21 Fevral 2017 17:35
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə müsahibəni təqdim edir.

- Novella xanım, Novruz Bayramında əfvin olacağı, artıq prezident yanında Əfv Komissiyasının toplantısının keçirildiyi haqda informasiyalar var. Sizin gözləntiləriniz necədir?
- Mən hesab edirəm ki, əfv olacaq. Ancaq xüsusi bir məqama toxunmaq niyyətindəyəm. Fikrimcə, ölkə prezidentinin fevralın 13-14-də verdiyi sərəncam mühüm əhəmiyyət daşıyır. Bu sərəncam həm də əfvi bir qədər asanlaşdıracaq. Sadəcə olaraq prezidentin məlum sərəncamını məmurlar yerinə yetirməlidir. Əgər sərəncam olduğu kimi yerinə yetiriləcəksə, inanın ki, çox adam həbsdən çıxacaq. Biz bu sərəncamı xüsusilə əhəmiyyətli hesab edirik. Çünki bu, böyük imkanlar yaradacaq. Üstəlik sərəncamda mümkün qədər həbsləri alternativ cəza metodları ilə əvəz edilməsi məsələsi də var. Eyni zamanda sərəncama görə, cəza müddətinin başa çatmasına az qalan insanlar da azadlığa buraxıla bilər. Biz bu sərəncamı yüksək dəyərləndiririk. Məlum sərəncam həm də qanunların işləməsinə təsir edəcək.

Əvf məsələsinə gəlincə, bizim hüquq müdafiəçisi olaraq fəaliyyətimiz ondan ibarətdir ki, siyahımızı təqdim edək. Təqdim etmişik, bir neçə dəfə görüşlər keçirib danışmışıq. Bizim rəyimizlə tanışdırlar. Həm hakimiyyət qurumları, həm də Avropa İttifaqı, Avropa Şurasından bura gələn insanlarla görüşmüşük. Bu şəxslər də bizim rəyimizi hakimiyyətə çatdırıblar. Yəni biz üzərimizə düşəni edirik. Özü də arxamızca kimlərin nələr danışması və deməsindən asılı olmayaraq, işlər görürük. Sadəcə olaraq, bir çoxları qışqıra-qışqıra bu işləri görür. Biz isə bunu dialoq və danışıqlar vasitəsilə edirik. İşçi Qrupunda təmsil olunan hüquq müdafiəçilərinin hamısı bunun üçün çalışıb. Ümid edirik ki, bizim rəyimiz nəzərə alınacaq.

- Ancaq iş ondadır ki, İnsan Hüquq və Problemlərinin həllinə dair Birləşmiş İşçi Qrupunun fəaliyyəti sanki gözə dəymir...
- İşçi Qrupu passiv deyil. Sadəcə olaraq, biz digərləri kimi əlimizə siyahı alıb ucadan qışqırmırıq. Birincisi, İşçi Qrupunda olan nümayəndəmizin biri Əfv Komissiyasında təmsil olunur. İkincisi, Əvəz Quliyev İşçi Qrupunun nümayəndəsidir və onunla tez-tez görüşürük. Eləcə də Səməd Seyidovla müzakirələr aparırıq. İşçi Qrupunda deputatlar, hökumət strukturlarının nümayəndələri, generallar və digərləri var. Biz çalışırıq ki, onların hamısı ilə görüşək. Həm də nəzərə almaq lazımdır ki, İşçi Qrupu yalnız siyasi xarakterli şəxslərin həbsi və ya saxlanılması ilə məşğul olmur. Minlərlə insan gəlir yanımıza. Çernobıl əlillərindən tutmuş adi vətəndaşlarımıza qədər bizim yanımıza gəlirlər. Məsələn, Çernobıl əlillərinin ciddi şikayətləri var, onların haqqı tapdanır və s. Biz bütün bunlarla işləyirik, yalnız siyasi xarakterli məsələlərlə məşğul olmuruq. İkincisi, həbsdə olan siyasi şəxsləri hamı müdafiə edir, çünki burada pul, imic qazanmaq marağı da var. Baxın, görün, həmin siyasi məhbusları müdafiə edən hüquq müdafiəçilərindən biri hüququ pozulan sadə vətəndaşın arxasınca gedibmi, onu müdafiəsi üçün harasa müraciət edibmi? Ancaq biz onları qəbul edirik, şikayət və müraciətlərini hazırlayırıq, hüquqlarını müdafiə edirik və s.

- Bu günü dünyada Beynəlxalq Ana Dili günü kimi qeyd edilir. Bəzi ölkələrdə milyonlarla azərbaycanlının yaşamasına baxmayaraq, onlar ana dilində təhsil almaq imkanına hələ də malik deyillər. Bu haqda sizin düşüncələriniz nədən ibarətdir?
- Qonşu İranda 30 milyona yaxın azərbaycanlı yaşayır. Mən indiyə qədər nə demişəmsə, sözümün üzərində dururam. İran bizə qonşu dövlətdir və bu dövlətlə yüksək əlaqələrə malik olmalıyıq. Amma millətimizin müəyyən hissəsi İranda yaşadığı üçün bu insanlara ana dilində məktəb, universitetlər, televiziyalar açılmalıdır. Əlbəttə, deyirlər ki, məktəblər açılıb, lakin bunlar formaldır. Soydaşlarımız orada ana dilində oxumalı, öz tarixlərini öyrənməlidirlər. Onlara bu hüquqlar verilməlidir. Yəni Azərbaycan dilinə yasaq qoyulmamalıdır. Savadlı azərbaycanlılar irəli çəkilməlidir, hətta ana dilində bağçalar belə olmalıdır. Mən sizə konkret misallar gətirə bilərəm. İsrail dövləti əslində ikidilli dövlətdir. Orada həm ərəb, həm də yəhudi dili əsasdır. Ərəblərin öz dillərində məktəbi, institutları var. Yəni İsrail ikidilli dövlətdir. Azərbaycanlılar isə İranda kifayət qədər saya malikdir. Mən demirəm ki, İran ikidilli dövlət olsun, lakin onlara da öz dilində bağça, məktəb və universitetlər açılmalı, mədəni hüquqları olmalıdır.

- Söz İrandan düşmüşkən, indi ABŞ prezidenti, İsrail baş naziri və müdafiə naziri, Səudiyyə Ərəbistanının baş naziri İranı hədələyir, bu ölkəni islam terrorunun əsas mənbəyi hesab edir. Hətta bəzi ekspertlər İrana qarşı hərbi hücumların ola biləcəyini iddia edir...
- Mən hesab etmirəm ki, İrana qarşı hərbi əməliyyatlara start veriləcək. Bunu gözləmirəm və iddia etmək də doğru olmazdı. Çünki bu halda hər şey bir-birinə qarışardı. İrana qarşı hərbi aktivlik olmayacaq, sadəcə, Tehran özü də müəyyən addımlar atmalıdır. Əgər sən dünya millətlərinin arasında normal yaşamaq istəyirsənsə, bəzi əməllərdən əl çəkməlisin. Öz millətinə, vətəndaşına hörmət eləsin, özünü hegemon kimi aparmasın.

- Sizin İrana münasibətinizin müsbət olmamasının kökündə nə durur?
- Mənim İrana münasibətimin yaxşı olmamasının kökündə konkret səbəb durur. Bu gün İran Ermənistanı açıq şəkildə dəstəkləyir. İran Ermənistana qaz verir, neft verir, ərzaq verir. Başqa sözlə, Ermənistanı qucağında saxlayır. Baxmayaraq ki, biz də İranla yaxın qonşuyuq, üstəlik müsəlmanıq. Demirlər ki, müsəlman müsəlmanı müdafiə etməlidir? Necə olur ki, qonşu İran buradan İsrailə meydan oxuyur, deyir ki, belə addım atarıq, belə vurarıq, belə edərək. Amma buradan-bura Azərbaycana - müsəlman dövlətinə dəstək vermir. Üstəlik də sən bilirsən ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, müsəlmanları bu ərazilərdən qovub və s. İran şiə müsəlman ölkəsidir. Azərbaycan müsəlmanlarının da çoxu şiə məzhəbinə məxsusdur.

