Dağlıq Qarabağ münaqişəsinin istisna olaraq siyasi yolla nizamlanmasının vacibliyi məsələsində Rusiya və Ermənistanın mövqeyi tamamilə üst-üstə düşür.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Federasiya Şurasının xarici işlər komitəsinin sədri Konstantin Kosaçov bildirib.
“Rusiya apreldə Dağlıq Qarabağda vəziyyətin gərginləşməsini böyük narahatlıqla müşahidə edib. Biz, həqiqətən, çox narahat idik və biz bir daha təsdiqləyirik ki, bütüm mövcud olan problemlər istisna olaraq siyasi yolla həll olunmalıdır. Bu məsələdə Rusiya və Ermənistanın mövqeyi birmənalı və tamamilə üst-üstə düşür”, - deyə İrəvanda səfərdə olan K.Kosaçov bildirib.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.