Qusar rayonunda avtoxuliqanlıq edən şəxsin barəsində tədbir görülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, bir neçə gün əvvəl Qusar rayonunda toy karvanında iştirak edən bir gəncin hərəkətdə olan avtomobillərə məhəl qoymayaraq avtoxuliqanlıq etməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Qusar rayon polis şöbəsinin dövlət yol polis bölməsində məsələ ilə bağlı aparılan araşdırmalar nəticəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər hərəkət iştirakçılarına açıq hörmətsizlik edən gəncin şəxsiyyəti müəyyənləşdirilib.
Araşdırmalarla, İnfiniti G35 markalı 10-XO-038 dövlət nişanlı avtomobillə xuliqanlıq etmiş gəncin Məhəmməd Qədimov olması məlum olub.
Məhəmməd Qədimov polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində inzibati qaydada protokol tərtib olunub.
Bununla əlaqədar Qusar rayon Məhkəməsi tərəfindən müvafiq qərar qəbul edilib.
Bir daha qeyd etmək istəyirik ki, toy karvanlarında avtoxuliqanlıq edərək digər şəxslərin həyatını riskə atmaq qəbuledilməzdir və hərəkətlər ətrafdakı insanlara qarşı hörmətsizlik göstəricisidir.