Prezident İlham Əliyev Avropa Seçkilərin Müşahidəsi Akademiyası Missiyasının prezidenti, AŞPA-nın fəxri üzvü Goris Emiel Stefaanın başçılıq etdiyi, Malta parlamentinin spikeri, Avropa Seçkilərin Müşahidəsi Akademiyası Missiyası müşahidə missiyasının rəhbəri Farrugia Angelonun, eləcə də Malta, Serbiya, İtaliya, Fransa, Monteneqro, Bosniya və Herseqovina, Rumıniya parlamentlərinin deputatlarının və Avropa Şurası Parlament Assambleyasının üzvlərinin daxil olduğu nümayəndə heyətini qəbul edib.
Teleqraf.com Azərtac-a istinadla xəbər verir ki, dövlət başçısı Avropa Seçkilərin Müşahidəsi Akademiyası Missiyası kimi önəmli bir qurumu təmsil edən qonağın böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etməsindən və referendumun monitorinqi prosesində iştirakından məmnunluğunu ifadə edib.
Referendum zamanı müşahidələr aparmaq üçün 30-dan çox dövlətdən, həmçinin mühüm beynəlxalq təşkilatlardan çoxlu sayda müşahidəçilərin Azərbaycana gəldiyini vurğulayan Prezident İlham Əliyev onların səsvermənin gedişini izləmələrinin önəmini qeyd edib. Dövlət başçısı səsverməyə çıxarılan hər bir məsələ ilə bağlı ayrılmış müddət ərzində əhali arasında maarifləndirmə işlərinin aparıldığını, referendumun yüksək səviyyədə təşkil olunması istiqamətində bütün lazımi tədbirlərin görüldüyünü bildirib.
Prezident İlham Əliyev Avropa Seçkilərin Müşahidəsi Akademiyası Missiyasının təkcə Bakıda deyil, bölgələrdə də müşahidələr aparmasının əhəmiyyətini qeyd edib.
Avropa Seçkilərin Müşahidəsi Akademiyası Missiyasının prezidenti, AŞPA-nın fəxri üzvü Goris Emiel Stefaan səhər saatlarından başlayaraq missiya nümayəndələrinin ayrı-ayrı məntəqələrdə müşahidələr apardıqlarını qeyd edib.
Görüşdən sonra missiyalarını davam etdirəcəklərini deyən Goris Emiel Stefaan günün axırında aparılacaq yekun qiymətləndirmələrdən sonra qurumun müşahidələrin nəticələri ilə bağlı bəyanatla çıxış edəcəyini bildidib.
Malta parlamentinin spikeri, Avropa Seçkilərin Müşahidəsi Akademiyası Missiyası müşahidə missiyasının rəhbəri Farrugia Angelo müşahidə apardıqları məntəqələrdə səsvermənin dinc və mütəşəkkil şəkildə keçdiyinin, seçicilərin referenduma çıxarılan hər bir məsələyə diqqətlə yanaşdıqlarının şahidi olduqlarını deyib.