13 İyun 2016 20:14
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nə müxalifət, nə də onların ideya daşıyıcıları bir daha Azərbaycan hakimiyyətində ola bilməzlər. Onların nə qədər xaricdən havadarları olsa da, xalq buna nə indi, nə də gələcəkdə imkan verməz. Çünki Azərbaycan çox dəyişib. O formatda olan siyasət adamları müasir dövrdə qəbul olunmurlar. Bunu özləri də bilirlər”.

Bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Yeni Azərbaycan partiyasının internet səhifəsinə verdiyi müsahibə zamanı deyib.

Teleqraf.com xəbər verir ki, komitə sədri müxalifəti ciddi tənqid edib: “Doğrudur, bu qüvvələr hələ 1993-cü ildə Ulu öndər hakimiyyətə qayıdandan sonra Onun nüfuzuna zərbə vurmaq üçün çirkin yollara əl atdılar. Bilirsiniz ki, 1993-cü ilin iyun ayından sonra bir neçə rayonumuz Ermənistan tərəfindən işğal olundu. Həmin qüvvələr iddia edirdilər ki, torpaqlar Heydər Əliyev hakimiyyətə gələndən sonra işğal olunub. Amma xalqı altadmaq mümkün deyil. Çünki o dövrdə ordu ayrı-ayrı şəxslərin dəstələrindən ibarət idi və həmin dəstələr isə AXC-Müsavat cütlüyünə aid olan adamlara məxsus idi.

O dövrdə həmin dəstələr geri çəkilməklə bağışlanmaz səhvlərə yol verdilər. Yəni bu işğala da onlar şərait yaratdılar. Belə olmasaydı, torpaqlarımızı ermənilər belə asanlıqla işğal edə bilməzdilər. Doğrudur, ermənilər işğalçıdır və onlar xarici havadarlarının dəstəyi ilə işğalı reallaşdırdılar. Amma dediyim kimi, bu işğalın asanlıqla reallaşmasının günahkarı məhz AXC-Müsavat cütlüyünün hakimiyyətində təmsil olunan şəxslərdir”.
Əli Hüseynli xatırladıb ki, öndər Heydər Əliyevin şəxsi nüfuzu nəticəsində, onun tarixi müraciəti əsasında könüllülər, sağlam insanlar orduya gediblər və bundan sonra erməni işğalı dayandırılıb, bir neçə uğurlu əməliyyatlar keçirilib: “Ermənilərin məqsədi isə daha geniş ərazilərin işğal edilməsi idi, amma bu məqsədlərinə nail ola bilmədilər. Yeri gəlmişkən, qeyd edim ki, Azərbaycan rayonlarının işğalı ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmləri var və o dövrdə hakimiyyətdə, vəzifədə olan şəxslər etdikləri cinayət əməllərinə görə məsuliyyətə cəlb olunublar. Amma hazırda Azərbaycanın gücünü həmin illərlə müqayisə etmək mümkün deyil. Bu il aprelin əvvəlində cəbhədə baş verən hadisələr bunu təsdiqlədi. Həmin günlərdə də radikal müxalifət ara qarışdırmağa cəhdlər etdi, amma alınmadı. Onlar xalqın gücü və hakimiyyətlə birliyinin təsiri altında qalmağa məcbur oldular. Aprel hadisələri xalqımızın torpağa nə qədər bağlı olduğunu və bir qarış torpağın belə itirilməsinə yol verməyəcəyini göstərdi. Xalqımızda böyük ruh yüksəkliyi var və bu məsələdə hakimiyyətin siyasətini dəstəkləyir”.

Əli Hüseynli o dövrdə baş verən təxribatları, cinayətləri və dövlət çevrilişinə cəhdləri də xatırladıb: “1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə silahlı cəhdlərin göstərilməsi müstəqil dövlətçiliyimiz üçün növbəti sınaqlar oldu. Ulu öndər Heydər Əliyevin qətiyyəti, xalqın öz qüdrətli liderini qəti şəkildə dəstəkləməsi nəticəsində bu təhlükəli cəhdlərin qarşısı alındı, ölkədə hakimiyyəti zor və silah gücünə ələ keçirmək ənənəsinə birdəfəlik son qoyuldu. 1993-1995-ci illər müasir Azərbaycanın tarixinə dövlət müstəqilliyinin qorunub saxlanılması uğrunda mübarizə dövrü kimi yazılıb. İctimai-siyasi sabitliyin və qanunçuluğun bərqərar edilməsi bu dövrün ən mühüm nailiyyəti oldu və Ümummilli liderimizə dövlət quruculuğunda, iqtisadi, sosial və mədəni həyatda böyük işlərə başlamaq, genişmiqyaslı və ardıcıl islahatlar aparmaq üçün əlverişli imkan yaratdı”.

Cabbar


Müəllif:

Oxşar xəbərlər