Dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq ölkə ərazisində matəm elan olunub.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev qərar verib.
Qeyd edək ki, baş vermiş qəzada 33 nəfər xilas edilib, 1 nəfər həlak olub, 30 nəfər isə itkin düşüb.
Hazırda itkin düşənlərlə bağlı axtarış-xilasetmə tədbirləri davam edir. Bu gün dalğıclar dənizin dibinə enəcəklər və orada axtarışlar davam etdiriləcək. Hələlik platformadakı yanğının qarşısını almaq da mümkün olmayıb. Hazırda yanğınsöndürmə və xilasetmə işləri davam etdirilir.
Xatırladaq ki, dekabrın 4-ü baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.