“Əslində, bu gün məsuliyyət ATƏT-in Minsk qrupunun həmsədrlərinin və ilk növbədə Rusiyanın üzərindədir. Çünki məhz Rusiya Azərbaycanın Ermənistanın təxribatına cavabını dayandırmağa çalışdı. Rusiya vəd etdi ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunacaq və Ermənistan işğal olunmuş əraziləri azad edəcək. Bu baş vermir. Bu, baş verməyənə qədər də mən məsuliyyəti məhz beynəlxalq təşkilatlarda və Minsk qrupunun həmsədrlərində görürəm. Çünki indiyədək onların funksiyası məhz münaqişəni dondurmaqdan ibarət olub”.
Azərbaycan və Ermənistan prezidentlərinin iyunun sonunda Sankt-Peterburqda keçirilməsi planlaşdırılan görüşünə münasibət bildirən Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Teleqraf.com-a açıqlamasında belə deyib.
O bildirib ki, Ermənistana hər hansı təzyiq olmasa, rəsmi İrəvan heç bir adım atmayacaq və işğal olunmuş əraziləri azad etməyəcək: “Bu gün gündəmdə bir məsələdir. İşğal olunmuş ərazilər azad edilməlidir. Bundan sonra real danışıqlar başlaya bilər”.
İyunun sonunda Sankt-Peterburqda keçirilməsi planlaşdırılan Dağlıq Qarabağ sammitindən gözləntilərə toxunan A.Mollazadə qeyd edib ki, hansısa sammitlər, konfranslar məhz Azərbaycan ərazisi azad ediləndən sonra nəticə verə bilər: “Hazırda məsuliyyət Rusiyanın üzərindədir və Rusiya bir çox vədlər verib. Rusiya Ermənistana olan təsirindən istifadə edərək hər hansı bir nəticəni nümayiş etdirməlidir. Bu, olmadıqca mənə elə gəlir ki, boş-boş, nəticəsiz danışıqlar olacaq. Biz artıq münaqişənin həllindən istifadə edərək həyata keçirilən bir növ diplomatik turizmdən yorulmuşuq”.
Qeyd edək ki, Vyana görüşü əsnasında Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində insidentlərin araşdırılması məqsədilə müşahidə kameralarının yerləşdirilməsi məsələsi gündəmə gəlmişdi. A.Mollazadə qeyd edib ki, bu cür mexanizmlər öz-özlüyündə beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş oyunlardır: “Əslində, Minsk qrupunun hər üç həmsədrinin elə dəqiq, güclü peyk nəzarət sistemləri var ki, onlar olan yerdə hansısa video-nəzarət sistemləri qurmağa ehtiyac da yoxdur. Peyklərdə olan videolar santimetrlər miqyasında yerdə baş verənləri qeyd alır.
Ona görə də mənə elə gəlir ki, yenə də məqsəd məhz diqqəti yayındırmaq, onu hansısa əlavə məsələlərə yönəltməkdən ibarətdir və əsas məsələnin həllində nəticəsiz qalmağa xidmət edir. Bu gün münaqişənin həlli ancaq bilavasitə erməni qoşunlarının işğal olunmuş ərazilərdən azad etməsindən keçir və bundan sonra danışıqlar normal müstəvidə davam etdirilə bilər. Minsk qrupu o zaman hansısa bir nəticə əldə edə bilər. Çünki yalnız bu halda beynəlxalq hüquq normalarına hörmət ifadə olunacaq. Əks təqdirdə hansısa videolar növbəti diplomatik oyunlardır”.
Onu da bildirək ki, bu ayın sonunda baş tutacaq görüşdə hansısa irəliləyiş əldə olunmasa, iyul-avqust aylarında cəbhə bölgəsində vəziyyətin yenidən gərginləşəcəyi gözlənilir. A.Mollazadə bunu istisna etmədiyini söyləyib: “Çünki Ermənistanın təcavüzümə son qoyulmayıb. Ermənistan və onun arxasında olan qüvvələr hər an atəşkəsi pozub yenidən təxribata əl ata bilərlər”.
Səxavət HƏMİD