18 Sentyabr 2014 13:09
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqtondakı aparıcı analitik mərkəzlərdən biri olan Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzində “ABŞ-Avropa Transatlantik İttifaqı: Ukrayna böhranı kontekstində NATO zirvə toplantısı və enerji təhlükəsizliyinin dəyərləndirilməsi” adlı tədbir təşkil edilib.

Bu barədə Teleqraf.com-a Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib. Tədbirdə ABŞ Konqresinin üzvləri Maykl Törner və Uilyam Kitinq, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Litvanın ABŞ-dakı səfiri Ziqimantas Pavilionis və Avropa İttifaqının ABŞ-dakı nümayəndəliyinin rəhbər müavini Fransua Rivasso çıxış edib.

Akademik və rəsmi dairələrdən çoxsaylı nümayəndələr, ictimaiyyət və media mənsublarının iştirak etdiyi tədbirdə sentyabrın 4-5-də Uelsdə baş tutmuş NATO zirvə toplantısının nəticələri və Ukrayna hadisələri zəminində Avropa enerji təhlükəsizliyinin gücləndirilməsi imkanları ətrafında müzakirələr aparılıb.
Səfir E.Süleymanov Azərbaycanın bütün dövlətlərin ərazi bütövlüyü, suverenlik və müstəqilliyinə hörmət üzərində qurulmuş prinsipial xarici siyasət yürütdüyünü və digər dövlətlərdən də ölkəmizə qarşı eyni yanaşmanın nümayiş etdirilməsinin zəruriliyini vurğulayıb.

Uels sammitinin nəticələrindən söhbət açan azərbaycanlı diplomat Azərbaycan tərəfinin NATO-nun yekun bəyanatında bir daha ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə etməsindən məmnun olduğunu və bu kontekstdə alyansa üzv dövlətlərin öz siyasətlərində davamlı və birmənalı yanaşma nümayiş etdirməsinin vacibliyini ifadə edib.

Digər çıxışçılar da Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində və enerji təminatının diversifikasiyasında Azərbaycanın müsbət rolunu vurğulayıblar.

Konqresmenlər Maykl Törner və Uilyam Kitinq Avropanın enerji təminatının diversifikasiyasında ən əsas təşəbbüs qismində Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.

Mərkəzin enerji və milli təhlükəsizlik proqramının direktoru və enerji məsələləri üzrə tanınmış mütəxəssis Sara Ladislav Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına malik olduğunu və ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində müsbət rol oynaya biləcəyini bildirib.

Tədbir çərçivəsində regionda cərəyan edən digər proseslər və mövcud təhlükəsizlik çağırışları müzakirə edilib, habelə baş verən hadisələr kontekstində Uels zirvə toplantısında NATO tərəfdaş dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə birmənalı dəstək ifadə olunmasının çox vacib olduğu xüsusi vurğulanıb.

Səxavət


Müəllif: