18 Noyabr 2016 14:45
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əlbəttə ki, neft böyük resursdur. Lakin hər şey bu resursdan necə yararlanmaqdan asılıdır. Biz neftdən yararlana bilməyən bir çox neft ölkələrinin nümunələrini görürük və neft sahəsinin inkişafı onlar üçün bir lənətə çevrilib. Beynəlxalq neft şirkətləri ilə layihələrə başlayanda əsas məqsədimiz maliyyə ehtiyatlarımızın toplanılması və sərf olunmasına dair maksimum şəffaflığın təmin edilməsi ilə bağlı idi. Bu məqsədlə biz Dövlət Neft Fondunu təsis etdik. Bu da dünyada ən şəffaf, müstəqil ehtiyat fondlarından biri hesab olunur”.

Teleqraf.com xəbər verir ki, bunu Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupu ilə görüşdə Prezident İlham Əliyev bildirib. Dövlət başçısı qeyd edib ki, neft satışından əldə olunan bütün vəsaitlər və həmçinin xərclər də şəffafdır və beynəlxalq səviyyədə audit olunur: “Biz Neft Fondundan vəsaitləri yalnız parlament tərəfindən təsdiq olunan büdcə məsrəfləri çərçivəsində xərcləyə bilərik. Ona görə də biz Azərbaycanda indi ümumi daxili məhsulumuza çox yaxın olan çox əsaslı maliyyə ehtiyatlarını yarada bildik. Dövlət Neft Fondu və bizim şəffaflıq siyasətimiz bu məsələdə çox önəmli rol oynadı. Neft satışlarından əldə olunan çoxlu həcmdə vəsaiti biz infrastruktura sərmayə kimi yatırdıq. Biz regionlarda infrastrukturu – yolları, elektrik enerjisinin generasiyasını, qazlaşdırmanı, su və kanalizasiya sistemlərini, suyun təchizatını tamamilə yenidən qurduq. Bu gün biz təkcə neft və qazı ixrac etmirik, eyni zamanda, uzun illər bundan əvvəl idxal etdiyimiz elektrik enerjisini ixrac edirik. İndi isə bizim təşəbbüsümüzlə “Cənub Qaz Dəhlizi” layihəsi icra edilir. Dünənki çıxışımda mən bu barədə qısaca danışdım”.

Prezident bildirib ki, “Cənub Qaz Dəhlizi” 4 ayrıca layihədən ibarətdir: “Birincisi, dünyada ən böyük qaz yataqlarından biri sayılan “Şahdəniz-2” layihəsinin işlənilməsidir. İkincisi, Azərbaycandan Gürcüstana mövcud qaz xəttinin genişlənməsidir. Bunun adı Cənubi Qafqaz Boru Kəməridir. Üçüncüsü, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər uzanan Trans-Anadolu boru kəməridir. Əlbəttə ki, sonuncusu Trans-Adriatik boru kəməri TAP-dır. Bu boru kəməri Türkiyənin Yunanıstanla sərhədindən başlayaraq Yunanıstanın, Albaniyanın ərazisindən və suyun altından keçərək İtaliyaya gedib çıxır. Birləşdirilmiş boru kəmərinin uzunluğu 3 min kilometrdən çoxdur və hazırda 7 ölkə Azərbaycanın rəhbərliyi altında bu layihənin fəal üzvüdür. Bu da bu ilin fevral ayında keçirilən “Cənub Qaz Dəhlizi” layihəsinin Məşvərət Şurasının ikinci iclasında öz təsdiqini tapmışdır. Avropa Komissiyasının vitse-prezidentləri, ABŞ Prezidentinin xüsusi nümayəndəsi, habelə “Cənub Qaz Dəhlizi” layihəsinə üzv olan ölkələr tərəfindən imzalanmış bəyannamələr açıq-aydın göstərir ki, bu layihə Azərbaycanın rəhbərliyi altında həyata keçirilir. Bu layihə bizə təbii qazımızı ən böyük bazar olan Avropaya ixrac etmək üçün lazımdır. Avropaya isə bu layihə ona görə lazımdır ki, Avropanın əlavə qaz mənbəyinə ehtiyacı var. Çünki Avropanın inkişafına əlavə enerji ehtiyatları lazımdır və Avropaya enerjini təchiz edən mövcud ehtiyatların bəziləri artıq tükənməkdədir. Onlara yeni ehtiyat lazımdır. Burada, Xəzər regionunda, Azərbaycanda təsdiqlənmiş yeni qaz ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrdir. Beləliklə, bu, Avropa istehlakçılarını on illərlə qazla təmin etməyə kifayət edəcək. Biz bu layihəni heç vaxt regionda icra olunan hər hansı bir digər qaz layihəsinə alternativ və ya rəqib kimi saymamışıq. Bizim layihəmiz yalnız artıq mənim qeyd etdiyim hədəfə doğru yönəlib: istehsal etmək, təchiz etmək, istehlakçıların ehtiyaclarını ödəmək, tranzit ölkələrini sevindirmək və həm də ölkəmiz üçün qazanc əldə etmək. Beləliklə, layihənin icrası cədvəl üzrə gedir. Avropada bəzi ekoloji narahatlıqlarla bağlı gecikmələr var idi. Lakin məndə olan məlumata görə, artıq bu məsələlər öz həllini tapıb. 2018-ci ildə TANAP layihəsi vaxtında istismara veriləcək. Ümid edirik ki, 2020-ci ilə qədər “Cənub Qaz Dəhlizi” layihəsinin digər hissələri də icra olunacaq. Lakin yenə də qeyd etmək istəyirəm ki, biz layihənin iştirakçısı olan 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya və son mərhələdə layihəyə qoşulmaq arzusunu ifadə etmiş iki Balkan ölkəsi - Xorvatiya və Monteneqro arasında bu beynəlxalq əməkdaşlığı çox sıx şəkildə davam etdirməliyik.

Səxavət


Müəllif:

Oxşar xəbərlər