Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Fransanın nüfuzlu “Kurtuazi Radiosu”na geniş müsahibə verib. Müsahibədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mənşəyi və hazırkı durumu, eləcə də, Azərbaycan-Fransa əlaqələri barədə söhbət edilib.
Azərbaycan-Fransa parlamentlərarası işçi qrupun üzvü, millət vəkili Cavanşir Feyziyev həmin müsahibənin tərcüməsini Teleqraf.com-a təqdim edib. Müsahibəni ixtisarla təqdim edirik:
Loran Pultiye: Bu yaxınlarda, martın 14-də prezidentinizi qəbul etdik, onun Fransaya gəlişinin çox özəl bir səbəbi var idi...
Elçin Əmirbəyov: Haqlısınız ki, Azərbaycan Prezidentinin martın 14-də baş tutmuş səfərinin Fransa ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaradılmasının 25 iliyinə təsadüf etməsi çox gözəl haldır. Qeyd etmək lazımdır ki, Fransa Azərbaycanın öz müstəqilliyini bərpa etməsini tanıyan ikinci dövlət idi.
L.P: Birinci ölkə hansı ölkə idi?
E.Ə: Birinci ölkə Türkiyə idi. 1991-ci ildə müstəqilliyin bərpası baş tutub və Fransa ölkənin müstəqilliyin bərpasını tanıyan ikinci ölkə olub. Mən azadlığın yenidən bərpasının üzərində dayanmaq istəyirəm. 1918-ci ildən 1920-ci ilə qədər, cəmisi 23 ay olsa belə, Azərbaycan Xalq Cümhuriyyəti yaşayıb. Bu, müsəlman Şərqində ilk parlamentli respublika sistemi idi və Azərbaycanda yaşayan bütün etnik və dini qruplar bu parlamentdə təmsil olunurdu.
L.P: Çox demokratik, çünki 1919-cu ildə, siz ilk dəfə qadınlara seçki hüququnu tanımısınız, bizdən qabaq. Biz isə De Qola qədər – Fransanın azad olmasına qədər gözləməli olduq.
E.Ə: Hər bir halda o dövr üçün bu, bir inqilab idi: bizim babalarımız Şərqdə insan haqlarına, demokratik dəyərlərə hörmət olunan bir respublika qurmaq qərarına gəlib. Üstəlik də həmin vaxt ölkəni, qeyd etdiyim kimi, bütün etnik və dini qrupların təmsil olunduğu parlamentin sədri idarə edirdi. Gələn il biz cəmi 23 ay mövcud olmuş bu respublikanın 100 illiyini qeyd edəcəyik. 23 aydan sonra rus ordusunun gəlişi ilə Azərbaycan Sovet Sosialist Respublikaları İttifaqının bir parçasına çevrildi. 70 illik sovet dönəmindən sonra – 1991-ci ildə, nəhayət Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdi. Beləliklə, biz 1918-1920-ci illərdə mövcud olmuş demokratik respublikanın varisiyik. Fransa ilə 25 illik diplomatik əlaqələrə gəldikdə, deməliyəm ki, bütün bu illər ərzində bizim aramızda ən yüksək səviyyədə, yüksək keyfiyyətli siyasi dialoq mövcud olub. Yetər ki, son beş ildə ölkə başçıları səviyyəsində üç səfəri qeyd edək: 2011-ci ildə Prezident Sarkozini, 2014, 2015-ci illərdə Prezident Hollandı qəbul etmişik. Əlbəttə, bu illər ərzində Azərbaycan perzidenti də öz növbəsində rəsmi səfərlər edib. Bu əməkdaşlıq yalnız siyasi səviyyədə mövcud deyil, həmçinin qeyd etmək lazımdır ki, Azərbaycan Cənubi Qafqazda Fransa üçün əsas tərəfdaşdır. Bu region Gürcüstan, Ermənistan və Azərbaycan respublikalarının yerləşdiyi regiondur. Ərazisinə, əhalisinə və malik olduğu çox mühüm iqtisadi potensialına görə Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir.
L.P: Yeri gəlmişkən, təbii sərvətlər hansılardır?
E.Ə: Azərbaycanın əsas təbii ehtiyatları neft və qazdır. Qeyd etmək lazımdır ki, Qafqazın əsas iqtisadiyyatının 75%-i Azərbaycanın payına düşür. Azadlığını bərpa etdikdən sonra Azərbaycan böyük fransız şirkətlərinin də diqqətini çəkib. Təbii ki, ilk əvvəllər söhbət neft və qazla məşğul olan Total, Gaz de France kimi şirkətlərdən gedirdi. Onları təbii sərvətlər cəlb etsə də, bir qədər ölkənin geostrateji mövqeyi diqqəti cəkmişdi. Çünki bu ölkə Asiya ilə Avropanın, Şimal ilə Cənubun sərhədlərində - qitələrin dördyol ayrıcında yerləşir.
L.P: Türkiyə kimi sizin də bir ayağınız Avropada, bir ayağınız isə Asiyadadır.
E.Ə. - Tamamilə doğrudur. Hələ çox qədimlərdən bizim ölkə İpək Yolunun üstündə yerləşib. Bu gün də Azərbaycan müxtəlif kontinentlərin və bölgələrin birləşdiyi yerdə regional qovşaq rolunu oynayır. Biz qədim İpək Yolunu bərpa edəcək müxtəlif xalqları və ölkələri nəqliyyat yolu ilə birləşdirəcək bir yol kəmərinin çəkilişində fəal iştirak edirik.
L.P: Dinləyicilərimizə sizin sərhədlərinizi xatırlatmaq istəyirəm, Sizdən yuxarıda Rusiya, Gürcüstan, solunuzda Ermənistan və cənubunuzda isə İrandır. Doğrudan da siz strateji baxımdan...
E.Ə: Buraya Türkiyə ilə olan 12 km-lik sərhədi də əlavə etmək lazımdır. Türkiyə ilə sərhəd bizim Naxçıvan Muxtar Respublikamızladır. Bəli, bizim beş qonşu dövlətlə sərhədimiz var. Digər bir tərəfdən də Xəzər dənizi bizi Türkmənistan, Qazaxstan və digər dost Orta Asiya ölkələrindən ayırır.
L.P: Rusiya ilə çox gözəl diplomatik münasibətləriniz var...
E.Ə: Bəli, bilirsinizmi, Azərbaycan bu nəzər nöqtəsindən maraqlı ölkə hesab oluna bilər: özünün 25 illik müstəqilliyi dövründə qonşuları ilə lazım olan münasibətləri saxlaya bilib.
L.P: Bəli, Rusiya ilə münasibətdə müstəqilliyinizi qoruyub saxlamısınız, diplomatiyanız, diplomatik və siyasi gedişləriniz çox qərbyönümlüdür. Xüsusilə də, Rusiya ilə münasibətdə əsl müstəqillik nümayiş etdirirsiz və bu heç nəyə mane olmur. Sizin rəsmi diliniz Azərbaycan dilidir. Amma rus dili də orta məktəblərdə tədris olunur və rus məktəbləri də mövcuddur.
E.Ə: Bəli, siz keçmiş sovet respublikalarına nəzər salsanız, görərsiniz ki, gözəl əməkdaşlıq münasibətlərində olanlar da var, qarşılıqlı münasibətləri yaxşı olmayanlar da. Azərbaycan az ölkələrdəndir ki, indiyə qədər həm Rusiya ilə, həm də Qərb ilə normal münasibətləri var və özünün müstəqilliyə, dünyəviliyə olan istəyini daim bəyan edir. Bizim müstəqilliyə və dünyəviliyə olan sədaqətimiz, məhz, bizim yerləşdiyimiz regionda mövcud olan iri hərbi alyanslardan uzaq durmağımıza imkan verib.
L.P: Yeri gəlmişkən hərbçilərlə bağlı, nə qədər olmasa da, o raketlərin buraxıldığı platforma xeyli vaxtdır ki, sizdədir...
E.Ə: Xeyr, bu platforma bizdə deyil, o, Qazaxıstandadır. Siz Baykanurdan bəhs edirsiniz...
