19 Mart 2017 11:50
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin aprelin əvvəlində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş atəşkəs dövrünün ən qanlı qarşıdurmasının – şərti olaraq “aprel müharibəsi” adlandırılan hərbi toqquşmaların ildönümü yaxınlaşır. Rəsmi məlumata görə, həmin hərbi əməliyyatlar zamanı 93 Azərbaycan hərbçisi şəhid olub, 33-ü yaralanıb. Bundan başqa 6 azərbaycanlı mülki şəxs öldürülüb, 26-ı yaralanıb. Azərbaycan Silahlı Qüvvələrinə məxsus 1 Mi-24 helikopteri vurulub, 1 tank sıradan çıxarılıb. Düşmən tərəfinin itkilərinə gəldikdə isə, 88 hərbçi və könüllü (11 qeyri-döyüşçü) öldürülüb, 1 hərbçi, yaxud könüllü itkin düşüb, 122 hərbçi, yaxud könüllü yaralanıb. Dörd mülki şəxs ölüb, 6-ı yaralanıb. Qarşı tərəf ümumilikdə 150 nəfər itki verib, 14 tank itirib.

“Aprel müharibəsi”nin ildönümü yaxınlaşdıqca Ermənistan və Azərbaycan cəmiyyətlərində, eləcə də beynəlxalq ictimaiyyətdə həmin hadisələrin, yaxud buna bənzər olayların yenidən yaşana biləcəyi barədə fikirlər özünə yer tapmaqdadır. Zənnimizcə, son vaxtlar Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistan xarici işlər işlər nazirləri ilə tez-tez görüşərək fikir mübadiləsi aparması da bunun gösəricisi hesab oluna bilər. İlin əvvəlindən bəri həm Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan, həm də onun azərbaycanlı həmkarı Elmar Məmmədyarov iki dəfə Moskvaya səfər edərək S.Lavrovla görüş keçiriblər. Güman etmək olar ki, həm Moskva, həm də İrəvan aprel ayından qorxurlar. İrəvan kimi Moskva da düşünür ki, Azərbaycan ordusu aprel ayında irimiqyaslı hücuma keçə bilər. Digər tərəfdən aprelin 2-də Ermənistanda həyati əhəmiyyətli parlament seçkisi keçiriləcək. Əgər aprel ayında cəbhə xəttində qanlı hadisələr baş verərsə, bu, Ermənistandakı seçkini də qarışdıracaq. Moskva isə bunu istəmir. Ona görə də Kreml E.Məmmədyarov vasitəsilə rəsmi Bakıya xəbərdar etmək istəyir ki, aprel ayı da daxil olmaqla Azərbaycan ordusu atəşkəsə riayət etsin.

Politoloq Fikrət Sadıxov Teleqraf.com-a açıqlamasında bildirib ki, S.Lavrovun tez-tez Moskvada azərbaycanlı və erməni həmkarı ilə görüşlər keçirməsi həm Moskvada, həm də İrəvanda yaranmış qorxu ilə bağlıdır, eyni zamanda aprelin 2-də Ermənistanda parlament seçkilərini dinc keçirmək istəyinin göstəricisi sayıla bilər: “Bilirsiniz ki, aprelin 2-də Ermənistanda parlament seçkiləri keçiriləcək. Həmin seçki 2015-ci ilin dekabrın 6-da konstitusiya dəyişikliyindən sonra keçirilən ilk seçkidir. Təbii ki, Rusiya və Ermənistan rəhbərliyi bu ərəfədə danışıqlar prosesində canlanmasının olmasını çox istərdi. Mən düşünürəm ki, iki ölkənin fəallaşması elə bununla bağlıdır. Onu da qeyd etmək lazımdır ki, martın sonlarında ATƏT-in Minsk qrupunun həmsədrləri də regiona gələcəklər. Demək, bu da mühüm bir amildir”.

F.Sadıxov qeyd edib ki, Serj Sərkisyan və onun xarici işlər naziri təyin etdiyi şəxs çabalayır: “Fikir verin, Sərkisyan martın 14-15-də Rusiyada ikigünlük səfərdə oldu, bundan əvvəl isə Qərb ölkələrinə səfər etmişdi. Bunlar kömək istəyir, dəstək istəyir, bizi günahlandırır, bizə qarşı müxtəlif xoşagəlməz ifadələr işlədirlər. Bunu ancaq aprel ayında yeni qarşıdurmanın baş verməsindən qaçmaq istəyi və parlament seçkilərinin rəvan keçməsini təmin etmək istəyi ilə izah etmək olar”.

Bəs, həmin günlərdə yeni, genişmiqyaslı qarşıdurma baş versə, bu, Ermənistandakı seçkilərə necə təsir edəcək? F.Sadıxov ciddi siyasi toqquşmanın baş verməyəcəyi qənaətindədir: “Çünki həm İrəvan, həm də Moskva bundan narahatdır. Onlar başa düşürlər ki, adekvat cavab alacaqlar və aprel hadisələri təkrarlana bilər. Amma nisbətən xırda toqquşmalar baş verir və baş verəcək. Ermənistan hakimiyyəti özünü xalqını müdafiə edən hakimiyyət kimi təqdim etmək istəyir. Seçiciləri seçki prosesində bu kontekstdə iştirak etməyə çağırır və onların səsini almağa çalışır. Yəni, biz sizi müdafiə edirik, Azərbaycan güclü dövlətə çevrilib, hərbi potensialı ilə bizi hədələyir və biz sizi birmənalı şəkildə bu təhlükədən müdafiə etməli, müdafiə olunmalıyıq. Bu ritorikanın davam edəcəyini istisna etmirəm”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər