“Türkiyə ilə aramızda olan bağlara görə bu ölkədə baş verən istənilən hadisə cəmiyyətimizdə geniş müzakirə edilir. Son hadisələr, dəhşətli terror aktları, prezident Putinə müraciət də günün əsas mövzularıdır. Türkiyədə terror dalğasının artmasında, Rusiya ilə bu ölkənin münasibətlərinin korlanmasında əsas tənqid hədəflərindən biri prezident Ərdoğandır”.
Bunu hüquqşünas, Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli bildirib.
V.Hacıbəyli qeyd edib ki, özünün Ərdoğana münasibəti birmənalı deyil: “Onun bəzi çıxışlarında siyasi rəqiblərini alçaltmaq, həqarət nümayiş etdirmək meyli var. Ərdoğan Türkiyəsi avtoritarizmə meyllənməkdə, siyasi islam tədricən bu ölkədə hegemon ideoloji siyasi fikir cərəyanı kimi təşəkkül tapmaqdadır. Bu mənada Türkiyə bizim sivil toplum üçün əvvəlki tək cazibədar deyil və bu mənfi tendensiyaların formalaşmasında Ərdoğan əsas fiqurdur.
Amma Ərdoğana qarşı olan hücumların heç də hamısı ədalətli deyil. Türkiyədə terror dalğasının artmasını Ərdoğanın səhv siyasəti ilə əlaqələndirənlərin əksəriyyəti siyasi demoqogiyadan uzağa gedə bilmirlər. Türkiyə gücləndikcə, onun nüfuz dairəsi artdıqca Türkiyəyə olan təzyiqlər də artır. Amerika, Avropa, Rusiya birmənalı şəkildə Türkiyədəki kürd seperatizmini dəstəkləyir.
Türkiyə İŞİD terrorçuları ilə əlaqədə, onlara dəstək verməkdə suçlanır, hətta İŞİD Türkiyə ərazisində bir neçə dəhşətli terror aktı törətdikdən sonra da bu kampaniya davam edirsə, Türkiyəyə olan bu cür mənfi münasibətin kökündə dayanan siyasi düşüncənin nə qədər dərin kökləri olduğunu təsəvvür edə bilərik. Ərdoğan kürdlərlə bağlı problemin dinc yolla nizama salınması üçün mümkün olan və bəzən də mümkün olmayan hər şeyi edib. İndi söz dövlətin güc strukturlarındadır. Terrorun və separatizmin kökünü birdəfəlik kəsmək üçün lazım olanı dövlət etməlidir və edəcək”.
Cavad