"Mehriban Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilməsi düzgün, ədalətli və faydalı qərardır".
Teleqraf.com "Azərtac"a istinadən xəbər verir ki, bu fikirləri baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov bildirib.
Onun sözlərinə görə, Mehriban Əliyeva uzun müddətdir ölkənin ictimai və siyasi həyatında ən aparıcı simalardan biri kimi tanınır: "Ayrıca qeyd etməyə dəyər ki, onun fəaliyyəti təkcə Azərbaycanın hüdudları ilə məhdudlaşmır. Mehriban xanım ölkə xaricində Azərbaycanı ən yaxşı təbliğ edən insanlardan biridir. Onun ictimai və siyasi fəaliyyətinin coğrafiyası kifayət qədər genişdir və ölkəmizə böyük siyasi və mənəvi dividentlər gətirir".
Əli Əhmədov qeyd edib ki, Mehriban Əliyeva böyük humanist və xeyriyyəçidir. Rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkəmizdə böyük əks-səda doğuran çoxsaylı xeyriyyəçilik layihələri həyata keçirir: "Eyni zamanda, Milli Məclisin deputatı olaraq o, bir neçə amnistiya aktının qəbul olunması təşəbbüsünü irəli sürüb, on minlərlə insanın azadlığa qovuşmasının səbəbkarı olub. Mehriban Əliyevanın Yeni Azərbaycan Partiyası sədrinin müavini kimi fəaliyyəti də onun ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyinatına tarixi haqq qazandırır. Azərbaycanın ən böyük və qüdrətli siyasi təşkilatının təmsilçisi kimi Mehriban xanımın təyinatı partiya üzvləri arasında xüsusi qürur və razılıq hissi ilə qarşılanıb. Partiyamız bu təyinat münasibətilə hörmətli Mehriban Əliyevaya təbrik göndərib”, – deyə Əli Əhmədov vurğulayıb.
Baş nazirin müavini Əli Əhmədov daha sonra deyib: “Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması idarəçilik sisteminin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən işlərə xüsusi dinamika verəcək, inkişaf, müasirləşmə strategiyasının bundan sonra da uğur qazanmasına əhəmiyyətli təkan olacaq".