3 Sentyabr 2015 13:27
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov sentyabrın 1-də günün ikinci yarısında Azərbaycana işgüzar səfər edib. Həmin gün günün birinci yarısında Rusiyanın baş diplomatı Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (MQİMO) ənənəvi çıxış edib. Görüşdən dərhal sonra S.Lavrov Bakıya yola düşüb. Burada görüşlər günün ikinci yarısında başlayıb. İşgüzar səfər zamanı Azərbaycan və Rusiya arasında münasibətlərin ikitərəfli və çoxtərəfli formatının müxtəlif aspektləri, regional məsələlər müzakirə olunub.

"Səfər iki mühüm hadisəyə təsadüf edir"

S.Lavrovun səfərinə münasibət bildirən politoloq Qabil Hüseynli səfərin iki mühüm hadisəyə təsadüf etdiyini deyib. Onun sözlərinə görə, S.Lavrov Azərbaycana həm müəyyən şirnikdirici vədlər, həm də təlqinedici təkliflər verə bilər: "Avqustun 28-də Antalyada Türkiyə, Azərbaycan və Türkmənistan Xarici İşlər nazirlərinin üçtərəfli görüşü keçirildi. Bu görüş və burada Trans-Xəzər layihəsinin müzakirəsi bu səfəri ortaya çıxarıb. Rusiya Trans-Xəzərlə çox maraqlanır və bu qaz kəmərinin tikilməsinin əleyhinə olduğunu dəfələrlə bildirib. Sergey Lavrovun Bakıda bu məsələyə toxunacağı və Rusiyanın mövqeyini bir daha Azərbaycanın nəzərə çatdıracağı istisna deyil. Çünki bu məsələdə açar rolunu Azərbaycan oynayır. Buna görə də Lavrov Azərbaycana həm müəyyən şirnikdirici vədlər, həm də təlqinedici təkliflər verə bilər".

Q.Hüseynli qeyd edib ki, səfərin digər bir səbəbi isə NATO-nun baş katibi Yens Stoltenberqin Gürcüstana gəlişi ilə bağlıdır: "Moskva hazırda bundan çox narahatdır. Çünki baş katibin Azərbaycana səfəri haqqında da məlumatlar dolaşır. Yəni Rusiya NATO-nun təsir dairəsinin Cənubi Qafqazda artmasından ehtiyat edir".

Politoloqun sözlərinə görə, Xarici İşlər nazirləri səviyyəsində baş tutacaq görüşdə Azərbaycanın işğal olunmuş 7 rayonunun qaytarılması əsas müzakirə mövzusu ola bilər: "Lavrovun Azərbaycana səfəri daha çox Rusiyanın geostrateji maraqları ilə bağlıdır. Moskva maraqlarının praktiki həllində Bakının nüfuzundan və bölgədəki mövqeyindən istifadə etməyə çalışır. İndiki zamanda Azərbaycanın xarici siyasəti Türkiyə və Türkmənistanla birlikdə çox ciddi məsələlərə köklənib. Rusiyanın Azərbaycanla bağlı maraqları kifayət qədərdir. Moskva bunları reallaşdırmaq üçün ilk növbədə Bakının maraqlarını nəzərə almalıdır. Buna görə də güman edirəm ki, Azərbaycan Dağlıq Qarabağ və 7 rayonun qaytarılması məsələsinin praktik həllinin intensivləşməsini rus nazirin diqqətinə bir daha çatdıracaq".

"İki ölkə arasında yaxınlaşma var"

Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıxov isə bildirib ki, S.Lavrovun Bakıya səfəri son illər Rusiya-Azərbaycan münasibətlərində müşahidə olunan tərəfdaşlıq münasibətləri çərçivəsində baş tutur: "İki ölkə arasında yaxınlaşma var. İndi bu əlaqələri möhkəmləndirmək, inkişaf etdirmək lazımdır. İki ölkəni bir sıra məsələlər maraqlandırır və narahat edir. İqtisadi, siyasi, humanitar əlaqələr müzakirə olunacaq. Bu kontekstdə Dağlıq Qarabağ münaqişəsilə bağlı fikir mübadiləsi aparılacaq. Sergey Lavrovun qarşısında uzun illərdir davam edən danışıqların müəyyən nəticə verməsi məsələsi qaldırılacaq. Çünki Dağlıq Qarabağ münaqişəsinin həlli bir çox hallarda Rusiyadan asılıdır. Kreml İrəvanın hərbi müttəfiqidir. Azərbaycan Rusiya ilə münasibətlərini əsasən Dağlıq Qarabağ faktoru üzərində qurur. Yəni münaqişənin həllində Kreml üzərinə düşən addımı atır, Azərbaycan isə Moskva ilə əməkdaşlığı gücləndirir. İndiki məqamda Azərbaycanla əməkdaşlıq etmək Rusiyaya daha sərfəlidir, nəinki dostu Ermənistanla. Düşünürəm ki, Azərbaycan tərəfi Lavrovun qarşısında haqlı olaraq münaqişənin həllində vacib addımların atılması məsələsini qaldıracaq".

