"Rusiya prezidenti Vladimir Putinin Suriya münaqişəsinin həlli prosesinə qarışması amerikalı həmkarı Barak Obamanının məğlubiyyətini qaçılmaz edib".
Teleqraf.com xəbər verir ki, bu sözlər "The Washington Post" nəşrində yayımlanan Cekson Dilin müəllifi olduğu məqalədə yazılıb:
"2012-ci ildən Obama Amerika Sİlahlı Qüvvələrinin Suriyaya göndərilməsinin buradakı münaqişənin həllinə kömək etməyəcəyini bildirirdi. Ancaq bəzi rəsmilər əksini düşünürdülər. Onlar Bəşər Əsədin mövqeyinin güclənməməsi və müxaliflərə dəstək üçün Amerika aviasiyasını Suriyaya göndərməyi tələb edirdilər. Obama isə təkid edirdi ki, ABŞ-ın müdaxiləsi münaqişəni və humanitar böhranı dərinləşdirəcək, həmçinin radikalların aktiv əməliyyatlarına səbəb olacaq.
Nəticədə bütün bunlar Amerikanın müdaxiləsi olmadan baş verdi. Putin sübut etdi ki, Obamanın rədd etdiyi məhdud kontingenti olan konsepsiya əhəmiyyətli xərc olmadan siyasi rejimin taleyini dəyişə bilər".
Müəllifin sözlərinə görə, ABŞ Dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında imzalanan atəşkəs razılaşması Putinə Suriyada istədiyini əldə etməyə imkan verdi: "Atəşkəs razılaşmasına görə Suriya hökumət qüvvələri Hələb ətrafındakı mövqelərində qala biləcəklər. ABŞ isə Rusiyaya qoşularaq, Əsədə qarşı vuruşan ekstremistləri məhv etməli olacaq. Bununla da Putin istəyinə çatdı. O dəfələrlə demişdi ki, Qərb terrorçularla mübarizə aparmalıdır, Əsədlə yox. Atəşkəs pozulsa belə, onsuz da Putin ABŞ-dan prinsipinin tanınması nail olub. Putinin prinsipinə əsasən, Suriyada əsas problem Əsəd hökuməti deyil, qiyamçılardır".
Məqalədə deyilir ki, Obamanın proqnozlarının əksinə olaraq, Rusiya Suriyada uduzmadı: "Əksinə, Putin az itki ilə müharibənin istiqamətini Əsədin xeyrinə dəyişə bildi".
Cekson Dil 1990-cı illərdə Bill Klinton administrasiyasının Rusiyanın təsir dairəsinə daxil olan regionlarda hərbi əməliyyatlar həyata keçirməsini də xatırladıb: "Buna misal olaraq, Kosovanı göstərmək olar. Klinton öz qərarlarını açıqlayır, Rusiya rəhbərliyi isə bunu "udurdu". Ancaq indi vəziyyət tam fərqlidir. Rusiya ABŞ-ın hökmranlıq etdiyi regionlarda münaqişələrin həllinə çalışır".
Samir