26 Oktyabr 2016 15:06
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təbiətin ən böyük sərvəti insandır. İnsan şüuru səmərəli istifadə olunanda, o, şəxsiyyətləşir, ictimai mahiyyəti dəyərə minir. İntellektual, zehniyyəti iti, şüuru xeyirə köklənmiş insanlar birliyi nümunəvi toplumu formalaşdırır. Bu toplum yaradıcıdır, inkişafa, ədalətə meylli, hüquqa sayğılıdır. Bu cəmiyyətlərdə şəxsiyyətlər mənəvi cəhətdən zəngin, iddialı, dürüst, mübariz, əyilməzdirlər”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Gürcüstanda keçirilən son parlament seçkiləri və bu prosesdə azərbaycanlıların iştirakını qiymətləndirərkən deyib.

O bildirib ki, demokratiya azad, qanunpərəst insanlar yetişdirən unikal mexanizmdir: “Son parlament seçkiləri isə yeni mənzərə yaratdı. Soydaşlarımızın içərisindən yeni keyfiyyətli, mübariz, intellektual, siyasi cəhətdən yetkin namizədlər meydana daxil oldu. Namizəd qismində seçkiyə qatılan Samirə İsmayılova, Benyamin Qasımov, Əhməd İmanquliyev, Qəzənfər Məmmədov kimi yeni simalar Gürcüstan siyasi sisteminə inteqrasiya olunmuş yetkin siyasi xadimlər kimi boy göstərdilər. Eyni zamanda Ramin Bayramov, İsrafil Bayramov, Fərman Ceyranov, Azər Suleymanov, Ramiz Bəkirov, Ruslan Hacıyev, Mahir Dərziyev, Savalan Mirzəyev kimi namizədlər də ənənəvi seçki vərdişindən fərqli mübarizə mühitində yarışdılar. Qalibləri – Mahir Dərziyevi, Azər Suleymanovu, Ruslan Hacıyevi, Savalan Mirzəyevi yeni dönəm üçün parlament tribunası qazandıqları üçün təbrik edirəm. Gürcüsütana xeyirli olsun".

Zəlimxan Məmmədli bildirib ki, seçki marafonunun əvvəlindən Əhməd İmanquliyev faktoru daha cazibəli görünürdü: "Əhməd İmanquliyevin timsalında soydaşlarımız siyasi mübarizədə ilk dəfə olaraq ciddi rəqabət mühitində mübarizə meydanına qədəm qoyub. Əhməd İmanquliyev yeni keyfiyyətlə siyasi lider olaraq seçki kampaniyası ərzində diqqətləri məhz bu dairəyə yönəldə bildi. İkinci tur qaçılmazdır. Bu mübarizənin sona qədər uğurlu davamı uzun illərdir kal armud olaraq inteqrasiya adlı süni yaradılmış problemin həll açarını göstərəcəkdir. Soydaşlarımız bu prosesdən güc alaraq anlayacaq ki, inteqrasiyanın ən unikal yolu siyasətdə, siyasi prosesdə olmaqdan, mübarizədən keçir. İkinci tura məhz bu vəziyyətdə gedilir. Təhlil edib daha ağıllı davranış sərgilənməlidir. Soydaşlarıma qarşı aşağılayıcı fikirlər, təhdidedici davranış tamamilə yığışdırılmalıdır. Rəqib Tamaz Naverianini və tərəfdaşlarını isə yanlış seçki təbliğatında ciddi korrektəyə dəvət edirik. Əhməd İmanquliyevin etnik kimliyindən daha çox onda dəyərləndirdiyim intellektual, zehniyyət, şüur yetkinliyi amilləridir. İnanmalıyıq ki, baş vermiş xətalar təkrarlanmayacaq, demokratik, azad, ədalətli seçki nəticəsində səsvermə qutularından toplumun real səsi çıxacaq. Və qalibi təbrik edəcəyik”.

Cavad


Müəllif:

Oxşar xəbərlər