"Ermənistanın daxilində baş verən iqtisadi geriləmələr Dağlıq Qarabağa da təsir etdi. Qondarma qurumun rəhbərləri qarşıdan gələn il üçün büdcənin hazırlığı prosesində bəyan etdilər ki, Ermənistandan Dağlıq Qarabağa ayrılan yardımın miqdarı azalacaq. Ona görə heç bir nazirlik büdcədən maliyyələşmək üçün yeni layihələr etməməlidir". Trend xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
O qeyd edib: "İqtisadiyyatın qanunları ermənilərə tabe deyil, ola bilər iqtisadiyyat səhv edir, ermənilərlə çox oturub dursaydı iqtisadiyyat da ABŞ diplomatları kimi erməniyə çevrilib, əyri erməni düşüncəsinin daşıyıcısı ola bilərdi. Amma hələ ki, iqtisadiyyat və ermənilər hər birisi ayrı-ayrılıqda öz qanunları ilə yaşayırlar. Cari proseslərə qiymət və ya şərh verən erməni rəsmiləri və siyasətçilərinə bir az uzağa baxmağı məsləhət görərdik. 1988-ci ildə ermənilər xeyli güclü idi. SSRİ nazirlər sovetinin sədri N.Rıjkov Spitak zəlzələsi adı ilə Ermənistanın iki illik dövlət büdcəsi qədər vəsaiti Ermənistana ayırdı. Dağlıq Qarabağ münaqişəsi başlayarkən ABŞ-dan Ermənistana yardım karvanı açılmışdı. Bu prosesə ABŞ-ın yüksək çinli rəsmiləri, hətta ata Corc Buşun oğullarından biri rəhbərlik edirdi. Ermənilərə ağılagəlməz dərəcədə geosiyasi dəstək verilirdi. Bütün dünya erməniləri bir yumruq kimi birləşmişdilər. Nəticədə təxminən 10 milyard dollarlıq maliyyəni, ondan qat-qat böyük geosiyasi dəstəyi və bundan da qat-qat güclü erməni həmrəyliyini Dağlıq Qarabağ münaqişəsinə xərclədilər".
Politoloq bildirib ki, indi Ermənistanın borcu 10 milyard dollara yaxınlaşır. Dünya erməniliyinin ən az xoşladığı dövlətlərdən biri Ermənistandır. Ermənistanın heç bir geosiyasi müttəfiqi yoxdur: "Ermənistan üçün ən faciəvi məsələ orasındadır ki, Ermənistanın inkişaf perspektivləri sıradan çıxdı. Ermənistan iqtisadi baxımdan geriləyir. İqtisadi inkişaf tempi hətta dövlət borcunun faizini ödəməyə imkan vermir. Əhali köçüb gedir. Ölənlərin sayı doğulanların sayını xeyli üstələyib. Hətta nəzəri cəhətdən hansısa bir dövlət və ya qurum Ermənistana kredit ayırsa da belə bu, yalnız indiki vəziyyəti konstatasiya edə bilər. Ermənistanın indiki vəziyyəti isə çox biabırçı haldadır. Bu Ermənistanın qəbul etmədiyi iqtisadiyyatın və təbiətin qanunlarının öz axarı ilə davamının yaratdığı mənzərədir".
M.Əhmədoğlu deyib ki, ermənilər öz qanunları ilə deyil, hamı tərəfindən qəbul olunmuş qanunlar əsasında fəaliyyət göstərsəydilər belə nəticə alınmazdı: "Eyni prizmadan Dağlıq Qarabağa da yanaşmaq lazımdır. Dağlıq Qarabağa külli miqdarda Ermənistandan və dünya erməniliyindən vəsait daxil olmuşdu. Dağlıq Qarabağdakı yerli ermənilər və Ermənistanın bəzi işbazları Azərbaycanın işğal olunmuş ərazilərini soyub talayıb, özləri üçün ilkin kapital yaratmışdılar. Demoqrafik proseslərə süni müdaxilələr etdilər. Bu da son nəticəsi. Hətta rəsmi yaydıqları rəqəmdə Dağlıq Qarabağda yaşayan ermənilərin sayını artıra bilmirlər; 137 min nəfər rəqəmini 7-8 ildir işlədirlər".
Politoloq bildirib ki, Dağlıq Qarabağdan miqrasiya başlayıb: "Bu, bir neçə yüz nəfər erməni olmaqla çox kiçik rəqəmdir, amma başlayıb. 3-4 ildən sonra tamam fərqli rəqəmlər səslənə bilər. Dağlıq Qarabağda ən mütərəqqi zavod və ya texnologiya meşədə ağacların qırıntılarını briket halına salan zavod və ya texnologiyadır. Bitki yağı istehsal edən zavodları da vardır. Ermənistandan gələn vəsaitin və Azərbaycanın işğal edilmiş ərazilərindəki mülklərin satılmasından, o cümlədən İrana satılmasından əldə olunan gəlir əsasında qurulan ilkin kapital sıradan çıxdı. İndi Dağlıq Qarabağdakı bütün evlər ermənilərin yaratdığı bankların girovudurlar. Hər halda harada yaşamağından asılı olmayaraq erməni ermənidir. Öz düşüncə tərzi və qanunları var. Dağlıq Qarabağ da beynəlxalq qanunlara, iqtisadi normativlərə və təbiətin qanunauyğunluqlarına uyğun olmayan fəaliyyət göstərdiyi üçün belə vəziyyətə düşməli idi. Amma ola bilərdi ki, bu proses bir az yubansın. Çirkli, qara maliyyə sxemləri kömək edə bilərdi. Sadəcə Serj Sarkisyanın xarabalıq psixologiyası Ermənistanın xaraba qalma xəstəliyini qısa zaman ərzində Dağlıq Qarabağa yoluxdurdu".