L.P: Bəli, Baykanur. Verilişdən əvvəl söhbətləşərkən, Bakının fransızların idarəçiliyinə verilmiş peykindən danışdınız.
E.Ə: Azərbaycan torpaqlarında heç bir dövlətin bir dənə də olsun hərbi qüvvəsi yoxdur. Bizdə Rusiyanın heç bir bazası - filan yoxdur. Bizim kosmik fəza proqramlarımıza gəldikdə isə, bizim Fransa ilə kosmosda əməkdaşlığımız ölkələrimiz arasında əməkdaşlığın mayakıdır, deyərdim. Fransa 2013-cü ildə bizim ilk telekomunikasiya peykimizin fəzaya çıxarılmasında bizə kömək edib. Fransanın Aerian-Espas şirkəti bu peyki uğurla fəzaya çıxardı. O vaxtan bəri daha iki peyk – müşahidə peyki və Telekomun peyki buraxılmışdır və bu layihə Fransanı bu sahədə bizim əsas tərəfdaşımıza çevirir.
L.P: Deməli, bu sahədə Fransadan başqa, digər tərəfin iştirakı yoxdur?
E.Ə. - Xeyr. Heç kəslə. Biz bu sahədə etibarlı tərəfdaş tapmaq marağında olmuşuq.
L.P: Yalnız Fransa ilə, bu səviyyədə Rusiya ilə heç bir əməkdaşlıq yoxdur?
E.Ə: - Bəli, elədir.
L.P: Bu sizin ölkənin əsl müstəqilliyinin göstəricisidir. Bu sahədə müəyyən təzyiqlər də omamış olmaz...
E.Ə: Bu layihə üçün tender elan olundu və Rusiya kimi, Ukrayna kimi bu sahədə təcrübəsi ilə tanınan dövlətlərin şirkətləri də həmin tenderdə iştirak etdilər.
L.P: Bu zaman Rusiyanın təzyiq etmək istəyini təsəvvür etmək olar.
E.Ə: Bu layihədə biz bir daha göstərdik ki, bizi maraqlandıran əsas amil milli maraqlarımızdır. Burada söhbət təkcə işin keyfiyyətindən getmirdi, söhbət həm də Fransa kimi etibarlı tərəfdaşdan gedirdi və biz bu əməkdaşlığı mühüm strateji əməkdaşlıq hesab edirik. Qeyd etmək lazımdır ki, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, üzümçülük, turizm kimi digər sahələrdə də Fransa şirkətlərinin çox önəmli iştirakı var. Bunlar elə sahələrdir ki, Fransa şirkətlərinin bu sahələrdə iştirakını gücləndirməyə ehtiyac vardır. Məhz, elə bu məqsədlə də ötən ilin dekabr ayında bizim ikitərəfli iqtisadi əməkdaşlıq komissiyamızın sessiyası keçirilib. Bu sessiyada ölkələrimiz arasında ticarət dövriyyəsini daha da artırmaq üçün prioritet sahələr müəyyənləşdirilib.
L.P: Konkret olaraq bunlar hansı sahələrdir?
E.Ə: Bizim üçün çox vacibdir ki, Fransa qeyri-enerji setorunun inkişafında fəal iştirak etsin. Mən qeyri-qaz, qeyri-neft sahələrini nəzərdə tuturam, çünki neft və qaz sahələrində, artıq, hər şey öz yerindədir.
L.P: Bəli, necə deyərlər, burada çevrə qapanıb...
E.Ə: Burada Fransa da yaxşı yerləşmişdir: Mən qeyd etdim, Total, Gaz de France, indi də ENGİ. Bu gün biz Fransa ilə çox böyük əhəmiyyətə malik olan və Xəzər dənizini Adriatik dənizi və Aralıq dənizi ilə birləşdirəcək qaz kəmərinin tikintisi sahəsində birgə işləyirik.
L.P: Ermənistan və Gürcüstan şirkətləri?...
