Baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov qətnamənin qərəzli və qeyri –obyektiv olduğunu deyib. O, Avropa Parlamentinin bəzi deputatlarının «dar məqsədlər güdən təşəbbüsünü dəstəkləmək kimi səhv yol tutduğunu» bildirib:
«Son illərdə Azərbaycanın sürətli inkişafı, insanların rifahının yaxşılaşması, fundamental hüquq və azadlıqlarının qorunması Avropa Parlamentinin hər bir üzvünə yaxşı məlumdur. Onların böyük bir hissəsi dəfələrlə Azərbaycanda olublar. Avropa parlamentarilərinə yaxşı məlum olan digər həqiqət isə Ermənistanın təcavüzü nəticəsində yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün kütləvi surətdə pozulan hüquqlarıdır.
Təəssüf ki, onların hüquqlarının qorunması, öz doğma yurd-yuvalarına qayıtması barədə qətnamə müəllifləri hər hansı tələb irəli sürmür».
Baş nazirin müavini qurumun «həqiqətə uyğun olmayan, mahiyyəti təhrif edilmiş faktlar əsasında Azərbaycana qarşı ittihamlar irəli sürməsini ədalətsizlik» adlandırıb:
«Hüquqi anlayışlar heç zaman siyasi anlayışlara, ələlxüsus siyasi konyunkturaya qurban verilməməlidir».
Əli Əhmədov bildirib ki, Azərbaycan müstəqil dövlətdir və taleyini özü həll etmək haqqına sahibdir. «Avropa Parlamentinin bəzi üzvlərinin düşündüyü formada Azərbaycana təsir göstərmək, onun daxili işlərinə qarışmaq mümkün deyil» deyə baş nazirin müavini fikrini yekunlaşdırıb.