“Suriya məsələsində ABŞ-la Rusiya arasında razılaşma əldə olunmuşdu. Amma bu razılaşma bir qədər məkrli razılaşma idi. Hərə öz məqsədini güdürdü. Amerika Rusiyadan xahiş etmişdi ki, sən mötədil müxalifətçiləri bombalama. Yəni, ABŞ əlində avtomat, qumbaraatan olan müxalifətçiləri Qərbə sadiq olduqları üçün mötədil adlandırırdı. Eyni zamanda hər iki tərəf həm də Qərbə qarşı olan avtomatlı-qumbaraatanlı müxalifətçiləri radikal sayırlar. Rusiya razılaşmaya getdi, amma Amerika qarşısında şərt qoydu ki, sən mötədil müxalifətçiləri radikal müxalifətçi islamçılardan, məsələn “Cəbhətül-Nüsra”dan, İŞİD-dən ayır. Amerika da “yaxşı, ayıraram” deməyə məcbur oldu. Amma nə cür ayırsın?! Mötədil və radikal adlanan avtomatçılar ümumi cəbhədə, eyni səngərdə durub Bəşər Əsədin dövlət ordusu ilə vuruşurlar. Onları ayırmaq mümkün deyil. Bu səfeh fikirdir".
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. ABŞ-ın Suriya məsələsində Rusiya ilə əməkdaşlığı dayandırmasını şərh edən Z.Əlizadə qeyd edib ki, Amerikanın bunu edə bilməyəcəyini Rusiya da çox gözəl anlayırdı: "Amerika bunu etmədi, üstəlik gəlib Suriya ordusunu bombaladı. 62 əsgər öldü, yüzlərlə əsgər yaralandı. Onlar da mühasirdə idilər, yəni son zərbəni Amerika endirdi. Bundan sonra Rusiya zərbələr vurmağa başladı. Humanitar yardım aparan konvoyu vurdu, ondan sonra Suriya ordusu rus aviasiyasının köməyi ilə Hələbin üsyançıların əlində olan şərq hissəsinə hücuma keçdi. Bu da Amerikanı əsəbiləşdirdi. O da başladı deməyə ki, sən müqaviləni pozmusan. Belə olan təqdirdə Rusiya dedi ki, gəl müqaviləni açıq yayaq. Amerika da bunu istəmədi. Axırda etiraf etməli oldu ki, Amerika aviasiyası artıq 2 ildir ki, “Cəbhətül-Nüsra”nı bombalamır. Hərçənd ki, “Cəbhətül-Nüsra” “Əl-Qaidə”nin Suriya və Livanda fəaliyyət göstərən qoludur. Adını dəyişərək “Cəbhətül fəth aş-Şam”, yənin “Şamın fəthi” qoyub”.
Politoloq hesab edir ki, belə bir şəraitdə tərəflər oynayırlar və bir-birlərinə qarşı sanksiyalar tətbiq edirlər: “Rusiya da indi plutonium razılaşmasından çıxdı. Bütün bunlar böyük dövlətlərin Suriya adlı cıdır meydanında yarışının davam etdiyini göstərir”.
Bundan sonra Suriyada hansı proseslərin baş verəcəyinə dair proqnozlarını bölüşən Z.Əlizadə deyib: “Suriyada hərə öz məqsədinə çatmayanadək fərqli siyasəti yürüdəcək. Təbii ki, Amerikanın resursları Rusiyanınkından 10 dəfə böyükdür. Amma unutmayın ki, Amerikada seçkilər gedir. Hazırda Barak Obama hansısa qəti qərar vermək imkanında deyil. Çox güman ki, Donald Tramp prezident olacaq. Tramp prezident olandan sonra onun hansı siyasəti yürüdəcəyi bilinmir. Amma hər halda Hillari Klintonun da şansı var. Klinton təbii ki, daha sərt, açıq təcavüzə daha meyilli olacaq. Amma Tramp ola bilsin ki, bir qədər fərqli siyasət yürütsün. Amma hər halda Amerikanın ümumi xarici siyasət kursu ikipartiyalıdır. Əsas məqsəd həmişə, hər yerdə Amerikanın iqtisadi, geosiyasi maraqlarını, ağalığını qorumaq, təsbit etmək və gücləndirməkdr. Bu zaman xalqlar, dövlətlər heç bir rol oynamır. Onların necə deyərlər, canı cəhənnəmə. Ağılları olsun, öz dövlətlərində nizam-intizam yaratsınlar. Yarada, demokratik, hüquqi dövlət qura bilmirlər. Amerikalılar da deyirlər ki, onda biz gəlirik sizin neftinizi, ərazini götürməyə. Bax vəziyyət belədir”.
Səxavət HƏMİD