17 İyun 2016 13:51
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk qrupunun fransalı həmsədri Pyer Andryu iyunun 20-də Sankt Peterburqda keçiriləcək Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşündə iştirak edəcək.

Bu barədə APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun fransalı həmsədri Pyer Andryu bildirib.


“Rusiyalı və amerikalı həmsədrlər kimi, mən də bu görüşdə iştirak edəcəm. Bizim bu görüşdən gözləntilərimiz, əlbəttə, böyükdür. Ümid edirik ki, bu sammitdə Azərbaycan və Ermənistan prezidentləri qarşılıqlı etimadı bərpa edəcək və münaqişənin həllində irəliləyişə nail olacaqlar”, - deyə fransalı həmsədr qeyd edib.


Xatırladaq ki, amerikalı həmsədr Ceyms Uorlik də APA-ya açıqlamasında iyunun 20-də prezidentlərin Sankt Peterburqda keçiriləcək görüşündə iştirak edəcəyini təsdiqləyib.


Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyan iyunun 20-də Sankt-Peterburqda görüşəcəklər. V. Putin Azərbaycan və Ermənistan prezidentləri ilə əvvəlcə ayrılıqda görüşəcək, daha sonra danışıqlar üçtərəfli formatda davam etdiriləcək.


Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.


1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.


Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.


1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.


Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.


Müəllif:

Oxşar xəbərlər