10 Yanvar 2017 16:12
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın Suriyada kürdlərlə çalışması Türkiyəni bezdirdi”

Teleqraf.com İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani ilə müsahibəni təqdim edir.

- Əfşar bəy, Suriyada gərginlik davam edir. İranın Suriyaya məsələsinə yanaşması nədən ibarətdir?
- Suriyada rolu olan ölkələr vaxtaşırı taktiki məsələlərdə razılığa gəlir və çalışırlar ki, əməkdaşlıq etsinlər, mövqelər bildirirlər, hətta hərbi əməkdaşlıq edirlər. Ancaq bu taktiki məsələlərdir və daimi proses olmaya da bilir. İran Suriya məsələsində Rusiya ilə daha yaxın olub, hər iki ölkə Bəşər Əsədin tərəfindədir, Suriya hakimiyyətini, müstəqilliyini, ərazi bütövlüyünü dəstəkləyirlər. Son zamanlar Hələbin azad edilməsində bu iki ölkənin müəyyən qədər rolu oldu.

Türkiyə isə daha çox Qərb tərəfdə idi, Suriya müxalifətini dəstəkləyirdi, hətta Fırat Qalxan əməliyyatı apardı. Üstəlik Suriyada olan silahlı kürdlərin də əleyhinə iş aparırdı. ABŞ da kürdlərə dəstək verirdi. ABŞ-ın Suriyada kürdlərlə çalışması Türkiyəni bezdirdi. Hələbin azad edilməsindən sonra Ankara İran və Rusiya ilə yaxınlaşdı, xarici işlər nazirləri Moskvada müzakirələr apardı. Sonra isə Suriyada atəşkəs əldə etməyə çalışdılar, BMT də atəşkəsi dəstəklədi. Eyni zamanda Türkiyə Bəşər Əsədə qarşı mövqeyini konkret dəyişməsə də, bir qədər gözləmə mövqeyində dayandı. Yəni indiki mərhələdə tələb etmədilər ki, Əsəd hakimiyyətdən getməlidir. Digər tərəfdən, İraq məsələsi var. Bir neçə gün əvvəl Türkiyə İraqla münasibətləri yoluna qoymaq istədi, hətta elan etdi ki, bu ölkədəki hərbi iştirakçılığına son verə bilər və s. Hər halda bir ölkədə zor gücünə qalmaq olmaz. İraq dövləti hətta ABŞ-ı dəvət edib ki, ölkəyə gələrək terrorçuluğa qarşı mübarizədə dəstək versin. Hər bir müstəqil ölkənin hansı dövləti dəvət etməsi öz haqqıdır. Bunun qarşısına şərt qoymaq olmaz. Beynəlxalq normalar var. Hər bir ölkə kimlə dostluq edib-etmədiyini özü müəyyən edir. Fakt odur ki, Türkiyə vəziyyəti bir qədər ağır gördü və Suriya məsələsində İran və Rusiya ilə birgə mövqedən çıxış etdi. Təbii ki, Rusiya-Türkiyə, Türkiyə-İran arasında bəzi məsələlərə dair fikir ayrılıqları mövcuddur. İndi bu məsələlərin necə həll ediləcəyini müşahidə edəcəyik. Ancaq indi Suriyanın 50 %-i terrorçuların əlindədir, Əsədin müxalifəti var. Suriya məsələsi qəlizdir və mən güman etmirəm ki, bu problemlər tez bir zamanda həllini tapacaq. Lakin önəmli olan atəşkəsin qorunmasıdır. Atəşkəsin qorunması isə bu üç ölkə arasında münasibətlərdən asılıdır. Həmçinin Donald Trampın Ağ Evə gəlməsi, onun zamanında ABŞ-ın Şərq siyasətinin necə olacağından da çox şey asılıdır. Görək böyük güclər və oyunçular Suriya məsələsində hansı razılığa gəlirlər, öz maraqlarını necə təmin edirlər. Amma aydındır ki, problem sözlərlə deyil, əməli fəaliyyətlə həll edilə bilər. Arzu edirik ki, bütün böhranlar həll edilsin. Xüsusilə islam dünyasında olan münaqişələr. Bunun üçün bir qədər də ağıl lazımdır. Deməli bütün rəhbərlər həm də ağlıllarından istifadə etməlidirlər və xalqlar da bundan yararlanmalıdır.

- İrandan vəziyyət necədir, seçki ab-havası hiss edilirmi?
- İranda daxili durum normaldır. Beş aydan sonra yeni prezident seçkiləri olacaq. İran yeni seçkilərə hazırlaşır. Demək olar ki, indidən prezident seçkiləri atmosferi yaranacaq. Həsən Ruhani hələ rəsmən namizəd olub-olmayacağı haqda bir söz deməyib. Böyük ehtimalla namizəd olacaq. Demək olar ki, liberalların namizədi Həsən Ruhanidir. O, ötən seçkilərdə 20 milyona yaxın səs toplamışdı. Onu Rəfsəncani, Hatəmi və digər islahatçı ictimai siyasi xadimlər dəstəkləmişdi.


- Mühafizəkarların namizədi kim olacaq?

- Hələlik mühafizəkarlar öz namizədlərini təsdiqləməyiblər. Demirlər ki, namizədləri kim olacaq. Burada bəzən iki məqam olur. Bəzən deyirlər ki, namizəd filankəs olacaq, sonra həmin şəxs deyir ki, yox. Görünən budur ki, hələlik namizədlə bağlı net razılıq yoxdur. Ola bilsin ki, bir namizəd olsun ki, seçkidə səs toplaya bilsinlər. Ötən seçkilərdə olduğu kimi mümkündür ki, seçkiyə bir namizədlə qatılmasınlar. Mənim qənaətimcə, onların səsi o qədər çox olmayacaq. Bir namizədlə də seçkilərə qatılsalar Həsən Ruhaniyə başa-baş rəqib ola bilməzlər. Sözsüz ki, Həsən Ruhaninin müxalifəti də çoxdur, əleyhinə kampaniya aparıb onu zəif göstərməyə çalışa bilərlər və s. Ancaq Ruhani həqiqətən də məhdudiyyət və problemlərə baxmayaraq, ciddi siyasi fiqurdur. Sabiq prezident Mahmud Əhmədinejad 8 il ərzində ölkəni şumladı və əvəzində heç nə əkmədi. Hatəmi nə əkmişdisə, o ortada idi. Yəni Hatəmi İranı yaxşı vəziyyətdə Əhmədinejada vermişdi. O da ölkəni uçuruma apardı və Ruhaniyə təhvil verəndə də ortada bir şey yox idi. Ruhani də son 3,6 ayda çalışıb ki, nəsə etsin. Əlbəttə, Ruhanini tənqid də etmək lazımdır və mən də bəzən tənqid edirəm. Amma açıq demək lazımdır ki, Ruhani hökuməti çalışıb ki, problemləri yoluna qoysun. Baxmayaraq ki, neft 4 dəfə ucuzlaşmışdı və s. Amma Ruhani nüvə məsələsinin üzərinə getdi, əməkdaşlıq yarandı, daha çox neft satılır, xaricdə olan və ala bilmədiyimiz pulları ala bildik, sanksiyalar tədricən götürülür. Yəni bütün bunlar ölkəyə xeyir gətirir. Əgər bunlar olmasaydı, ölkənin durumu bir qədər də ağır olardı. Bir sözlə, uğurlar çoxdur və xalq da bunu bilir. Məncə, Həsən Ruhaninin müxalifəti onu nə qədər tənqid etsə də, səs toplaya və prezident ola bilər. Güman etmirəm ki, mühafizəkarlar seçkini uda bilər. Mühafizəkarlar bir namizədlə seçkiyə gedərsə, 5-6 milyon səs ala bilər. Həm də hesab edirəm ki, mühafizəkarların güclü namizədləri yoxdur ki, ortaya qoysunlar. Ancaq bu siyasətdir, baxaq görək, sonu necə olacaq. Bəlkə bir islahatçı namizəd ortaya çıxara bilərlər. Amma o halda da xalq şübhələnər ki, bu necə islahatçıdır ki, mühafizəkarların namizədi olub. Siyasətdə hər şey ola bilər.

- İranın sabiq prezidenti Ayatullah Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə bağlı şayiələr gəzir. İddialar var ki, o, həkim məsuliyyətsizliyi səbəbindən vəfat edib...
- İnsan vəfat edəndə belə müəmmalı söhbətlər ortaya çıxır. Biz bu məsələlərlə bağlı işləmirik ki, onu araşdıraq. Bu haqda rəsmi orqanlar deyə bilər. Eləcə də Rəfsəncaninin ailəsi var. Onların tərəfindən belə bir məsələ ortaya atılmayıb. Əlbəttə, ordan-buradan belə söhbətlər ortaya çıxa bilər. Ancaq ortada belə iddialar yoxdur. Belə xarakterli şeylər yazırlar, hətta deyirlər ki, aksiya filan keçirirlər. Aksiya məsələsi yoxdur, sadəcə insanlar gəlib yas mərasimindən iştirak edirlər. Bu da normaldır. Yeri gəlmişkən, İranın ali dini rəhbəri də mərasimə gəlib, cənazə namazı qılıb. Sonr ada rəhmətlik Rəfsəncanini aparıb İmam Xomeyinin məqbərəsində dəfn ediblər.


Cavad


Müəllif:

Oxşar xəbərlər