“CHP bir çox hallarda PKK ilə eyni mövqedən çıxış edib”
Bütöv Azərbaycan Birliyinin (BAB) Rəyasət Heyətinin sədri, hazırda Türkiyədə yaşayan Aqil Səmədbəyli Teleqraf.com-un suallarını cavablandırıb:
- Türkiyədə zaman-zaman Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyətçi Hərəkat Partiyası (MHP) hökumətin siyasətinə güclü təsir edib, hökumət öz növbəsində müxalifətlə hesablaşıb. Dəniz Baykaldan sonrakı CHP-i isə zəif görünür. Belə fikirlər səslənir ki, əslində CHP-ni loyallaşdırmaq üçün Baykala qarşı kaset şantajı oldu və AKP nisbətən yumşaq siyasət yürüdən Kılıçdaroğlunu partiyanın başına gətirdi...
- Əvvəlcə onu qeyd edim ki, Cümhuriyyət Xalq Partiyasında kaset əməliyyatını həyata keçirən bu sahədə ixtisaslaşmış FETÖ təşkilatıdır. CHP-nin əvvəlki başqanı Dəniz Baykal Kılıçdaroğlu ilə müqayisədə xeyli dərəcədə milli adamdır. Kılıçdaroğlu kaset əməliyyatı ilə partiyanın başına gətiriləndən sonra CHP-nin siyasətində ciddi sapmalar oldu. Atatürkün qurduğu partiya hətta bəzi məsələlərdə Atatürkün etdiyi hərəkətlərə zidd addımlar atdı. Bu da kaset əməliyyatının hansı məqsədlə həyata keçirildiyini anlamağa kifayət edir. Təəssüflə qeyd edirəm ki, CHP bir çox hallarda terror təşkilatı olan PKK-nın siyasi qanadı Xalqların Demokratik Partiyası (HDP) ilə eyni mövqedən çıxış edib. CHP AKP-nin təsiri altında deyil. Sadəcə olaraq, bəzi həssas məqamlarda daxili etirazdan çəkindikləri üçün terrordan sonra mitinq və açıqlamalarda AKP ilə birgə hərəkət edirlər.
- 15 iyul hadisələrindən sonra AKP-nin nüfuzunu necə qiymətləndirirsiniz?
- Türkiyə çox həssas bir dönəmdən keçir. Ya bu dönəmi uğurla addımlayıb daha da böyüyəcək və güclənəcək, ya da ciddi təhlükə ilə qarşı-qarşıya qalacaq. Türkiyədə hakimiyyətin məsələlərə yanaşması bu səbəbdən isterik görünə bilər. Demokratiya məsələsində səslənən tənqidlər, məncə, haqsızdır. Türkiyə üçün indi demokratiyadan daha vacib məsələ ölkənin hazırda gedən savaşdan qələbə ilə çıxmasıdır. Sual oluna bilər ki, ölkəni bu vəziyyətə kim gətirdi, ancaq indi bunu müzakirə etmək vaxtı deyil. Səbəb və günahın kimdə olmasından asılı olmayaraq, indi bir hədəf var - Suriyada və bölgədəki terror təşkilatları yox edilməlidir.
- Türkiyədə silsilə terror aktlarının olması ilə bağlı Sizin qənaətiniz necədir?
- Silsilə terror aktlarının bircə məqsədi var: psixoloji cəhətdən Türkiyə əhalisini təslim etmək, hakimiyyətə qarşı qaldırmaq və hakimiyyəti istədikləri kimi idarə etməyə məcbur etmək. Ancaq xalq hər şeyin fərqindədir. Bu millət son 100 ildə 10 milyon şəhid verib. Bu milləti belə namərd variantlarla diz çökdürmək mümkün deyil.
- Terrorun artması Türkiyənin Suriyada əməliyyatlara başlaması və terror təşkilatlarının intiqam alması ilə əsaslandırılır. Siz Türkiyənin Suriya ilə bağlı siyasətini necə dəyərləndirirsiniz?