F.Sadıxovun sözlərinə görə, Rusiya və Azərbaycan regionda gözlənilən digər təhlükə, İŞİD-ə qarşı birgə mübarizə aparmaq məsələsini də müzakirə edə bilərlər: "Xüsusilə, Şimali Qafqazda gözlənilən İŞİD təhlükəsi son vaxtlar daha aktualdır. Dini radikalizmin artması məsələsi bu gün tərəflər arasında müzakirə oluna bilər".

"Sergey Lavrovun Azərbaycana səfəri önəmli hadisədir"

"Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycana səfəri önəmli hadisədir. Səfər ikitərəfli münasibətlər və regionu narahat edən məsələlərlə bağlıdır".

Bunu isə jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
B.Muradova S.Lavrovun Azərbaycana səfəri ilə bağlı bəzi mətbuat orqanlarında yayılan məlumatlara şərh verməyə ehtiyac görmədiyini deyib: "Mən o məlumatlarla bağlı şərh verə bilmərəm. Düşünürəm ki, bunlar ehtimallardır. Belə səfərlər, görüşlər və müzakirə olunan məsələlər iki ölkənin qarşılıqlı münasibətlərinin daha da yaxşılaşmasına və bu münasibətlərin regionun inkişafına yönəlməsinə təsir göstərir".

"Lavrovun səfəri geosiyasi maraqlar kontekstində baş verib"

Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri hər bir dövlətin geosiyasi maraqlarının olduğunu bildirib. Onun sözlərinə görə, hazırda enerji məsələləri də bilavasitə geosiyasətin tərkibinə daxil olan bir məsələdir: "Hər bir dövlətin, o cümlədən ABŞ-ın və bütövlükdə Qərb dünyasının Azərbaycanda geosiyasi maraqları var. Ona görə də mənə elə gəlir ki, burada dəhşətli bir şey yoxdur. Lavrovun gəlişi də bilavasitə geosiyasi maraqlar kontekstində baş verib. Lakin, mən bu səfərin rəsmi deyil, işgüzar səviyyədə, sadəcə protokol xatirinə gerçəkləşdirilməsinə dair açıqlanan səbəbi qəbul etmirəm. Çünki bu ərəfədə baş verən hadisələri çözələsək, mənə elə gəlir ki, bir çox məsələlərə aydınlıq gələ bilər. Xüsusilə mən birinci sıraya Gürcüstanda NATO Təlim Mərkəzinin açılmasını qoyuram. Bu, çox əhəmiyyətli bir hadisədir və Rusiyanın maraqları nöqteyi-nəzərincə, bu, bilavasitə Kremlin təhlükəsizliyini təhdid edən bir hadisədir. Çünki bu, Rusiya tərəfindən NATO-nun genişlənməsi siyasəti kimi qəbul edilir. NATO Rusiya sərhədlərinə daha çox yaxınlaşdıqca, təbii ki, Moskva narahat olmaya bilmir. Son hadisələr, xüsusilə də Cənubi Osetiya istiqamətində Gürcüstan sərhədlərinin tədricən, yəni "sürünən işğal"la zəbt olunması, hətta Bakı-Supsa neft kəmərinin beynəlxalq xarakter daşımasına rəğmən həmin kəmərin bir hissəsinin zəbt olunmuş əraziyə düşməsi də bilavasitə qlobal güclərə bir təhdid mesajı idi. Bu mesaj NATO Təlim Mərkəzinin açılmasının qarşısını almağa yönəlmişdi. Ancaq bu baş vermədi. Bütün bunlara rəğmən NATO-nun Təlim Mərkəzi açıldı".

