"Azərbaycan aprelin sonunda Avropa İttifaqı ilə yeni ikitərəfli razılaşma üzrə danışıqlara başlayacaq".
XİN-dən Teleqraf.com-a verilən məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 12-də Varşavada Vişeqrad qrupu və "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Aİ qonşuluğunda geosiyasi və təhlükəsizlik dəyişiklikləri və çağırışları fonunda Avropa İttifaqı ilə dialoqun gücləndirilməsi Azərbaycanın prioritetləri sırasındadır: "Son illərdə "Şərq Tərəfdaşlığı"nın ikitərəfli və çoxtərəfli istiqamətləri avropalı tərəfdaşlarla təcrübələrin bölüşülməsi və ən yaxşı praktikanın mübadiləsində faydalı vasitə olduğunu sübut edib. Azərbaycan üçün ən mühüm element ondan ibarətdir ki, yeni razılaşma kifayət qədər aydın şəkildə Avropa İttifaqının Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyi və hörməti və bu mövqeyə uyğun fəaliyyətə sadiqliyi əks etdirir. Bu da xüsusilə 2016-cı il Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasında əks olunub. Azərbaycanın, eləcə də "Şərq Tərəfdaşlığı"nın digər ölkələrinin ərazi bütövlüyünə hörmət yalnız bizim maraqlarımız üçün deyil, həmçinin Avropa İttifaqının da maraqlarına uyğundur və regionun inkişafı üçün önəmlidir".