- Türkiyə Suriyadakı əməliyyatlara başlayandan sonra Amerikanın orda qondarma kürd dövləti qurmaq planı pozuldu, ən azı hələlik pozuldu. Bundan sonra Türkiyədə terror hadisələri artmağa başladı. Amerika Suriyadakı PKK uzantısı olan PYD-yə silah verməsini gizlətmir. Türkiyə də haqlı olaraq öz təhlükəsizliyini təmin etmək və terrorun kökünü kəsmək məqsədilə Suriyada əməliyyatları davam etdirir. Suriya ərazisində terror təhlükəsini tam aradan qaldıranadək Türkiyə ordusu orada qalmalı və işini davam etdirməlidir. Hazırda Türkiyənin Suriya siyasəti doğru siyasətdir.
- Referendumla bağlı Ərdoğana verdiyi dəstəklə MHP Atatürk xəttindən sapmada suçlanır. Sizin bu barədə fikirləriniz maraqlıdır...
- Mən MHP sədri cənab Dövlət Baxçalı ilə yaxından tanışam. Onun Türkiyə dərdindən başqa bir dərdi ola bilməz. Atdığı hər addımın Türkiyənin lehinə olacağına inanıram. Bu gün Türkiyədə birlik və bərabərlik zamanıdır. Müqayisə etsək, əgər Azərbaycan prezidenti İlham Əliyev torpaqlarımızı işğaldan azad edib Zəngəzur və İrəvanı bütövlükdə geri almaq uğrunda savaş başlatsa, müxalifət partiyaları necə davranmalıdır? İlham Əliyevə dəstək verməli, yoxsa ona qarşı hücum etməlidir? Əlbəttə, dəstək vermək milli borcdur. Bu gün cənab Baxçalının etdiyi də budur.
- Son zamanlarda AKP-nin HDP-yə yönəlik siyasətini necə şərh edərdiniz?
- AKP-nin HDP-yə yönəlik siyasətini uzun zaman tənqid edənlərden biri olmuşam. Konfranslarda bunu açıq-aşkar dilə gətirmişəm, HDP-yə həddən artıq yumşaq davranırdılar. Terrora dəstək verdiyi açıq görünən bir təşkilata bu cür meydan verilməsi xoşuma gəlmirdi. Ancaq görünür, Türkiyə Cümhuriyyəti bizdən fərqli olaraq səbrlə hər şeyi yaddaşına və sənədli qeyd edir. Zamanı gələndə də hərəkətə keçir. HDP ilə bağlı kifayət qədər çox və inkaredilməyəcək arqumentlər toplanandan sonra suçluların hamısını həbs etdilər. Heç kim nə isə deyə bilməz. Çünki dünyanın hər yerində kimliyindən asılı olmayaraq, terrora kim dəstək verirsə, ən azı həbs edilir. Dünyanın ən genişürəkli və ədalətli milləti türk millətidir. İnanmayanlar dünya siyasi tarixinə nəzər sala bilər. Türklər heç vaxt zəifləri əzməyib, yox etməyib, əksinə onları qoruyub, onların dilinə, mədəniyyətinə, inancına əsla toxunmayıb. Belə olmasaydı, bu gün Türkiyədə bu qədər etnik rahat yaşaya bilməzdi.
- Türkiyədə aşırı dindarlaşma siyasəti zaman-zaman tənqid olunur. Bu situasiya ilə bağlı sizin mövqeyiniz necədir?
- Mən Türkiyənin çağdaş-mədəni ölkə olmasını arzu edirəm. İslam bizim dinimizdir, ancaq təəssüflər olsun ki, hər yerdə olduğu kimi Türkiyədə də bir çox cahil adamlar dini gəlir mənbəyi kimi görür və sui-istifadə edir. Bu da xoş olmayan görüntü yaradır. Bu istiqamətdə narahatlıqlar mövcuddur.
Nərgiz Ehlamqızı