E.Ə: Təəssüflər ki, xeyr. Neft-qaz ehtiyatlarının xaricə daşınması ilə məşğul olan heç bir infrastruktur Azərbaycanla olan münaqişə səbəbindən Ermənistandan keçə bilməz. Gürcüstan və Türkiyə isə Aralıq dənizinə qədər, bəli... TAP və TANAP qaz ixrac kəmərləri Xəzər dənizinin Azərbaycan sektorundan çıxarılan qazı Qərb bazarlarına, o cümlədən də İtaliyaya və Avropanın digər cənub və cənub-qərb ölkələrinə qədər çatdıracaq. Avropanın qaz təminatının effektli şəkildə şaxələndirilməsini təmin etmək üçün...
L.P: Bəli, İspaniya, artıq, yerini yaxşıca tutub...
E.Ə: Elədir. Mənə elə gəlir ki, məhz, bu istiqamətdə Avropa İttifaqının enerji təhlükəsizliyinin möhkəmlənməsinə öz töhfəsini verən Azərbaycanın rolunu qeyd etmək lazımdır. Elə buna görə də Avropa İttifaqı tərəfindən Azərbaycan strateji tərəfdaş hesab olunur.
L.P: Ermənistan ilə arada böyük münaqişə var. Sizin Prezident görüş zamanı, bu məsələni qaldırdımı? Məncə qaldırdı. Çünki Fransa bu münaqişənin həllində mühüm rol oynamağa çalışan vasitəçidir. Bizə baş verənlərlə bağlı və münaqişənin mənşəyi barədə bir qədər məlumat verərdiniz.
E.Ə: Təbii ki, Azərbaycanla Ermənistan arasındakı münaqişə ilə bağlı məsələ bu rəsmi görüşlərin gündəliyində yer alırdı. Dağlıq Qarabağ türk mənşəli söz birləşməsidir: “qara bağ” deməkdir. Dağlıq Qarabağ tarixin müxtəlif dönəmlərində mövcud olmuş Azərbaycan dövlətlərinin ərazisi olub. Qarabağ bölgəsi iki yerə bölünür: dağ Qarabağ və aran Qarabağ. Azərbaycan 1918-ci ildə Rusiya imperiyası dağılan zaman öz müstəqilliyini bəyan edəndə təbii ki, Qarabağ da demokratik Azərbaycan Respublikasının ərazisinə daxil idi. 1921-ci ildə bolşevik Rusiyasının qərarı ilə Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınmışdı. Beləliklə, Qafqaz bolşevikləri həm tarixi bağlar baxımından, həm də iqtisadi inkişaf baxımından həm dağ Qarabağın, həm də aran Qarabağın Azərbaycanın tərkibində qalmasının məqsədəmüvafiq olması barədə qərar qəbul etmişdi. Doğrudur, o dövrün erməni millətçiləri etiraz etdilər. Bunlara baxmayaraq, Dağlıq Qarabağ Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində qaldı. Sovet hökumətinin lap sonuna qədər – Qorbaçovun hakimiyyətə gəlişi, aşkarlıq, yenidənqurma layihələrini həyata keçirməyə başlayanda bəzi bölgələrdə separatizm cəhdləri baş qaldırdı. Bu, təkcə Azərrbaycanın Dağlıq Qarabağ bölgəsində deyildi, Gürcüstanda Abxaziya, Şimali Osetiya, Moldovada Dnestiryanı bölgədə və eləcə də keçmiş SSRİ-nin bir sıra digər bölgələrində də separatizm cəhdləri oldu. Ermənistan separatizmin yaratdığı qarışıqlıqlardan faydalanaraq tarixi Azərbaycan torpaqları olan Dağlıq Qarabağı ələ keçirmək üçün Azərbaycana qarşı ərazi iddiları ortaya qoydu. 1988-ci ildə başlayan və 1994-cü ilə qədər davam edən silahlı toqquşmalar nəticəsində ermənilər təkcə Dağlıq Qarabağı deyil, həmçinin ona bitişik yeddi bölgəni də işğal etdi. Burada söhbət sərhədləri beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqların 20%-nin işğalından gedir. Problem yalnız ərazilərin işğalı ilə bitmir: bu münaqişə nəticəsində təxminən 1 milyon nəfər öz doğma ocaqlarından qovulub, ermənilər azərbaycanlılar yaşayan ərazilərdə etnik təmişləmə siyasəti həyata keçiriblər və əsl humanitar katastrof baş verib. Nəticədə, Ermənistan ərazilərində yaşayan 250 min azərbaycanlı öz yurd-yuvasından qovularaq qaçqına çevrilib, 750 min azərbaycanlı isə Dağlıq Qarabağdakı və ətraf bölgələrdəki ev-eşiklərindən qovularaq məcburi köçkünə çevriliblər. Təsəvvür edin, o dövrdə - 25 il bundan əvvəl Azərbaycanın 8 milyon əhalisi var idi. Yəni hər səkkizinci azərbaycanlı ya qaçqına, ya da ki, məcburi köçkünə çevrilmişdi. Təəssüflər olsun ki, burada - Fransada nə bu münaqişədən, nə də ki, onun nəticələrindən danışılmır. Təsəvvür edin, 21-ci əsrin başlanğıcında nələr baş verir.
L.P: Fransa bu münaqişədə sülh danışıqları üçün vasitəçilik edir.
E.Ə: Fransanın vasitəçi rolunu dəyərləndiririk, bu haqda bir qədər sonra danışacağam. Beləliklə, düşünürəm ki, azərbaycanlılara qarşı təşkil olunmuş etnik təmizləmə siyasətinin kulminasiyası olan Xocalı qırğınını unutmaq olmaz. Bu soyqırım 1992-ci ilin 26 fevralında təşkil olunmuşdu: bir gecə ərzində 613 mülki şəxs - uşaqlar, qadınlar, qocalar amansızcasına yalnız bircə səbəbə - azərbaycanlı olduğuna görə qətlə yetirilib. Mənə elə gəlir ki, bir məlumat da sizin auditoriya üçün maraqlı ola bilər: Ermənistanın prezidenti Serj Sərkisyan martın 8-də, bizim Prezidentin Parisə səfərindən altı gün əvvəl prezident Olland tərəfindən qəbul edilmişdi. Xocalı soyqırımına bu adam şəxsən özü rəhbərlik etmişdi, çünki o dövrlərdə Dağlıq Qarbağda separatistlərin rəhbəri o idi. O bunu Qərb jurnalistləri qarşısında da açıq şəkildə etiraf etmişdi. Təsəvvür edin, 21-ci əsrin başlanğıcında iki müstəqil ölkədən biri digərinin torpaqlarını işğal edib. Siz sual verə bilərsiniz ki, bu necə ola bilər? Bu sual da cavabını gözləyir: necə olur ki, BMT TŞ-nın 1993-cü ildə qəbul edilmiş və bu günə kimi də yalnız kağız üzərində qalan dörd qətnaməsi icra olunmamış qalır. Bildiyiniz kimi, BMT TŞ-nın qətnamələri məcburi xarakterlidir. Bəs, niyə icra olunmur? Çünki Ermənistan bütövlükdə dünya ictimaiyyətinin rəyinə məhəl qoymur. Bu qətnamələri oxusanız görərsiniz ki, orada deyilir ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal edib, Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının qanunsuz işğalını və mülki əhalinin qovulmasını pisləyir. Qətnamələrin tələbinə görə, Ermənistan heç bir şərt qoymadan işğal etdiyi əraziləri dərhal tərk etməlidir və mülki əhali dərhal öz yerlərinə qayıtmalıdırlar. Bəs, necə olur ki, bu qətnamələr icra olunmamış qalır? Təəssüflər olsun ki, bu məqamda biz ikili yanaşma ilə üzləşirik. Dünyanın elə münaqişə baş vermiş bölgəsi var ki, BMT-nin qərarı bir həftə ərzində həyata keçirilir. Bu 25 il ərzində konsensus şəklində - həm Fransanın, həm Rusiyanın, həm də digərlərinin razılığı ilə qəbul edilmiş bu dörd qətnamə isə icra olunmamış qalır. Qayıdaq Fransanın roluna. Fransa bizim Ermənistanla aramızda olan bu münaqişədə vasitəçi rolunu 1997 -ci ildən öz üzərinə götürmüşdür. Bu il, artıq, 20 ildir ki, Fransa vasitəçi rolunu üzərinə götürüb. Rusiya və ABŞ ilə birlikdə. Çünki ATƏT-in Minsk Qrupu deyilən qurumunun üç həmsədri var. Auditoriyanız üçün qeyd edim ki, bu qrup o zamanlar Qarabağ münaqişəsinin həlli yollarının müzakirə olunma məkanı elan olanmuş Minsk şəhərinin şərəfinə belə adlandırılıb. Təəssüflər olsun ki, burada qəbul edilmiş qərarlar həyata keçirilməmişdir. İndi “nə müharibə, nə sülh” vəziyyəti davam edir. Burada nə qəbul olunması, nə də saxlanması mümkün olmayan bir status-kvo var. Məsələn, bir il öncə - ötən ilin aprel ayındakı döyüşlər də göstərdi ki, sülh necə kövrəkdir. Cənab Olland prezident Obama və prezident Putin ilə birlikdə bəyan etdi ki, status - kvo bu şəkildə qalmaqda davam edə bilməz. Bu işğal qəbul edilə bilməz, buna dözmək olmaz. Təəssüflər olsun ki, “fağır, zülmə məruz” imicli ermənilərə bəslənən münasibətdən sui-istifadə edən Ermənistan bu bəyanatı qulaqardına vurur. Təəssüflər olsun ki, yüz il qabaq da belə olmuşdu. Azərbaycanın Fransadakı səfiri olaraq Fransa administrasiyasına bizə kömək etdiyinə görə minnətdarlıq edirəm. Cənab Prezident Holland şəxsən özü məşğul olaraq 2014-cü ildə Azərbaycanın və Ermənistanın dövlət başçılarının Parisdə zirvə görüşünü təşkil etdi. O hər iki tərəfə köklü məsələlərdə razılığa gəlminməsi üçün müraciət etdi. Təəssüflər olsun ki, bu görüşdən iki gün sonra Ermənistan döyüş bölgəsində atəşkəsi yenidən pozdu. Bu, sülh prosesinə vurulmuş bir şillə idi. Mən Ermənistana müraciət edərək demək istəyirəm ki, tarixi nə qədər saxtalaşdırsalar da, nə qədər özlərindən “yazıq, qurban” obrazı yaratsalar da, Qarabağı işğal altında uzun müddətdə saxlaya bilməyəcək. Mənə elə gəlir ki, bu vasitəşiliyi öz üzərinə götürmüş böyük dövlətlər status - kvonu möhkəmləndirməyə çalışan Ermənistana təzyiq göstərməlidirlər, çünki bir xeyli müddətdir ki, Ermənistan bütün danışıqlardan qaçır. Danışıqlarda heç bir iş getmir. Adətən, münaqişənin həllində sülh yolu ilə danışıqlar bir nəticə verməyəndə hərbçilər iş başına keçirlər. Bu, çox təhlükəlidir. Azərbaycan sonsuz olaraq bu işğala dözməyəcək. Nə qədər olmasa da yerlərdə müəyyən bir reallıq var. Bu gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün büdcəsindən böyükdür. Bu, o demək deyil ki, biz müharibə istəyirik, amma bizim torpaqlarımız qanunsuz işğal altında qalıb.
L.P: Nə baş verdi ki, ermənilər gedib 613 nəfər mülki şəxsi qətlə yetirdilər? Axı erməni ərazilərində yaşayan digər azərbaycanlılar var.
E.Ə: Cənab Pultye, ermənilərin Xocalı soyqırımını törətməkdə niyyəti o torpaqlarda azərbaycanlıların kökünü kəsərək başlamış olduqları etnik təmizləmə işlərini başa çatdımaq idi. Axı, onların bu torpaqlara olan iddialarının heç bir əsası yoxdur.
L.P: Deməli, ermənilər ora əhalini köçürtmək üçün gəlmişdilər.