"Azərbaycan Prezidenti dövlətin suverenliyinin qorunub saxlanılması ilə həmişə fəxr edib"

N.Miri qeyd edib ki, itirilmiş Gürcüstandan sonra Azərbaycanla əməkdaşlığı itirməmək, ən azı əməkdaşlığın səviyyəsini indiki durumda saxlamaq üçün Rusiyanın Xarici İşlər naziri diplomatik səylər göstərir: "Ən nəhayət, düşünürəm ki, Dağlıq Qarabağ problemini irəliyə necə daşımaq olar sualı çox ciddi müzakirə obyektinə çevrilib. Əslində, bunu həll etmək Rusiya üçün çox ciddi problem deyil. Sadəcə, Rusiya bunun müqabilində Azərbaycandan nələr istəyə bilər sualı çox ciddi, narahatedici sualdır. Bilirsiniz ki, Rusiya Azərbaycanın daim onun mövqeyini müdafiə etməsini istəyir. Avrasiya İqtisadi Birliyi və Vahid Gömrük Məkanına üzvlüklə bərabər, rus qoşunlarının Dağlıq Qarabağda sülhməramlı qoşun kimi yerləşdirilməsi nəzərdən keçirilir. Bu ərəfədə hətta Qəbələ RLS-in modern şəkildə yenidən tikilməsi Rusiya tərəfdən gündəmə gətirildi və bununla bağlı ictimai rəy yaradılmasına çalışıldı. Bu təklif işğal olunmuş bir neçə rayonun Azərbaycana qaytarılması müqabilində edilmişdi. Məhz buna görə Azərbaycana təklif olunan variant çox baha qiymətə olduğu üçün ölkəmiz buna razı ola bilməzdi. Əslində, bu təklif bir müddət öncə irəli sürülmüşdü və müzakirə olunmuşdu. Sadəcə, olaraq rusiyalı nazir bu məsələyə yenidən müəyyən mənada açıqlama və bir çox qaranlıq məqamlara aydınlıq gətirmək üçün səfər etmişdi. Düşünürəm ki, Azərbaycan tərəfi ölkəmizin ərazisinin işğaldan azad olunması ilə bağlı səylər göstərsə də, bu cür azadetmə yollarını heç vaxt qəbul etməz. Çünki Azərbaycan Prezidenti bütün zamanlarda Azərbaycan dövlətinin suverenliyinin qorunub saxlanılması ilə həmişə fəxr edib və bu suverenliyi, bu ixtiyarı kimsəyə vermək fikrində deyil".

Politoloq bildirib ki, hazırda Rusiya tərəfini narahat edən digər bir məsələ qlobal Trans-Xəzər qaz layihəsinin Xəzərin dibi ilə çəkilərək Azərbaycan vasitəsilə Avropaya daşınması məsələsidir: "Bilirsiniz ki, artıq bu kontekstdə bir üçlük formatı yaranıb. Mən Azərbaycan, Türkmənistan və Türkiyə formatını nəzərdə tuturam. Mütəmadi olaraq üç ölkənin xarici işlər naziri bu kontekstdə görüşüb danışırlar və siyasi yöndə müəyyən irəliləyişlərin olduğuna dair açıqlamalar verirlər. Bilirsiniz ki, bu formatda hələlik sonuncu görüş avqustun 28-də Türkiyənin Antalya şəhərində keçirildi. Təbii ki, bu formatda görüşün keçirilməsi Rusiyanı narahat etməyə bilməzdi. Bu yöndə də Rusiyanın bir çox sualları vardı. Mənə elə gəlir ki, görüşlər zamanı əsasən bu məqamlara toxunulub. Düşünürəm ki, bu məsələlər kontekstində Lavrov Azərbaycandan o qədər də əlidolu qayıtmayıb. Çünki bu məsələlər bilavasitə Azərbaycanın geostrateji maraqlarına daxil olan çox həlledici, həyati və önəmli məsələlərdir. Eyni zamanda, bu məsələlər təkcə Azərbaycanın özünün bildiyi kimi həll olunmur. Çünki ölkəmizin də strateji müttəfiqləri var və bu kontekstdə nəzərə almaq lazımdır ki, çox yaxın zamanlarda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Türkiyəyə də səfər etmişdi. Düşünürəm ki, həmin vaxt da bu məsələlər ciddi müzakirə obyektinə çevrilib".

"Münasibətlərin inkişafı istiqamətində müsbət irəliləyişlər nəzərə çarpır"

N.Miri onu da bildirib ki, Rusiya-Azərbaycan münasibətlərinin inkişafı istiqamətində, ümumilikdə, müsbət irəliləyişlər nəzərə çarpır: "Azərbaycan iqtisadi sanksiyalar fonunda Rusiyaya çox ciddi mənada dəstək verməkdə davam edir. Bundan başqa, Azərbaycan Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara qoşulmur və qoşulmayacağını da açıq bəyan edir. Təbii ki, bu mövqe Rusiyada yüksək qiymətləndirilir. Bundan başqa, bir çox beynəlxalq təşkilatlarda regional məsələlərin müzakirəsi kontekstində Azərbaycanla Rusiya vahid mövqedən çıxış edirlər. Mənə elə gəlir ki, bu məsələlərdə də konkret razılaşmalar, yəni bu prosesin davam etməsi yönündə razılaşmalar əldə oluna bilər".

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər