8 Noyabr 2016 14:22
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azadlıq” Siyasi Partiyaların əməkdaşlıq mərkəzi KXCP-nin qərargahında “İnsan haqlarının durumu” mövzusunda dəyirmi masa təşkil edib.

Teleqraf.com xəbər verir ki, toplantıda KXCP sədri Mirmahmud Mirəlioğlu çıxış edib. O deyib ki, insan haqlarının durumu ilə bağlı məsələni müzakirə etməyə qərar veriblər.

Mövzu ətrafında Azadlıq Partiyasının sədri Əhməd Oruc məruzə edib. Məruzəçi bir sıra məqamlara toxunub. Habelə deyib ki, Azərbaycan Kosntitusiyasının III fəsli və bütövlükdə 65 maddə ancaq insan haqları və azadlıqlarını əhatə edir. O, bu maddələrin işlək olmasının vacibliyini vurğulayıb. Eyni zamanda müxalifət düşərgəsinin zəif olması haqda fikirlərini də bölüşüb.

Xalq Partiyasının sədri Pənah Hüseyn isə deyib ki, Azərbaycanda siyasi partiyalar öz prioritet fəaliyyətləri ilə məşğul olmalıdır: “Əlbəttə, siyasi partiyalar insan haqlarının qorunması sahəsində iş görməli, fəaliyyət göstərməlidir. Ancaq siyasi partiyaların əsas vəzifəsi hakimiyyət uğrunda mübarizə aparmaqdır. İnsan haqları sahəsində vəziyyət bəllidir. Bu sahədə işləyən çoxlu sayda yerli təssisatlar var. Eləcə də beynəlxalq hüquq müdafiə qurumları bu istiqamətdə işləyir. Fikrimcə, partiyaların əsas işi elan etdiyi prioritetlərə uyğun fəaliyyət göstərməkdir”.

VİP sədri Əli Əliyev isə müxalifət düşərgəsinin durumundan danışıb, habelə vəziyyətdən çıxış üçün addımlar atılmalı olduğunu ifadə edib. Həmçinin bu mövzuda tədbirlərin keçirilməsini məqsədəuyğun hesab edib. Əli Əliyevin siyasi partiyaların ortaya mövqe qoymasının vacibliyini vurğulayıb və müxalifətin uğursuzluqları haqda danışarkən işlətdiyi “bu uğursuzluqlar 1998-ci ildə Əbülfəz Elçibəyin vahid namizəd olmasına mane olmaqla qoyulub” ifadəsi Pənah Hüseynin xoşuna gəlməyib.

Pənah Hüseyn replika ataraq bildirib ki, əgər söhbət bu mövzudan gedirsə, onda ilk olaraq tədbirdə iştirak edən partiyaların Antiböhran Koalisiyası yaratması, bu koalisiyanın ortaya mövqe qoymaması, habelə “Azadlıq” Siyasi Partiyaların Məşvərət Mərkəzinin 26 sentyabr referendumu zamanı mövqe nümayiş etdirməməsinin səbəbi deyilsin: “Bundan sonra 1998-ci il məsələsinə qayıdaq”.

Əli Əliyevin verdiyi cavab isə Pənah Hüseyni qane etməyib. Mirmahmud Mirəlioğlu isə təklif edib ki, növbəti dəyirmi masanın mövzusu bu haqda olsun və məruzəçi də Pənah Hüseyn seçilsin və beləcə ciddi müzakirələr keçirilsin.

Daha sonra ADP sədri Sərdar Cəlaloğlu danışıb. O deyib ki, müxalifət bir yerə toplaşanda müzakirə etdiyi mövzular qalır bir kənarda, başqa məsələlər müzakirə edilir: “Burada Antiböhran Koalisiyası haqda danışıldı. Mən bu koalisiyanın toplantılarında müntəzəm olaraq iştirak edirdim. Ancaq gördüm ki, bəzi dostlarımız iclaslara qatılmır. O zaman düşündüm ki, əgər bu birlik koalisiyada olan 18 nəfərdən 3-nə maraqlıdırsa, yerdə qalanlara maraqlı deyilsə, nədən vaxtımı boş-boş işlərə itirim”.

Sərdar Cəlaloğlunun siyasi mövzuda danışarkən Çörçilin siyasətdə 90 faiz maliyyənin, 10 faiz isə ağılın lazım olduğu haqda fikirləri Pənah Hüseynin narazılığına səbəb olub: “Çörçil bu sözləri harada deyib, konkret mənbə göstərin?”

Sərdar Cəlaloğlu isə bildirib ki, ancaq oxuduqlarını deyir: “Hər kəs bilir ki, mən oxumadığım bir şeyi demərəm”.

Pənah Hüseyn: “Sən pula öyrəşmisən. Bəs ideologiya, ideya, vicdan?”

Sərdar Cəlaloğlu: “Mən 30 ildir pis-yaxşı bir partiyanı qurmuşam arxamca aparıram. Sən bir partiya qurdun, sonrada buraxdın. Qəzetimiz fəaliyyət göstərir, tənqidi ruhdadır. Eləcədə saytımız var”.

Daha sonra Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev çıxış edərək mövzu haqqında fikirlərini açıqlayıb.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər