Almaniya Bundestaqının deputatı, professor Egon Jüttner Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair sorğusu ilə bağlı açıqlama verib.
Açıqlamada deyilir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün uzun müddət aparılan danışıqlar prosesində Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının məlum qətmanələrinin icrası birmənalıdır və bu sənədlər münaqişəyə son qoymaq üçün atılacaq addımları özündə aydın şəkildə ehtiva edir. Almaniya bu qətnamələri dəstəkləyir. Dövlətin ərazi bütövlüyü məsələsi Almaniya üçün müzakirə mövzusu ola bilməz. Sovet İttifaqının süqutundan sonra sərhədlərin demarkasiyası ilə bağlı mübahisəli məsələlərin sülh yolu ilə nizamlanması, əfsuslar ki, mümkün olmayıb. Bütün bunlar mülki əhali üçün faciəvi fəsadların yaranmasına səbəb olub.
Doqquz milyon nəfər əhalisi olan Azərbaycanın bir milyondan çox qaçqın və məcburi köçkünün problemlərini həll etməsi faktı hazırkı miqrant böhranı şəraitində Almaniya üçün xüsusilə əhəmiyyətli məsələdir. Dünyanın bütün qaynar nöqtələrində sülhün bərqərar olunması naminə Almaniya Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı, NATO və ATƏT kimi beynəlxalq tərəfdaşları ilə yaxından əməkdaşlıq edir. Biz Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla nizamlanmasının tərəfdarıyıq. Ona görə ki, bu münaqişə bütün regionda sabitliyə təhlükə yaradır. Almaniya bu münaqişənin alovlanmasına səbəb olacaq istənilən təxribatı qətiyyətlə pisləyir. Bu cür münaqişələrdə hər zaman olduğu kimi, əsas qurban mülki əhalidir. Buna görə də, mən, Ermənistanın apreldə həyata keçirdiyi hərbi həmləni pisləyirəm”.