“Bizim VİP və ADP-nin yeni əməkdaşlıq formatı yaratması haqda anlaşmasından məlumatımız yoxdur. VİP sədri bu haqda “Azadlıq” Siyasi Partiyaların əməkdaşlıq mərkəzinə məlumat verməyib. Əgər VİP ADP ilə birgə birlik yaradırsa, bu onların öz işidir”.
Bunu Teleqraf.com-a Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib.
Qeyd edək ki, VİP və ADP uzunmüddətli əməkdaşlıq formatı yaratmaq haqda razılığa gəlib. VİP həm də “Azadlıq” Siyasi Partiyaların əməkdaşlıq mərkəzində təmsil olunur.
Əməkdaşlıq mərkəzinin digər üzvü Əhməd Oruc isə deyir ki, əslində məşvərət məclisində təmsil olunmaq partiyaların ikitərəfli əməkdaşlığına mane olmur: “Mən bilmirəm, əgər adını çəkdiyiniz partiyalar əməkdaşlığa gedirsə, onlara uğur arzulayırıq. Bu məsələdən məlumatlı deyiləm. Ancaq məşvərət məclisi fəaliyyətini davam etdirir. VİP isə buradan imtina haqda hər hansı məlumat verməyib. Bir sözlə, bizim onların yeni əməkdaşlığı haqqında informasiyamız yoxdur. Konkret ADP-yə gəldikdə isə deyim ki, biz koalisiya daxilində, eləcədə Məşvərət Məclisində həmin partiya ilə birgə idik. Ancaq ADP qəfildən bu qurumları tərk etdi. Əgər VİP məşvərət məclisində əməkdaşlığını dayandıracaqsa, biz də bunu qiymətləndirəcəyik. Ancaq bizim mərkəzin fəaliyyətini dayandırmaq fikrimiz yoxdur. Eyni zamanda kimisə zorla burada saxlamaq niyyətimiz də yoxdur. Bizi siyasi mühitdə yaxşı tanıyırlar. VİP-in bu addımını da özümüzə qarşı etimadsızlıq hesab etmirik. Partiyalar öz maraqlarına uyğun addım atırlar. Azərbaycanda etimad göstəriləcək çox az sayda qurum var. Bu baxımdan kiminsə bizə etimadsızlıq göstərməsi qeyri-mümkündür. Əgər kimsə gedirsə, bu, o deməkdir ki, nəsə probleminə görə gedir. Ən etibarlı partiya Azadlıq, KXCP və BAP-dır. Bunlar milli-mənəvi dəyərlərə sadiq qüvvələrdir. VİP gedəcəksə, onlara xeyirli olsun. Yəqin ki, VİP rəhbərliyi bizə bu haqda məlumat verəcək”.
Nemət