18 İyul 2016 16:49
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Vey Jinxuanı qəbul edib.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, E.Məmmədyarov səfir Vey Jinxuanı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb. Səfir etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib. Vey Jinxua iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib.

Görüşdə 2015-ci ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri, keçirdiyi görüşlər və səfər zamanı imzalanmış sənədlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulanıb. Qarşılıqlı etimad əsasında iki ölkə arasında davamlı surətdə inkişaf edən siyasi dialoqun ruhuna uyğun olaraq, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinin vacibliyi qeyd olunub. Tezliklə fəaliyyətə başlaması nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmiryol xəttinin Çinin təşəbbüskarı olduğu İpək Yolu İqtisadi Kəməri layihəsinin həyata keçirilməsinə əsaslı töhfə vermək iqtidarında olduğu bildirilib.

E.Məmmədyarov beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Çinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Səfir dövlətlərin ərazi bütövlüyünün dəstəklənməsinin ölkəsinin dəyişməz və prinsipial mövqeyi olduğunu bildirib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər