Avqustun 22-də 13 saylı Xəzər–Pirallahı və 14 saylı Xəzər seçki dairələri dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə üçgünlük kurslara başlanılıb.
Hər iki seçki dairəsinin ərazisində məskunlaşan məcburi köçkünlərin daxil olduğu məntəqə seçki komissiyalarının sədrləri və üzvləri də cəlb olunduqları kurslar Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasən aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi məqsədilə keçirilir.
Mərkəzi Seçki Komissiyasının üzvü Şayəddin Əliyev seçki prosesinə hazırlıq işlərindən, komissiya üzvlərinin üzərinə düşən vəzifələrdən bəhs edib. Ş.Əliyev xüsusi vurğulayıb ki, seçki komissiyalarının üzvləri yerli və xarici müşahidəçilərlə, mətbuat işçiləri ilə təlimata uyğun işləməyin qaydalarını dəqiq öyrənməlidirlər.
Sonra MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşid Yusifbəyli, rayon məhkəməsinin hakimi Tərlan Əkbərov və icra hakimiyyəti başçısının müavini Arif Balayev maarifləndirici kursların birinci günündə iştirakçılara seçici siyahıları ilə işin aparılması, referendumqabağı təşviqata şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və s. istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması barədə məlumat veriblər.
Həmçinin referendumda iştirak hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən referendumda iştirak hüququnun qorunması mexanizmləri haqqında danışılıb.
Sonda ixtisaslaşmış birinci gününün iştirakçılarının sualları cavablandırılıb.