E.Ə. - Onlar bu gün də həmin siyasəti davam etdirirlər. Azərbaycanlıların silah gücünə qovulduğu ərazilərdə bu gün onlar Suriyadan, İraqdan gətirilmiş erməni əhalini məskunlaşdırırlar. Beləliklə də onlar demoqrafik durumu dəyişmək istəyirlər. Bu isə beynəlxalq humanitar hüquqa görə tam qanunsuz ilhaqdır. Siz din amili barədə də soruşdunuz. Mən bu münaqişənin bu cür interpretasiyasının tam əleyhinəyəm. Bu münaqişə başlayandən bəri din faktoru heç vaxt əsas səbəb olmayıb. Bu faktor qərbdə erməni lobbisinin fəaliyyəti nəticəsində yaranmış yanlış təsəvvürdür. Dediyiniz kimi, Ermənistan xristian, Azərbaycan isə müsəlman dövləti hesab olunur və qərbdə ermənilərə bir rəğbət var.
L.P: Siz deyirsiniz ki, əvvəl din faktoru olmayıb, amma indi var?
E.Ə: Tamamilə doğrudur. Manipulyasiya edilir. Elə ki, ermənilər gördülər ki, işğal edilmiş ərazilərin boşaldılması istiqamətində beynəlxalaq səviyyədə güclü təzyiqlər var, mən BMT TŞ-nın 1993-cü il tarixli qətnamələrini nəzərdə tuturam, - başqa yollarla böyük güclərin rəğbətini qazanmağa çalışdılar. Həmin dövlətlərin də əksəriyyəti xristian dövlətləridir.
L.P: İstəsəniz bu məqama bir də qayıdarsınız. İndi isə bilmək istərdim ki, ermənilərin bu torpaqlara iddialarının əsasında nə durur?
E.Ə: Ermənilər iddia edirlər ki, guya bu torpaqlar tarixi erməni torpaqlarıdır. Tarixçilər sizə bunu sübut edə bilərlər ki, bu, həqiqətin tam əksidir. Mən sizə nümunələr göstərdim, istəsəniz yenilərini də təqdim edə bilərəm.
L.P: Siz dediniz ki, bu ərazilərdə çoxlu sayda balaca əyalət dövlətçikləri olub...
E.Ə: Bilirsinizmi, Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Bu yaxınlarda ermənilər işğal olunmuş ərazilərdə türk sözü olan “Dağlıq Qarabağ” adının özlərinin düşündüyünə görə, guya erməni sözü ilə əvəzlənməsi üçün referendum keçirdilər. Əslində onların təklif etdiyi bu yeni söz də elə türk sözüdür. Bu ərazilər tarixən Azərbaycana məxsus olub. Çoxlu sayda rəvayətlər, hekayələr, tarixi sənədlər göstərir ki, Dağlıq Qarabağ həmişə Azərbaycanın ürəyi olub. Bu işğalın əbədiləşməsinə, torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt dözümlülük göstərməyəcəyik. Azərbaycan sülh siyasəti yeridir. Biz müharibənin yenidən alovlanmasını, yenidən hər iki tərəfdən qurbanlar verilməsini istəmirik. Elə buna görə də Fransa, Rusiya və ABŞ bizə stol arxasında əyləşib kompromis variantlar axtarmağı təklif edəndə biz hər dəfə hazır olduğumuzu bildirmişik. Amma hər dəfə görəndə ki, sülh üçün edilmiş hər bir cəhd ya hərbi əməliyyatların yenidən fəallaşması, danışıqların pozulması yolu ilə, ya status-kvonun möhkəmləndirilməsinə yönəlik hansısa tədbirlərin düzənlənməsi ilə, məsələn, bölgəyə seçkili orqan üzvlərinin, o cümlədən də fransızların səfərlərinin təşkil olunması, Azərbaycanın işçal altındakı ərazisində yerləşən şəhərlərin Fransa icmalarına aid şəhərlərlə “qardaşlaşdırılması” və ya da digər yollarla pozulur, bir daha anlayırsan ki, ermənilər sülhə nail olmaq istəyindən nə qədər uzaqdırlar. Beləliklə, də onlar vaxt qazanmaq istəyirlər.