Rusiyanın paytaxtı Moskvada qorxunc bir olay təhlükəsizlik kameralarının obyektivinə tuş gəlib. Kameralar bir restoranın həyətində orta yaşlı bir kişinin qadını döyməsini qeydə alıb.
Görüntülərdən məlum olur ki, ətrafda çoxlu insan olsa da, heç kəs qadını kişinin əllərindən almağa cəhd etmir. Qadın isə şiddətli zərbələrdən yerə yıxılıb, ayağa qalxmaq cəhdləri də baş tutmur. Çətinliklə qalxıb yaxınlıqdakı yelləncəkdə əyləşir, lakin əsəbləri tarım çəkilmiş kişi bu dəfə onun üzünə ayağı ilə zərbə endirir.
Teleqraf.com xəbər verir ki, olayın təfərrüatı Mariya Syaçina adlı qadının “Rossia” telekanalında yayımlanan bir proqrama qatılmasından sonra məlum olub.
Qadın hadəsinin 2017-ci ildə baş verdiyini və onu şiddətə məruz qoyan şəxsin isə Rusiyada yaşayan azərbaycanlı milyonçu, iş adamı Ziyafət Kərimov olduğunu iddia edib.
Mariya Syaçina Kərimovun nikahdan kənar yaşadığı qadındır. İş adamı evlidir və övladları var. Mariya ilə isə 15 ildir bir yerdə yaşayır.
Mariya indi öz həyatı və övladları üçün qorxur.
Qadın iş yerində döyülüb. Ziyafət Kərimov restoranın sahibidir. Hadisə isə Mariya və Kərimovun işdən sonra öz dostları ilə spirtli içki qəbul etdikdən sonra baş verib.
Hadisəyə səbəb milyonçunun Mariyanı öz dostlarından birinə qısqanması olub. Hadisənin səhəri gün qadın Moskvanı tərk edib getsə də, təhdid edildiyi üçün ondan qorxduğunu deyib.
Ziyafət Kərimov isə iddiaları rədd edir və olayı tamamilə başqa formada təsvir edir: “Bir kafedə oturduq, mənimlə çox pis rəftar etməyə başladı. Buna görə əsəbiləşdim, sakitləşmək üçün siqaret yandırdım. Lakin dayanmadı, mənə qarşı hücuma keçdi. Səhəri gün gül aldım, evinə gedib üzr istədim”.
Lakin buna baxmayaraq, Mariya Syaçina Kərimovdan polisə şikayət verməyib.