21 Yanvar 2017 12:27
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dediklərindən belə məlum olur ki, münaqişənin tənzimlənməsi ilə bağlı heç bir halda yeni yanaşmalardan söhbət getmir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.

Deputatın fikrincə, belə çıxır ki, Rusiya münaqişənin həlli ilə əlaqədar yenilənmiş “Madrid prinsipləri”nə sadiqdir: “Bu prinsiplərin ən birinci, mühüm tezisi Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsindən, eyni zamanda Dağlıq Qarabağ ətrafında işğal olunan 7 rayonun azad olunmasından ibarətdir”.

Elman Nəsirov bildirib ki, Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi məsələsi yenilənmiş “Madrid prinsipləri”ndə də var. Onun sözlərinə görə, burada mahiyyət ondan ibarətdir ki, münaqişə mərhələli şəkildə həllini tapmalıdır:

“Bu zaman əsas şərt Dağlıq Qarabağ ətrafı 7 rayonun işğaldan azad edilməsi və digər addımlardır. Yalnız bundan sonra müəyyən zaman keçir və tərəflər Dağlıq Qarabağın yekun statusunu müəyyən edirlər. Onu da qeyd etmək yerinə düşər ki, həmin zaman müddəti ilə bağlı konkret fikir yoxdur. Yekun status necə müəyyən edilməlidir? Axı orada infrastruktur, azərbaycanlı əhalinin yaşadığı evlər dağıdılıb, demoqrafik vəziyyət tamamilə ermənilərin xeyrinədir.

Hazırda Dağlıq Qarabağ ərazisində azərbaycanlı əhali qalmayıb. Belə vəziyyətdə orada hər hansı referendumun keçirilməsi, Dağlıq Qarabağın statusu ilə bağlı hər hansı ciddi siyasi addımın atılması real vəziyyətə uyğun olmayacaq. Deməli, bu məsələnin tənzimlənməsi ilə əlaqədar da konsensusa gəlinməlidir. Digər tərəfdən, münaqişənin həllində bir məsələ də unudulmamalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Necə ola bilər ki, Azərbaycanın tərkib hissəsi olan bir ərazinin statusunun müəyyən edilməsi üçün referendum keçirilsin, amma bu prosesdə azərbaycanlılar iştirak etməsin?

Bu, məntiqə ziddir. Dağlıq Qarabağ ayrıca dövlət deyil ki, Azərbaycandan kənarda belə bir addım atsın. Belə incəliklər mütləq nəzərə alınmalıdır”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər