12 Sentyabr 2016 13:47
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanda dəyişikliklər mütləq olacaq. Çünki Ermənistanda son 25 ildə elə proseslər baş verib ki, həmin proseslər nəticəsində camaat müflis olub. Ölkənin sərhədləri Türkiyə və Azərbaycanla bağlı olaraq qalıb. Bundan da sadə ermənilər əziyyət çəkir. Hakimiyyətdə olanlara əhalinin əksəriyyətinin inamı tükənib. Vəziyyət hazırda belədir”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Rasim Ağayev deyib.

Ermənistan baş naziri Ovik Abramyanın istefasını şərh edən və təcavüzkar ölkədə bundan sonra baş verə biləcək proseslərə dair fikirlərini bölüşən R.Ağayev qeyd edib ki, Ermənistanın siyasəti Moskvanın, Vladimir Putinin siyasətinə zidd gedir: “Putin Moskvası regionda öz mövqeyini bərqərar etmək istəyir. Yəni, burda möhkəmlənsin, köhnə sərhədləri hansısa formada bərpa etsin. Çünki burdan İrana, Türkiyəyə, Yaxın Şərqə və digər bölgələrə yollar keçir. Qərb də bunu istəyir. Bunun da yolu birdir. Əgər müharibə olsa, deməli, regionda necə deyərlər, ara qarışıb, məzhəb itəcək. Yollar bağlanır, yaranmış vəziyyət mövcud layihələrə, onların icraçıları olan Rusiya və Qərbə də ziyan vurur. Ona görə də görün artıq vəziyyət nə həddə çatıb ki, bir neçə gün əvvəl ABŞ konqresmenləri ermənilərin liderlərinə müraciət ediblər ki, ay bala, siz nə istəyirsiz, məsələni həll edin də... Qarabağ məsələsi həll olunmalıdır, özü də sülh yolu ilə. Özü də siz ipə-sapa yatmırsız, nə deyirlər hər şeyi inkar edirsiniz. Müharibə istəyirsiz, biz sizi müharibə etməyə qoymayacağıq”.

Politoloq bildirib ki, Ermənistan hakim dairələrində bir qisim insan radikal idi, bir qismi isə yaranmış vəziyyətdən siyasi dividend qazanmağa çalışırdılar: “Mənə elə gəlir ki, Abramyan birincilərdən idi. Yəni, özlərini qalib kimi göstərsinlər. Guya onlar barışmaz mövqedən çıxış edirlər, Sərkisyan isə kompromisə gedir. Ermənistanın istər diasporda olan, istərsə də ölkədə yaşayan bütün radikal millətçiləri bu mövqedədirlər. Təbii ki, siyasi xadim bu cür kəskin mövqedən çıxış edəndə o, xal qazanır, liderliyə addım atır və siyasətin gedişindən asılı olaraq hərtərəfli rəqabət apara bilər. Digər tərəfdən Sərkisyan söz verib ki, müəyyən kompromislərə gedəcək. Hamı bilir ki, hansı kompromislərdən söhbət gedir. Bu da onun hakimiyyətdə qalmaq üçün yeganə şansıdır. Çünki Sərkisyan elə bir yola əl atıb ki, əgər sabah o prezidentlikdən getsə, yeni qüvvələr gəlsə – bilmək olmur hansı qüvvələr gələcək, çox güman ki, onun əleyhdarı olan qüvvələr olacaq – bu, onun üçün baha başa gələr. Əgər fikir verdinizsə, Köçəryan da bir müddət atılıb-düşürdü, nə isə özünü göstərməyə çalışırdı, bəyanatlar-filan verirdi. Ermənistana gəlib-getdi. Gördü ki, yox, onluq deyil. Başa düşdü ki, onun dövrü gedib. Sərkisyan istəyir, hakimiyyəti belə adamlardan azad etsin ki, gələcək son danışıqlarda əl-qolu açıq olsun”.

R.Ağayev qeyd edib ki, Ermənistanda baş nazir dəyişikliyini, hökumətin istefasının S.Sərkisyanın baş nazir olmaq istəməsi ilə əlaqələndirmək doğru deyil: “Bu, başqa məsələdir. Onlar Ermənistan hakimiyyətinin quruluşunu reformadan keçirmək, dəyişiklik gətirmək istəyirlər. Çünki Ermənistandakı müəyyən qüvvələr burda müəyyən fənd işlətmək istəyir. Yəni, Ermənistan parlamentli respublika olsun, prezidentlik aradan götürülsün. Elə olsa baş nazir hansı kompromisə gedir getsin, bu kompromis parlament müzakirələrində dolaşıb qalacaq, itib-batacaq. Belə bir çətin vəziyyətdən Ermənistan faktiki olaraq legitim yolla canını qurtara bilər. Amma bunlar hamısı oyunlardır. Ermənistan çıxılmaz vəziyyətdə qalıb. Çünki Ermənistandan müəyyən kompromislərə getməyi həm Rusiya, həm də Qərb tələb edir. Böyük ölkələrin öz maraqları var. Bu maraqlar heç də Qarabağla bağlı deyil. Onlar əksinə istərdilər məsələni elə həll etsinlər ki, Azərbaycana da öz təsirlərini gücləndirsinlər. Söhbət bundan gedir”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər