Neçə gündür ki, AXCP-yə yaxın şəxslərlə Demokratiya və Rifah Hərəkatının (ADR) sədri Qubad İbadoğlu arasında gərgin polemika gedir. Bu gərginlik Qubad İbadoğlunun mətbuata Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü" (MSŞT) haqqında açıqlamalarından sonra başlayıb.
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə ADR Hərəkatının sədri Qubad İbadoğlu arasında Feysbukda başlanan polemika sonradan “Azadlıq” qəzetinin internet səhifəsində davam edib, Q. Zahid geniş məqalə yazaraq Q. İbadoğlunun irəli sürdüyü arqumentləri “zərərsizləşdirməyə” çalışıb.
Son qurultayda Müsavatdan ayrılan və yeni qurum yaradan, habelə çoxlu sayda müsavatçını özü ilə aparmağı bacaran Qubad İbadoğluna qarşı Müsavat rəhbərliyi də hərəkətə keçib. Onlar ADR Hərəkatı sədrinin son açıqlamalarını tənqid edirlər. Müsavat başqanı Arif Hacılı konkret ad çəkməsə də, Feysbuk hesabında Q.İbadoğlunu nəzərə alaraq status yazıb. Teleqraf.com həmin statusu olduğu kimi təqdim edir:
"Bu adamların heç bir kompleksi yoxdur. Seçki məsələlərinə qrant ayrılanda seçki “texnoloqu”, insan haqları, siyasi məhbuslar məsələsinə qrant ayrılanda bu sahənin “mütəxəssisləri” oldular. İndi də zootexnikdən tutmuş, ibtidai sinif müəlliminədək hər biri mədən sənayesi mütəxəssisinə çevrilib”.
Müsavatın Məclis üzvü Mustafa Hacıbəyli isə bildirib ki, mədən sənayesi qədər qeyri-şəffaf bir sahə yoxdur: “Ancaq bu sahədə olanların etirazını heç vaxt eşitməmişəm. Olan etirazlar da ancaq fərdi problemlərə görə olub, məsələn, qrantın qeydiyyata alınmamasına görə ehtiyatla giley-güzar ediblər”.
NEMƏT