cəlaloğlu deyib ki, seçkilərə neçə namizədlə gedəcəkləri haqqında indidən konkret rəqəm deyə bilməz. Onun sözlərinə görə, üzvlərinin seçkilərdə namizəd qismində iştirak etməsi üçün təzyiq göstərilməyəcək: "Bu könüllü məsələ olacaq. Seçkilərə qatılmaq istəyən üzvlərimiz olacaqsa, biz buna etiraz etməyəcəyik".
Qeyd edək ki, Demokrat Partiyası "Qarabağ" Blokunda təmsil olunur. Onun müttəfiqi olan Ümid Partiyası artıq namizədlər siyahısını açıqlayıb və üstəlik "125-lər" Siyasi Klubu ilə seçki əməkdaşlığına gedib. Bu isə ADP-ni pis vəziyyətə salıb. İndi ADP seçkilərdə hansı formatda iştirak edəcəyini dəqiqləşdirə bilmir.
AMİP güclü namizədlər prinsipini əsas götürür
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) da seçkilərdə iştirak edəcək. AMİP sədri Yusif Bağırzadə deyib ki, onlar hazırda namizədlərini müəyyən edirlər: "Biz indiyə qədər regionlarda müşavirə keçirmişik, namizədlərimizi müəyyən etmək istiqamətində iş aparırıq. 2010-cu il seçkilərində müxalifət düşərgəsində ən çox namizəd irəli sürən partiya AMİP olub. İndi biz namizədlər məsələsinə dair xəttimizi dəyişirik. Biz daha çox namizəd deyil, daha güclü namizədlər prinsipinə üstünlük verəcəyik ki, gücümüz parçalanmasın. Seçkilərə start verilənə qədər isə namizədlərimiz açıqlanacaq".
ASDP-nin bir neçə namizədi olacaq
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib ki, onlar hazırda tətildən yeni qayıdıblar. Partiya sədri söyləyib ki, seçkilərdə bir neçə namizədlə çıxış edəcəklər: "Çünki partiyanın maliyyə imkanları yoxdur. Odur ki, az namizədlə iştirak edəcəyik".
Bununla belə, hələlik ASDP-nin namizədləri bəlli deyil. Hazırda bu məsələlər müəyyənləşdirilir.
CAVİDAN