ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Bridcet Brink bu gecə Bakıya gəlib. Səhər saatlarında Prezident İlham Əliyev amerikalı diplomatı qəbul edib.
Dövlət başçısı xanım B.Brinklə bu ilin yayında ikitərəfli münasibətlər, regional məsələlərlə bağlı apardıqları geniş müzakirələri xatırlayaraq iki ölkə arasında uğurlu əməkdaşlığın ABŞ-ın yeni administrasiyası ilə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
ABŞ Dövlət Departamenti rəsmisinin səfərinə və yeni administrasiya dövründə Bakı-Vaşinqton münasibətlərinin necə olacağına dair Teleqraf.com-un suallarını cavablandıran Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə gələn ilin yanvarın 20-dən ABŞ-da yeni administrasiyanın hakimiyyətə gələcəyini xatırladıb. Onun sözlərinə görə, verilən açıqlamalar əsasında yeni administrasiyanın daxili və xarici siyasətlə bağlı bir çox məsələlərə dair mövqeyinin indiki administrasiyanın mövqeyindən fərqlənəcəyini söyləmək mümkündür: “Ancaq Azərbaycan digər ölkələrdə hakimiyyətdə hansı komandanın olmasından asılı olmayaraq, onlarla dostluq-qardaşlıq münasibətində olmaq istədiyini dəfələrlə bildirib və bu məsələdə öz nümunəsini nümayiş etdirir. Çox təəssüf ki, indiki ABŞ hakimiyyəti Azərbaycanla münasibətlərdə vaxtaşırı müəyyən anlaşılmazlıq yaratmağa çalışırdı. Azərbaycanın daxili siyasətinə dair özünün subyektiv mövqeyini ortaya qoyur, Azərbaycanın beynəlxalq aləmdə oynadığı rola layiqli qiymət verilmirdi. Buna görə də Azərbaycan bir tərəfdən dostluğu möhkəmləndirib, digər tərəfdən isə özünün suverenliyini həmişə qətiyyətlə müdafiə edirdi. Xanım Bridcet Brinkin səfəri, əlbəttə, ABŞ-ın ümumən Azərbaycanla münasibətlərini bir daha yoxlamaq, bir daha Azərbaycanın ABŞ-la münasibətlərə dair fundamental mövqeyinin necə olduğunu aydınlaşdırmaq məqsədi daşıyır”.
A.Mirzəzadə bildirib ki, Prezident İlham Əliyev amerikalı diplomatla görüşdə ABŞ-la münasibətlərə dair Azərbaycanın səmimiyyətini ortaya qoyub: “Bu səmimi münasibətlər bundan sonra da – yeni administrasiya ilə də davam edəcək. Biz çox istərdik, ABŞ siyasi elitası bilsin ki, Azərbaycan özünün suverenliyini qorumaq üçün daim mübarizə aparacaq, digər dövlətlərlə münasibətlərdə qarşılıqlı maraqların qorunmasını önə çəkəcək. Azərbaycan dünyada sabitliyin, təhlükəsizliyin qorunması üçün digər dövlətlərlə birlikdə mübarizə aparmağa həmişə hazırdır”.
Qeyd edək ki, müstəqillik illərindən başlayaraq ABŞ Azərbaycanın həyata keçirməyə çalışdığı iri enerji layihələrinə hər zaman dəstək verib. ABŞ özü bu layihələrin birbaşa iştirakçısı olduğu üçün heç bir administrasiya bu layihələrə dəstəyini əsirgəməyib. İndi isə Azərbaycanın özünün təşəbbüsü ilə “Cənub Qaz Dəhlizi” layihəsi icra edilir. Bu layihə Azərbaycanın rəhbərliyi altında həyata keçirilir. Layihəyə ABŞ-ın yeni administrasiyasının yanaşmasının necə olacağı maraq doğurur. Doğrudur, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Meytu Brayza Vaşinqtonun “Cənub Qaz Dəhlizi”nə dəstəyi dayandırması üçün heç bir səbəb olmadığını bildirib. Bununla belə, M.Brayza qeyd edib ki, D.Trampın Cənubi Qafqazla bağlı siyasətinin necə olacağını bilmək çətindir.
A.Mirzəzadə də deyib ki, bununla bağlı hər halda yeni administrasiya fəaliyyətə başlayandan sonra nə isə demək olar: “Azərbaycan özünün mövqeyini ortaya qoyub. ABŞ-ın bu layihəyə dair marağı isə artıq onun bu layihənin indiki və sonrakı mərhələsində iştirak edib-etməməsi ilə müəyyən olunacaq. Hər halda indidən nəsə demək olmaz. Çünki Donald Trampın bir çox məsələlərə tamamilə yeni yanaşması var və bu yanaşmaların dünyanın və Amerikanın, o cümlədən Azərbaycanın maraqlarınma uyğun olacağını görmək istərdik”.
Səxavət HƏMİD