2018.01.04 23:36
Goranboy rayonunda bir nəfərin ölümü, 4 nəfərin bıçaqlanması ilə nəticələnən kütləvi davanın səbəbi məlum olub.
Rayonun Dəliməmmədli şəhərində yerləşən "Kral" marketə bir qrup şəxs hücum edib. Bu zaman marketin əməkdaşları ilə hücum edən şəxslər arasında mübahisə yaranıb. Mübahisə zamanı marketə hücum edən şəxslər oradakı əməkdaşlardan 5 nəfərini bıçaqlayıblar. Bıçaqlanan şəxslərdən biri - Dəlməmmədli şəhər sakini, 1996-cı il təvəllüdlü Zülfüqar Əbili oğlu Cəbrayılov Abbas Səhhət adına Xəstəxanaya aparılarkən yolda ölüb. Ağır bıçaq yarası alan digər 4 nəfər - 1995-ci il təvəllüdlü Hətami Anar Azad oğlu, 1993-cu il il Nicat Əliyev, 1995-ci il təvəllüdlü Zeynalabdin Həsənov və 1993-cü il təvəllüdlü Fəxrəddin Məmmədov Gəncə şəhərindəki xəstəxanalara yerləşdiriliblər.
11:03
Məlumata görə, hadisə marketə hücum edən şəxslərdən birinin orada işləyən qadına əxlaqsız təklif etməsi üstündə baş verib.
İlkin məlumata görə, hadisəni Goranboy rayon sakini, 1995-ci il təvəllüdlü Rəvan Şəfran oğlu İsmayılov bir neçə nəfərlə əlbir olaraq törədib.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 29,120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
***
12:45
Goranboyda ölümlə nəticələnən kütləvi davaya görə 4 nəfər tutulub.
olis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakinləri – Ülvi Hasilov, Samir Rəsulov, Ağdaş rayon sakini Rüfət Abdullayev və Yevlax rayon sakini Elməddin Sultanov tutulub, daha bir nəfər isə müəyyənləşdirilib.
Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.
***
Daxili İşlər Nazirliyi Göranboy rayonunda baş verən cinayətlə bağlı rəsmi açıqlama yayıb.
Teleqraf.com xəvər verir ki, yanvarın 4-də Goranboy rayonunun Dəliməmmədli şəhərindən rayon sakinləri Zülfi Cəbrayılov, Zeynalabdin Həsənov, Fəxrəddin Məmmədov, Anar Hətami və Nicat Əliyev kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib, Z.Cəbrayılov orada ölüb.
Goranboy rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakinləri Ülvi Hasilov, Samir Rəsulov, Ağdaş rayon sakini Ürfət Abdullayev və Yevlax rayon sakini Elməddin Sultanov saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.
***
Goranboy Rayon Prokurorluğu və rayon polis şöbəsi birgə məlumat yayıb.
Yanvarın 4-də saat 21 radələrində Goranboy rayon sakinləri Rəvan İsmayılov və digərlərinin ictimai qaydanı kobud surətdə pozaraq rayonun Dəliməmmədli şəhəri ərazisində aralarında yaranmış mübahisə zəminində Elxan Həsənova, Fəxrəddin Məmmədova, Anar Hətəmiyə, Nicat Əliyevə və Zülfüqar Cabbarova bıçaqla müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirməsi, nəticədə sonuncunun aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin olunub.
Prokurorluq və polis orqanları əməkdaşlarının birgə həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni xuliqanlıq zəminində törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü R. İsmayılov tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayətin digər iştirakçılarının dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.