22 Noyabr 2016 13:58
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yüksək səviyyəli dövlət xadimlərinin, habelə hökumət üzvlərinin səfəri barədə sözsüz ki, prezidentin və ya baş nazirin məlumatı olmalıdır. Ancaq 1991-ci ildə Ağdamdan Xankəndinə uçan Mİ-8 N72 vertolyotu, onun içərisində olan dövlət xadimlərinin səfəri haqqında prezidentin məlumatlı olub-olması haqqında mən bir söz deyə bilmərəm. Bunu həmin dövrdə yüksək post tutmuş şəxslər bilər”.

Bunu Teleqraf.com-a milli təhlükəsizlik nazirinin sabiq birinci müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovun son müsahibəsində işlətdiyi fikirləri şərh edərkən deyib.

Xatırladaq ki, ölkənin ilk prezidenti 20 noyabr 1991-ci ildə Azərbaycan dövlət və hökumət nümayəndələrini Ağdamdan Xankəndinə aparan vertolyotun vurulması haqqında danışıb. O bəyan edib ki, bu səfər haqqında onda məlumat olmayıb, dövrün dövlət katibi Tofiq İsmayılova tapşırıb ki, heç bir halda Xankəndinə getməsin. Həmçinin əlavə edib ki, Bakıdan Ağdama, Ağdamdan isə Xankəndinə gedən heyətin siyahısını mərhum dövlət katibi Tofiq İsmayılov tutub, özünün bundan xəbəri olmayıb. Mütəllibov daha sonra 20 noyabr faciəsi ilə bağlı deyib ki, bu işi araşdırmaq üçün istintaq sona qədər aparılmayıb.

Sülhəddin Əkbər isə hesab edir ki, həmin dövrdə böyük bir nümayəndə heyəti Bakıdan Ağdama uçurdu və bu, həm də Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı idi: “Təbii ki, bu tip səfərlər barəsində dövlət başçısının məlumatı olmalıdır. Müharibə gedən ölkədə prezident eyni zamanda ali baş komandandır. Ali baş komandanın təlimatı, sərəncamı və göstərişi olmadan bir qayda olaraq belə səfərlər təşkil edilmir. Müdafiə naziri müstəqil hərəkət edə bilər, çünki qoşunların ali komandanıdır. Müəyyən hərbi məsələlərlə bağlı səlahiyyəti çərçivəsində müdafiə nazirinin hərəkət sərbəstliyi var. Amma dövlət vəzifəsi tutan şəxslərin prezidentin xəbəri və razılığı olmadan belə səfərləri olmur. Çünki belə səfərlər bir qayda olaraq birinci şəxsin göstərişi və sərəncamı ilə baş tutur. Ancaq 1991-ci ildə Azərbaycan yenicə müstəqilliyini qazanmışdı. Odur ki, yeni müstəqil dövlətdə qeyd etdiyim prosedurlara əməl edilib-edilmədiyi haqda mən bir söz deyə bilmərəm. Bunu ancaq həmin dövrdə yüksək post tutmuş şəxslər, habelə bəhs etdiyimiz mövzu ilə bağlı istintaq aparan şəxslər bilər. Çünki onlar bu istiqamətdə materiallar toplayıb. Bilmirəm, Ayaz Mütəllibovun özünün ifadəsi istintaq prosesində alınıb, ya yox”.

Xüsusi xidmət orqanının sabiq nümayəndəsi daha sonra deyib ki, onların dövründə 20 noyabr faciəsi ilə bağlı cinayət işi və istintaq gündəmdən çıxarılmayıb: “Məncə, bu haqda həmin dövrün baş prokuroru daha dəqiq informasiya verə bilər. Mən bildiyim qədər həmin dövrdə bizim nazirlik bu məsələ ilə məşğul olmayıb. İstintaqla bağlı həmin dövrün baş prokuroru İxtiyar Şirinov bu haqda daha məlumatlı ola bilər”.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər