Bakının Xətai rayonunda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, aprelin 16-da gecə saat 03.00-da Xətai rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birinə gələn iki maskalı şəxs orada operator işləyən 3 nəfəri tapançaya oxşar əşya ilə hədələyib, onlardan 867 manat pul alaraq hadisə yerini tərk edib.
Məlumat polisə daxil olan kimi Bakı şəhər Baş Polis İdarəsi və Xətai rayon Polis İdarəsi əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb.
“İsti izlər”lə hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - Həsən Mansurov və əvvəllər məhkum olunmuş Bəxtiyar Camalov saxlanılıblar.
Onlardan birinin yaşadığı evə baxış zamanı oradan hadisə vaxtı istifadə etdikləri oyuncaq tapança və maska aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.