Vahid Milli Hərəkat Partiyasının liderlərindən olan Tarqamadzenin avtomobili dünən Tiflisdə partladılıb. Partlayış nəticəsində bir neçə nəfər xəsarət alıb.
Qeyd edək ki, Tarqamadze sabiq prezident Mixael Saakaşvilinin yaxın adamlarından biri olmaqla yanaşı qızılgül inqilabının ideoloqu hesab olunur.
Bir çox şərhçilər hesab edirlər ki, onun avtomobilinin partladılması faktiki olaraq seçkilərdən sonra Gürcüstanda baş verə biləcək qarşıdurmanın ilkin işartılarıdır. Hazırda Saakaşvilinin sədri olduğu Vahid Milli Hərəkat Partiyası seçkidə hakim “Gürcü Arzusu” koalisiyasının əsas rəqibidir.
Vahid Milli Hərəkat Partiyasından deputat olan soydaşımız Azər Süleymanov teleqraf.com-a deyib ki, bu hadisə adi hal kimi qəbul edilə bilməz. O, hesab edir ki, bütün bunlar onun da təmsil olunduğu Vahid Milli Hərəkat Partiyasına qarşı aparılan çirkin oyunların bir hissəsidir: “Partlayış baş verən an özüm də hadisə yerində idim. Dünən Tarqamadze bizim yanımızda idi. Bizdən ayrılandan 3 dəqiqə sonra partlayış səsi gəldi. Biz hamımız hadisə yerindən 5-6 metr kənarda idik. Ən əsası odur ki, artıq Gürcüstan 1990-cı illərdəki dövrünə qayıdır. Gürcüstanda artıq vəziyyət yaxşı deyil. İl ərzində 50-dən çox sifarişli ölümlər olub. Günü-günüdən krimal artır. Fikrimcə, “Gürcü Arzusu” Partiyası uduzduğunu bildiyi üçün başlayıb təxribatlar etməyə. Millət vəkilinin avtomobilinə uzaqdan idarə olunan partlayıcı yerləşdirilib. Bu faktdır. Nəticədə bir neçə nəfər xəsarət alıb. Bu günə qədər “Gürcü Arzusu” bu olayla bağlı mövqeyini ifadə etməyib”.
Azər Süleymanov qeyd edib ki, Gürcüstandan kriminal artır, ölkə 90-cı illərə qayıdır: “Bu gün artıq regionlardan qərargahımıza minlərlə insan gəlir, bu cür yaşamaq istəmədiklərini ifadə edirlər”.
Deputat qeyd edir ki, həmkarı Tarqamadzenin avtomobilinə kimlərin partlayıcı maddə qoyduğunu demək mümkün deyil: “Hazırda hüquq mühafizə orqanları bu işin üzərində çalışır. Ancaq mən inanmıram ki, hansısa nəticə olsun. Hadisə Vahid Milli Hərəkat Partiyasının qərargahının qarşısında baş verib. Burada 4 kamera küçənin müşahidəsini aparır İstəsələr ciddi şəkildə bunu araşdıra bilərlər”.
Süleymanov onu da qeyd edib ki, partlayış onların yaxınlarında olduğu Tarqamadzenin özü bir qədər həyacanlanıb: “Ona mən yardım etdim, digərlərini də çalışıb hadisə yerindən kənarlaşdırdıq. Əgər dövlət bu cinayəti açmasa, deməli özü bunda maraqlı olub”.
NEMƏT