İzzət Bağırovun prodüseri Elçinin məclis iştirakçısı Novruz Aslanlını beşbarmaqla vurması məsələsi həqiqətdirsə, görüntüləri ortaya çıxarsınlar.
Bu sözləri müğənni İzzət Bağırovun vəkili Ceyhun Yusifov Teleqraf.com-a açıqlamasında deyib.
Onun sözlərinə görə, hadisə baş verən restoranın müşahidə kamerası var: “O kameradan əlavə, məclis sahiblərinin öz şəxsi kameraları və muzdlu operatorları olub. Əgər Elçin onları beşbarmaqla vurubsa, niyə həmin görüntüləri ictimaiyyətə təqdim eləmirlər? Operator İzzətin olmayıb ki, bunların öz operatoru olub. Göstərsin, görək nə çəkib. Belə bir şey olsa, o kadrları dərhal üzə çıxarardılar”.
Ceyhun Yusifov məsələ ilə bağlı istintaq işlərinin davam etdiyini bildirib:
“Hazırda Nizami rayon polis idarəsinin istintaq şöbəsindəyəm. Araşdırmalar davam edir. Müvafiq ekspertizalar təyin edilir. Nəticələrinə dair məlumat veriləcək”.
Ceyhun Yusifov İzzət Bağırovun özünün və onun xahişi ilə Cavanşir Məmmədovla Firuzə İbadovanın da zərərçəkmişi ziyarət etməsi məsələsinə aydınlıq gətirib:
“İzzət Bağırovun yaralını ziyarət etməsinə gəldikdə, ziyarətin mənfi tərəfi var ki?! İzzət insanlıq edib. Ziyarət qüsur deyil ki?! Ziyarət xoş bir hadisədir.
Cavanşir Məmmədovun və Firuzə İbadovanın da xəstəxanaya gəlməsi, həmin yaralını ziyarət etməsi doğrudur. Amma nə bilirsiniz ki, onu İzzət göndərib? Cavanşir Məmmədov və Firuzə İbadova dəyərli sənətkarlarımızdır. Bu sənətkarlar Qurban bayramı ərəfəsində onlarla insanı ziyarət ediblər. Onlardan biri də həmin yaralı şəxs olub. Bu qədər...”
Xatırladaq ki, avqustun 31-də “Neolit” restoranında baş tutan məclisdə operator müğənni İzzət Bağırovu yox, qonaqları çəkdiyi üçün o, etirazını bildirərək, mikrofonu qoyub gedib. Müğənninin bu hərəkəti məclis təşkilatçılarının xoşuna gəlməyib. Elməddin Nəbiyev ilə müğənni arasında gərginlik yaşanıb. Davaya qoşulan qonaqlardan Novruz Aslanlının İzzətin prodüseri Elçin tərəfindən başından yaralandığı deyilir. Gərginliyin artdığını görən ailə üzvləri davaya müdaxilə ediblər. Məclis iştirakçıları ilə İzzət Bağırov arasında yaranan gərginlik daha sonra kütləvi davaya çevrilib.