- Yəni bu ölkəyə qarşı heç bir halda müharibə ehtimalı yoxdur?
- Yox. Mən buna qətiyyən inanmıram. Baxın, hazırda Suriyada vəziyyət olduqca mürəkkəbdir. Bu boyda dünya ölkələri Suriya böhranını həll edə bilmir, ümumi dil tapılmır. Suriyadakı durum hər tərəfə təsir edir. Belə bir məqamda zənn etmirəm ki, İranla bağlı hansısa qərar verilsin. İsrail açıq deyir ki, sən Həmasa maliyyə ötürüb məni hədəfə alsan, görərsən biz bu dəfə hansı addım atacağıq. Sizə deyim ki, artıq İsrail də yorulub. Sizi inandırıram ki, əgər İsrail-Fələstin məsələsinə kənardan müdaxilə olmasa, onlar gözəl yaşayarlar, kənardan buna qibtə ilə baxarsan. Ancaq buna imkan vermirlər. Gah Həması aktivləşdirirlər, gah da başqa qurumları. Beləcə, bu iki xalqı dinс və rahat yaşamağa qoymurlar.


- Ancaq iş ondadır ki, Türkiyə-İran münasibətlərində də gərginlik müşahidə edilir. Ərdoğan İranın Yaxın Şərqdə ki, fəaliyyətini tənqid etdi, xarici işlər naziri Çavuşoğlu da tənqidi tonda fikirlər səsləndirdi. Nəhayət, rəsmi Tehran Türkiyə səfirinə İran nota təqdim etdi...
- Məndə onun üçün deyirəm ki, İran müəyyən addımlar atmalıdır. Ümumiyyətlə, müsəlman dünyasına diqqət edin, demək olar ki, əksər yerlərdə müsəlmanlar bir-birlərini qırırlar. Jirinovskiyə arada bir qulaq asmaq lazımdır. Jirinovski deyir ki, siz elə bilirsiniz ki, müharibə getmir, əksinə üçüncü dünya müharibəsi gedir. Sadəcə olaraq bu müharibədə müsəlmanlar bir-birlərini qırırlar və imkan verin? qırsınlar. Bunu Jirinovski deyir. Əlavə edir ki, biz vaxtında və zamanında orada olmalıyıq və öz payımızı götürməliyik. Buyurub müsəlmanlar da bunu düşünsünlər bir. Məsələn, Yaxın Şərqdə qırılan kimdir? Müsəlmanlar! Özü də kənar təsir lazım deyil, bir-birlərinin qanına susayıblar.

- Amerika-Rusiya münasibətlərinin gələcək perspektivləri necə olacaq, çünki bu da əslində dünya proseslərinə təsir edəcək məsələlərdən biridir?
- Mənim arzum odur ki, müharibə olmasın, hamı bir-birilə normal münasibətlər qursun. Rusiya böyük dövlətdir. Rusiyanın əlində elə rıçaqlar var ki, dünyanı bir-birinə qarışdıra bilər. Onun üçün də Rusiya və ABŞ-ın normal münasibətləri olmalıdır. Şəxsən mənim xoşuma nə gəlir? Bizim dövlət təhlükəsizlik siyasəti aparır və buna nail olur. Amerika və Rusiya arasında münasibətlərdə problemlər olur. Amma baxın, məhz bu iki ölkənin hərbi rəhbərləri gəlib Bakıda görüşürlər. Məntiqlə bu görüş digər MDB ölkəsində, Avropada keçirilə bilərdi. Ancaq məhz Azərbaycanın seçilməsi onu göstərir ki, Azərbaycan təhlükəsizlik baxımından ən münasib məkandır. Rusiya-Türkiyə yaxınlaşması da bizə əlavə dividentlər gətirir.

Cavad


Müəllif:

Oxşar xəbərlər